Dohada Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib

post-img

Noyabrın 24-25-də Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası və bu çərçivədə Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib.Tədbirlərdə iştirak etmək üçün Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Qətər Dövlətinə səfər edib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib.

Noyabrın 24-də nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşüb. Görüşdə Prezident İlham Əliyevin və Qətər Dövlətinin Əmiri zati-aliləri Şeyx Təmim bin Həməd Al Taninin müdrik, ardıcıl və uzaqgörən siyasəti nəticəsində iki ölkə arasında çoxşaxəli əlaqələrin daim genişləndiyi vurğulanıb, əməkdaşlığın bir çox istiqamətlər üzrə, o cümlədən iqtisadi-ticari müstəvidə inkişafı üçün geniş potensialın mövcud olduğu qeyd edilib, fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazir Kəmaləddin Heydərov Birgə Komissiyanın Qətər tərəfindən həmsədri, Qətər Dövlətinin Xarici Ticarət Məsələləri üzrə Dövlət naziri Əhməd bin Muhəmməd Al-Seyyid ilə görüşüb.

Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclasına hazırlıq çərçivəsində görülən işlər və Komissiya qarşısında duran məsələlər geniş müzakirə edilib.

Sonra nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin daxili işlər naziri Şeyx Xəlifə bin Həməd bin Xəlifə Al Tani ilə görüşüb.

Görüşdə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlıq üçün hüquqi baza rolunu oynayan və 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” üzrə görülən tədbirlər, o cümlədən 2023-cü ildə Qətərdən olan bir qrup zabit heyətinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında aldığı yüksək təhsil qeyd olunub, bu sahədə atılacaq növbəti addımlar nəzərdən keçirilib.

Noyabrın 24-də Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətərin Xarici Ticarət Məsələləri üzrə dövlət naziri Əhməd bin Muhəmməd Əl Seyyid Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası çərçivəsində keçirilən Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclasında iştirak ediblər.

Tədbirdə çıxış edən K.Heydərov iki ölkə arasında qarşılıqlı etimada söykənən siyasi əlaqələrin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkan yaratdığını qeyd edib, bu kontekstdə Azərbaycan-Qətər Birgə Biznes Şurasının mühüm dialoq platforması rolunu oynadığını bildirib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, investisiya həcminin genişləndirilməsi və yeni iqtisadi layihələrin həyata keçirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu bildirən nazir sənaye və logistika infrastrukturu, kənd təsərrüfatı məhsullarının emalı, ərzaq təhlükəsizliyi, yaşıl enerji, innovativ texnologiyalar və digər sahələr üzrə əməkdaşlığın prioritet istiqamətlər kimi ön plana çıxdığını vurğulayıb. Azərbaycanda xarici sərmayədarlar üçün mövcud əlverişli biznes və investisiya mühitinin Qətər şirkətləri üçün geniş imkanlar açdığını, xüsusən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və infrastruktur layihələri, turizm klasterlərinin formalaşdırılması və kənd təsərrüfatı sahəsində investisiya imkanlarının böyük perspektivlər vəd etdiyini qeyd edib, şuranın keçirilən iclasının iqtisadi əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

İclasda çıxış edən Əhməd bin Muhəmməd Əl Seyyid Azərbaycan və Qətər arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, bu istiqamətdə məqsədyönlü tədbirlər görüldüyünü, keçirilən iclasın iqtisadi-ticari münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən, rəsmilər və hər iki ölkədən 50-yə yaxın iş adamının iştirak etdiyi iclasda gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Noyabrın 25-də Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası öz işinə başlayıb.

İclasda çıxış edən Komissiyanın Azərbaycan tərəfindən həmsədri K.Heydərov səfər zamanı göstərilən qonaqpərvərliyə görə Qətər tərəfinə təşəkkür edib. Nazir Azərbaycan-Qətər münasibətlərinin iki ölkə liderlərinin siyasi iradəsi və qarşılıqlı hörmətə əsaslanan yanaşması sayəsində davamlı inkişaf etdiyini, əməkdaşlığın həm siyasi sahədə, həm də iqtisadi və humanitar müstəvilərdə özünü göstərdiyini bildirib. Bu çərçivədə Birgə Komissiyanın hazırkı iclasının ölkələrimiz arasında iqtisadi-ticari və digər sahələr üzrə əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Komissiyanın 3-cü iclasdan ötən dövr ərzində fəaliyyətindən danışan nazir K.Heydərov vurğulayıb ki, bu müddət ərzində sənaye, kənd təsərrüfatı, logistika, xidmət və digər sahələrdə qarşılıqlı maraqların müəyyənləşdirilməsi və bu istiqamətlər üzrə aparılan müzakirələr praktiki əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradıb. 2022-ci ildən başlayaraq Qətərdə Azərbaycan Ticarət Evinin fəaliyyət göstərməsi, işgüzar dairələr arasında əlaqələrin daha sıx qurulması və sahibkarlıq subyektlərinin birbaşa təmasları iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın mövcudluğundan xəbər verir. Bu xüsusda, 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi imkanlardan danışan nazir, həmçinin qeyri-neft sektoru, turizm, aqrar məhsulların emalı, şəhərsalma, infrastruktur və digər sahələr üzrə aparılan müzakirələrin əməkdaşlıq üçün yeni perspektivlər vəd etdiyini vurğulayıb.

İclasda çıxış edən Komissiyanın Qətər tərəfindən həmsədri Əhməd bin Muhəmməd Əl Seyyid ölkələrimiz arasında inkişaf edən əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edib, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb və Birgə Komissiyanın fəaliyyətindən danışıb.

İclasda Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

İclasın yekununda “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclasının Protokolu” imzalanıb. Protokolu Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin Xarici Ticarət Məsələləri üzrə Dövlət naziri Əhməd bin Muhəmməd Əl Seyyid imzalayıblar.









Son xəbərlər