Türkiyənin Yeni Gün qəzeti Birinci Bakı Türkoloji Qurultayının 100 illik yubileyi münasibətilə “Qurultaya Azərbaycandan baxış” adlı yazı silsiləsini yayımlamaqda davam edir. Qəzetin növbəti buraxılışında AMEA Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli ilə keçirilmiş müsahibəyə yer verilib. Müsahibənin aktuallığını nəzərə alaraq onu dəyərli oxucularımıza da təqdim edirik. Qeyd edək ki, qəzet üçün hazırlanmış yazıların müəllifi BDU Jurnalistika fakültəsinin müəllimi, Əməkdar jurnalist Namiq Əhmədovdur.
Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatları, rəyasət heyətinin protokolları, nümayəndələrin siyahıları, İosif Stalinə göndərilən teleqramlar və məxfi məktublar və digər sənədlər göstərir ki, Qurultay həm də siyasi nəzarət altında keçirilmişdi. Bəzi sənədlərdə “oxunduqdan sonra məhv edilməlidir” qeydləri var. Amma taleyin iradəsi ilə həmin sənədlərin bir çoxu qorunub saxlanmışdır və bu gün tarixşünaslığımız üçün bənzərsiz qaynaq rolunu oynayır.
Son vaxtlar mətbuatda bu kimi açıqlamaları ilə diqqətdə olan AMEA Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli müsahibimizdir.
– Nadir müəllim, mətbuata müüsahibələrinizin birində bildirirsiz ki, arxiv sənədlərində Qurultayın gedişi barədə açılmayan faktlar yer alır. Onlardan bir neçəsini xatırlada bilərsinizmi?
– Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında İctimai-Siyasi Sənədlər Arxivində Qurultaya dair çox zəngin materiallar saxlanılır. Onların arasında Stalinə göndərilmiş teleqramlar, ÜKP(b) MK-nın gizli qərarları, Təşkilat Komissiyasının protokolları, nümayəndə heyətlərinin siyahıları və Qurultayın stenoqrafik hesabatları yer alır. Bu sənədlərin bir hissəsi “tam məxfi” qrifli idi və oxunduqdan sonra məhv edilməliydi. Lakin tarix bir möcüzə yaratdı – həmin sənədlərin əksəriyyəti arxivdə qorunub qaldı. Məsələn, orada yazılır ki, Qurultayın açılış günü Bakı küçələri bayram ab-havasında idi. Minlərlə insan İsmailiyyə binasının qarşısında toplaşmış, tribunadan “Türk dünyasının sabahı burada yazılır” deyə səslənən çıxışları dinləmişdi. Bu, həm elmi, həm də mənəvi baxımdan misilsiz hadisə idi.
– Qurultayın təşkilinə gətirən tarixi şərait haqqında nə deyə bilərsiniz?
– 1926-cı il Bakı Türkoloji Qurultayı təkcə elmi hadisə deyil, həm də siyasi, ideoloji və mədəni məzmun daşıyan bir toplantı idi. O dövrdə dünya siyasətində türkdilli xalqların gələcəyi məsələsi həm Rusiya, həm də Türkiyə üçün ciddi əhəmiyyət daşıyırdı.
Bir tərəfdən, Sovet hökuməti yeni yaradılmış türk respublikalarında mədəni quruculuq işlərinə başlamış, əlifba, təhsil, dil siyasəti sahələrində yeniliklər tətbiq etmək niyyətində idi. Digər tərəfdən, Türkiyə Cümhuriyyəti Atatürkün rəhbərliyi altında türklüyün intibah dövrünü yaşayır, elm və mədəniyyətdə yeni institutlar – o cümlədən 1924-cü ildə M.Fuad Köprülünün rəhbərliyi ilə yaradılmış Türkiyyat İnstitutu vasitəsilə türkoloji tədqiqatların əsasını qoyurdu.
Bu baxımdan, 1926-cı ildə belə bir elmi forumun keçirilməsi artıq tarixi zərurət idi. Sadəcə, onun İstanbulda deyil, Bakıda keçirilməsi həm siyasi, həm də geosiyasi baxımdan xüsusi anlam daşıyırdı. Bakı həmin dövrdə sovetlər məkanında türkdilli xalqların intellektual mərkəzinə çevrilmişdi.
