“Paris-2024”: ilk komanda “qızılı”nı qızlarımızdan gözləyirik

post-img

Qadınların iştirak etdiyi ilk Olimpiada – “Paris-1900” 

Qadınların olimpiadada iştirakı uzun sürən mübarizənin nəticəsidir. Onillər boyu idman və buradakı rəqabət ruhu yalnız kişilərə xas cəhətlər hesab olu­nurdu. Lakin 1900-cü ildə qadınlar ilk dəfə Paris Olimpiadasında iştirak ediblər. Bu yarışda 997 iştirakçıdan 22-si qadın olubsa, “Tokio-2020”də qadın olimpiyaçı­lar, ümumilikdə, iştirakçıların 48,7 faizini təşkil edib. 

Şübhəsiz, Beynəlxalq Olimpiya Ko­mitəsi gender bərabərliyinin təmin edil­məsində qabaqcıl idman ölkələrinin po­tensialına güvənib. Çünki, yalnız inkişaf etmiş ölkələrdə idmanın kütləviliyi üçün geniş imkanlar yaradılır. Eləcə də, kütlə­vilik olan yerdə, kişi idmançılarla yanaşı, qadınların təmsilçiliyi də diqqət mərkə­zindədir. 

Bütün olimpiadalarda xanım idmançılarımızdan medal

128 illik tarixə malik olan müasir Yay Olimpiya Oyunlarında ilk dəfə olaraq, iş­tirakçılar sayında gender balansına nail olunub. “Paris-2024”də 10 min 500 id­mançının yarısı qadınlardır. 

Azərbaycanın müstəqilliyi dövründə iştirak etdiyi ilk Oyunlarda – “Olimpia­da-1996”da 23 olimpiyaçıdan yalnız 3-ü qadın idisə, artıq “Sidney-2000”də onla­rın sayı 2 dəfə artaraq 6-ya çatıb. Sonrakı olimpiadalarda zərif cinsin nümayəndələ­rinin idmanda mövqeyinin yüksəlməsi Olimpiya Oyunlarında iştirakda da özü­nü göstərib. Ötən olimpiadada 28 kişi, 16 qadın təmsilçimiz yarışıb. İndiyədək komandamızın aktivinə xanımlarımız da ən layiqli mükafatları əlavə etməyə nail olublar. 

Sidney Olimpiadasında 1 qızıl, Afi­na Oyunlarında 2 bürünc, Pekində 1 bürünc, Londonda 1 gümüş, 1 bürünc medal qazanan qadın olimpiyaçılarımız “Rio-2016”da 1 gümüş, 3 bürünc mükafat əldə edə biliblər. Tokio Olimpiadasında 7 mükafatın az qala yarısı – 3-ü qadınların payına düşüb. Beləliklə, Atlanta Oyunları istisna olmaqla, qadınlarımız ötən olim­piadaların hamısında medal qazanıblar. Qadınlarımız arasında Olimpiya Oyunla­rının qalibi və bürünc mükafatçısı Zem­fira Meftahətdinova, 4 qat Olimpiya mü­kafatçımız Mariya Stadnik kimi istedadlı idmançılarımız var ki, onlarla fəxr edirik. Qızlarımız Parisdə medal estafetini da­vam etdirəcəklər.

Yeni üfüqlər, ümidlər

Paris Oyunlarına lisenziya qazanan 48 idmançıdan 20-nin qadın olması bu sahədə son illər görülən genişmiqyaslı işlər sayəsində mümkün olub. Göründü­yü kimi, tam bərabərlik olmasa da, fərq çox da böyük deyil. Düzdür, güc idman növlərində hələ də istədiyimiz nəticəni ala bilmirik. Məsələn, budəfəki Oyunlar­da yarışacaq 12 güləşçidən yalnız 1-i, cüdoda isə 9 idmançıdan 2-si qadındır. Parisə yollanacaq 2 komandamız (bədii gimnastika üzrə qrup hərəkətləri koman­dası, 3X3 basketbol) qadınlardan ibarət­dir. 

Medal kolleksiyasında 2 “bürünc”, 2 “gümüş” olan təcrübəli güləşçi Mariya Stadnik Parisə “qızıl” üçün gedəcək. Bə­dii gimnastika üzrə qrup hərəkətləri ko­mandamızın heyətində yer alan Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Zeynəb Hüm­mətova və Darya Sorokinadan ibarət kollektiv çoxnövçülük proqramında çıxış edəcək. Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast, Tokio Oyunlarının iştirakçısı, “Konya-2022” İs­lam Həmrəyliyi Oyunlarının qalibi Zöhrə Ağamirovanın Fransa paytaxtında “parla­maq” üçün yetərincə potensialı var. Azər­baycan tarixində batut gimnastikasında olimpiadaya ilk vəsiqənin sahibi Selcan Mahsudova, badminton və üzgüçülükdə qadın təmsilçilərimiz yeni nailiyyətlər qa­zanmaq əzmindədirlər.

Bu olimpiadada qadınlarımızın he­sabına ilk dəfə komanda növündə təmsil olunuruq. Sevindirici haldır ki, dünyanın 8 ən güclü yığması sırasında Azərbaycan millisi də yarışacaq. Olimpiadada ilk ko­manda “qızılı”nı da məhz qızlarımız qa­zana bilər. 

Leyla QURBANOVA
XQ





İdman