Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin pasportlaşdırılmasına başlayıblar.
Görülən işlər çərçivəsində abidələrin dəqiq memarlıq ölçmə cizgiləri hazırlanacaq, mövcud vəziyyəti qeydə alınacaq, fotofiksasiya aparılacaq, coğrafi koordinatları müəyyən ediləcək, tarixi arayışları tərtib olunacaq, arxiv materialları araşdırılacaq və digər zəruri tədbirlər həyata keçiriləcək.
Pasportlaşdırılacaq abidələr arasında Naxçıvan şəhərində yerləşən Möminə Xatun (1186–1187) və Yusif ibn Kuseyir (1161–1162) türbələri, İsmayılxan hamamı (XVIII əsr), Ordubad şəhərindəki Buzxana, Came məscidi və Mədrəsə (XVIII əsr), Culfa rayonunda Gülüstan türbəsi (XIII əsr) və Xanəgah memarlıq kompleksi, Kəngərli rayonunda Qarabağlar Memarlıq Kompleksi (XII–XIV əsrlər) kimi dünya və ölkə əhəmiyyətli memarlıq nümunələri də yer alır.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 8 iyul tarixli Qərarı ilə “Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları” və “Daşınmaz abidələrin pasportunun nümunəvi forması” təsdiqlənib. Qərara uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, təsdiqlənmiş yeni forma əsasında Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən 50 tarix və mədəniyyət abidəsinin pasportu hazırlanacaq.
H.SƏBUHİ
XQ