Qurultayda 130-dan çox nümayəndə, o cümlədən Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, eləcə də Rusiya, Almaniya, Macarıstan, Avstriya və digər ölkələrdən görkəmli alimlər iştirak edirdi. Bu, təkcə elmi toplantı deyildi – türk xalqları tarixində ilk dəfə idi ki, bütün türkdilli elita eyni zalda bir araya gəlmişdi.
– Qurultayın Bakıda keçirilməsi təsadüfi idimi, yoxsa bu qərarın arxasında müəyyən strateji niyyətlər dayanırdı?
– Qətiyyən təsadüfi deyildi. 1920-ci illərin Bakısı təkcə neftin deyil, həm də ideyaların paytaxtı idi. Burada müxtəlif türk xalqlarının ziyalıları, mühacir alimlər, rus şərqşünasları fəaliyyət göstərirdi. Azərbaycanın intellektual mühiti, xüsusilə Yeni Əlifba Komitəsinin fəaliyyəti latınlaşma prosesində öncül idi.
Qurultayın Bakıda keçirilməsi həm siyasi, həm də simvolik bir seçim idi. Siyasi baxımdan Sovet rəhbərliyi üçün Bakı Şərqlə Qərb arasında bir körpü idi. Simvolik baxımdan isə, Bakı türklərin tarixində modernlik və yeniləşmənin rəmzi kimi çıxış edirdi. Bu, həm də Türkiyə ilə Sovetlər arasındakı münasibətlərin “yumşaldılması” baxımından əhəmiyyətli idi. Unutmayaq ki, İstanbulda belə bir toplantının keçirilməsi ideyası əvvəlcə müzakirə olunmuşdu. Hətta Atatürkün təşəbbüsü ilə 1925-ci ildə Beynəlxalq Türkoloji Qurultayın Türkiyyədə keçirilməsi planlaşdırılmışdı. Lakin o dövrdə Türkiyə hələ Lozanna sonrası diplomatik münasibətlərini sabitləşdirməyə çalışırdı və bu cür beynəlxalq elmi tədbir üçün şərait yetərli deyildi.
Digər tərəfdən, Sovet hökuməti türkdilli xalqlar üzərində mədəni-siyasi nəzarəti itirmək istəmirdi. Ona görə də, Moskvada 1925-ci ilin sentyabrında keçirilən şərqşünasların iclasında qərar verildi ki, Qurultay SSRİ-nin daxilində – Bakıda keçirilsin.
Bakı həm coğrafi, həm də intellektual baxımdan ideal məkan idi: burada həm rus, həm azərbaycanlı, həm də Orta Asiyadan gəlmiş türk alimləri fəaliyyət göstərirdilər. Azərbaycan ziyalıları – xüsusilə Səməd ağa Ağamalıoğlu, Bəkir Çobanzadə, Fərhad Ağazadə kimi simalar bu təşəbbüsün əsas hərəkətverici qüvvələrindən idilər.
– Qurultayın təşkilində Azərbaycan ziyalılarının rolu nədən ibarət idi?
– Azərbaycan ziyalıları bu qurultayın həm təşkilati, həm də ideoloji ruhunun formalaşmasında ön sırada idilər. Azərbaycan MİK sədri Səməd ağa Ağamalıoğlu Qurultaya sədrlik etmiş, açılış nitqini söyləmiş və tədbirin siyasi istiqamətini müəyyənləşdirmişdi. Bəkir Çobanzadə isə türk dillərinin təsnifatı, ortaq terminologiyanın formalaşması və latın əlifbasına keçidin elmi əsasları barədə çıxışı ilə böyük rezonans doğurmuşdu. Fərhad Ağazadə Azərbaycan nümayəndə heyətinin tərkibində Qurultayda fəal iştirak etmiş, ortaq türkcənin və yeni əlifbanın tətbiqi məsələlərində mühüm elmi arqumentlər irəli sürmüşdü. Əslində, bu alimlərin fəaliyyəti yalnız Azərbaycan üçün deyil, ümumtürk elmi düşüncəsi üçün əvəzsiz töhfə idi. Onlar sovet senzurası və ideoloji məhdudiyyətlər fonunda belə, türklüyün mədəni birliyini qorumağa çalışırdılar.
