ABŞ Prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkilməsi dünya maliyyə bazarına təsirsiz ötüşməyəcək. Analitiklər bir məsələdə həmfikirdirlər: Co Baydenin prezidentlik yarışından çıxması ABŞ və dünyanın maliyyə bazarlarında volatilliyin (qeyri-sabitliyin) artmasına səbəb olacaq. Bu məsələ ilə bağlı “Yahoo Finance” nəşri ekspertlər arasında sorğu keçirib. Respondentlərin böyük əksəriyyəti bazar dalğalanmalarının artacağını söyləyib.
“Impact Health USA” şirkətinin baş direktoru Coş Tompson “Yahoo”ya izah edib ki, investorlar sabitlik axtarırlar. “Baydenin prezidentlik yarışından çıxması kimi kəskin siyasi dəyişikliklər bazarlara mənfi təsir edir, qeyri-müəyyənliyi artırır. İlk reaksiya səhmlərlə bağlı olacaq. Onların bazar qiymətləri kəskin dəyişə bilər”.
“WinCap Financial”ın qurucusu və baş icraçı direktoru Maykl Kollinz də bu fikri təkrarlayıb. O, lider dəyişikliyi səbəbindən bazarda daha çox qeyri-müəyyənlik və dəyişkənliyin ola biləcəyini söyləyib. “Baydenin gedişi Trampın qələbəsini təmin edəcək”.
Lakin “Orion” şirkətinin baş investisiya direktoru Timoti Holland Harrisin Trampa nisbətən daha zəif namizəd kimi qəbul edildiyi ilə razılaşaraq, bunun Trampın vergi endirimi siyasəti səbəbindən Uoll-ctritdə (aparıcı maliyyə qurumlarının qərargahlarının yerləşdiyi küçə) artımlara səbəb ola biləcəyini söyləyib. Onun sözlərinə görə, Trampın siyasəti ABŞ iqtisadiyyatına təsir edəcək, şirkətlərin qısa və ortamüddətli perspektivdə daha yüksək mənfəət əldə etməsinə səbəb olacaq. Bu da səhm qiymətlərinin yüksəlməsinə kömək edəcək.
“Veda” investisiya firmasının həmtəsisçisi Stefani Von da hesab edir ki, son nəticədə Baydenin yarışdan geri çəkilməsi ABŞ-ın fond bazarına müsbət təsir göstərəcək. “Kamala Harrisin Demokratlar Partiyasından prezidentliyə namizəd seçimi, şübhəsiz ki, Trampın qalib gəlmə ehtimalının daha yüksək olduğu bir vəziyyət yaradacaq. Tramp açıq şəkildə iqtisadi artımı və innovasiyaları müdafiə edir. İnvestorlar, demək olar ki, bundan faydalanacaqlar”.
Bir çox ekspertlər artan qeyri-müəyyənlik şəraitində qızıl və gümüşün xüsusi maraq doğurduğunu iddia edirlər. Məsələn, Amerika İqtisadi Tədqiqatlar İnstitutunun baş iqtisadçısı Peter Earl deyib: “Vəziyyət aydınlaşana qədər investorlar təhlükəsiz sığınacaq axtaracaqlar ki, bunlardan biri də qiymətli metallara sərmayədir. Artıq dünya bazarında qızılın qiyməti kifayət qədər yüksəkdir və “Comex” birjasında qiymətli metalın 1 unsiyası 2 min 469,5 dollara satılır. Artım ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini azaltmaq istəyi, eləcə də treyderlərin Baydenin prezidentlik yarışından çəkilməsi və ABŞ-ın keçmiş dövlət başçısı Trampın prezidentlik yarışında mümkün qələbəsi ilə əlaqədar mərclərini artırması ilə bağlıdır. Trampın reytinqi isə hər gün artır. “Ipsos” sosioloji xidmətinin “ABC” televiziya şirkəti üçün hazırladığı sorğunun məlumatlarına görə, Trampın reytinqi cari hadisələr fonunda son 4 ildə ilk dəfə 40 faizə yüksəlib.
Qızıl il ərzində 18 faiz bahalaşıb. Beləliklə, geosiyasi gərginlik ənənəvi olaraq təhlükəsiz sığınacaq kimi qəbul edilən qiymətli metalı da dəstəkləyib. Tezliklə qızılın unsiyasının 2 min 470 dollaradək bahalaşacağı gözlənilir. Hətta bu göstəricinin 2 min 500 dollara yüksələcəyi proqnozlaşdırılır.
Baydenin seçki kampaniyasının başa çatdığını elan etməsindən sonra dünya bazarında neftin qiyməti də dəyişib. Yanacaq 0,3-0,4 faiz bahalaşıb. Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti bir barrel üçün 0,28 faiz artaraq 82,86 dollar, WTI markalı neftin sentyabr fyuçersləri 0,43 faiz artaraq 78,94 dollara çatıb.
Dünən ABŞ dolları (USD) isə əsas valyutalar qarşısında cüzi ucuzlaşıb. “Dollar Spot Index” (BBDXY) 0,06 faiz azalaraq 1 255,6 bənd təşkil edib. “Bitcoin”in məzənnəsi son 24 saat ərzində təxminən 1,3 faiz artaraq 67,6 min dollara yüksəlib. “Roundhill Financial”ın baş icraçı direktoru Dave Mazza deyib: “İnvestorlar dəyişkənliyin sıçrayışını gözləməlidirlər”. Onun fikrincə, vitse-prezident Kamala Harris Trampa rəqabət apara bilsə, dəyişkənlik davam edəcək. Bununla belə, əgər Tramp ictimai rəy sorğularında liderliyini davam etdirsə və investorlar onun qələbəsinin qaçılmaz olduğuna inansalar, o zaman valyuta bazarında qeyri-sabitlik azalacaq.
Xatırladaq ki, iyulun 21-də Bayden prezidentlik yarışını tərk etdiyini açıqlayıb. O qeyd edib ki, hazırkı səlahiyyət müddətinin qalan hissəsində prezident kimi öz vəzifələrini yerinə yetirəcək.
Pünhan ƏFƏNDİYEV
XQ