– Qurultayın keçirilməsinin Türkiyə-Rusiya münasibətlərinə təsiri necə olmuşdur?
– Qurultay, əslində, Sovetlərin Türkiyə ilə elmi-mədəni münasibətlərini “yumşaltmaq” vasitəsi idi. O dövrdə Atatürk islahatları ilə Qərbə yönələn Türkiyə, türkologiya sahəsində də Avropa ilə əməkdaşlığa can atırdı. Sovetlər isə bu sahədə təsirini saxlamaq istəyirdi. Bakı Qurultayı bu baxımdan bir növ “elmi diplomatiya platforması” rolunu oynadı.
Türkiyədən gələn nümayəndələr – məsələn, Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə, Macar alimi Meszaros kimi şəxsiyyətlər Sovet elmi dairələri ilə qarşılıqlı təmasda oldular. Bu təmaslar, hər nə qədər ideoloji fərqlərlə müşayiət olunsa da, türkologiyanın qlobal elmi statusunu formalaşdırdı.
– Qurultayın nəticələri və elmi əhəmiyyəti barədə nə deyə bilərsiniz?
– Qurultay türkologiya elminin tarixində dönüş nöqtəsi oldu. Burada qəbul olunan qərarlar yalnız əlifba məsələsini deyil, həm də türk xalqları arasında elmi əməkdaşlıq, ortaq identiklik və mədəni inteqrasiya məsələlərini gündəmə gətirdi. Ən mühüm nəticə – latın qrafikasına keçidin elmi əsaslandırılması idi. Bu qərar daha sonra SSRİ-nin bir çox respublikalarında tətbiq olundu. Hətta Türkiyədə 1928-ci ildə həyata keçirilən əlifba islahatının arxasında Bakı Qurultayının elmi müzakirələrinin təsiri hiss olunurdu. Bundan başqa, Qurultay türklər arasında dilçilik baxımından ilk sistemli təsnifat cəhdlərini də təqdim etdi.
– Amma sonrakı illərdə Qurultay iştirakçılarının çoxu repressiyaya məruz qaldı…
– Təəssüf ki, elədir. 1937–1938-ci illərin Stalin repressiyaları demək olar ki, Qurultayın bütün fəal iştirakçılarını məhv etdi. Özbək alimlər – Abdurrəşid Abducabbarov, Qazi Alim Yunusov, Səmərqənd və Daşkənd nümayəndələri, eləcə də Azərbaycan alimləri Bəkir Çobanzadə, Hənəfi Zeynallı və Salman Mümtaz həmin repressiyanın qurbanı oldular. Onlar “pantürkist” damğası ilə güllələndi, ailələri sürgün olundu. Bu, təkcə insan faciəsi deyil, həm də türkoloji elminə vurulmuş ağır zərbə idi. Əgər o nəsil sağ qalsaydı, türkologiyanın inkişafı bu gün daha yüksək səviyyədə olardı.
– Bütün bu faciələrə baxmayaraq, I Türkoloji Qurultayın tarixi rolu...
– Onun rolu çoxşaxəlidir. Birincisi, Qurultay türkdilli xalqların elmi və mədəni birliyini nümayiş etdirdi. İkincisi, o, dil və əlifba məsələsində elmi müzakirənin beynəlmiləl səviyyədə aparıldığı ilk platforma idi. Üçüncüsü, Qurultay türk dünyasında ortaq düşüncə və kimlik axtarışlarının simvoluna çevrildi. Onun tədqiqi təkcə türkologiya tarixini deyil, həm də sovet ideoloji siyasətinin yönlərini anlamaq baxımından böyük əhəmiyyət daşıyır.
- Müsahibə üçün sağ olun.

