Qlobal neft bazarı böyük ölçüdə bir neçə dar dəniz dəhlizindən asılıdır. Dünya üzrə neft tədarükünün əhəmiyyətli hissəsi məhz bu strateji marşrutlardan keçir. Enerji logistikasında “çokpoint” kimi tanınan bu nəqliyyat qovşaqları qlobal enerji sisteminin həyati arteriyaları hesab olunur və hər gün on milyonlarla barel xam neft və neft məhsulu bu marşrutlarla daşınır.
Təqdim olunan vizuallaşdırma ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanan statistik məlumatlara əsaslanır. İnfoqrafika dünya üzrə neft tranzitinin əsas dəniz qovşaqlarını və onların qlobal dəniz neft ticarətində tutduğu payı göstərir. 2025-ci il üzrə məlumatlara görə, əsas dəniz keçidlərindən gündəlik daşınan xam neft və neft məhsullarının həcmi milyon barel ilə ölçülür.
Hesablamalara əsasən, qlobal neft ticarətinin böyük hissəsi, – gündə təxminən 73 milyon barel, – məhz bu strateji dəniz “dar boğazları”ndan keçir. Bu fakt beynəlxalq enerji təhlükəsizliyinin nə dərəcədə məhdud sayda logistika nöqtəsindən asılı olduğunu göstərir.
Dünya üzrə ən intensiv neft marşrutu olaraq Malakka boğazı qalmaqdadır. Malayziya ilə İndoneziya arasında yerləşən bu strateji su yolu 2025-ci ilin ilk yarısında gündə təxminən 23,2 milyon barel neft daşınmasına xidmət edib. Bu isə qlobal dəniz neft ticarətinin təxminən 29,1 faizinə bərabərdir.
Malakka boğazı Hind okeanı ilə Cənubi Çin dənizi arasında əsas keçid rolunu oynayır və xüsusilə Çin, Yaponiya və Cənubi Koreya kimi böyük enerji istehlakçılarının neft təchizatında həlledici rol oynayır. Bununla belə, boğazın nisbətən dar olması və yüksək gəmi hərəkəti onu həm logistika sıxlığı, həm də mümkün geosiyasi risklər baxımından həssas nöqtəyə çevirir.
Qlobal enerji nəqliyyatında mühüm rol oynayan digər strateji keçid isə Hörmüz boğazıdır. İran və Oman arasında yerləşən bu marşrutdan 2025-ci ilin ilk yarısında gündə təxminən 20,9 milyon barel neft keçib. Bu göstərici dünya üzrə ümumi neft istehlakının təxminən beşdə birinə bərabərdir.
Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirən əsas tranzit qapısıdır. Boğazın dərinliyi və eni dünyanın ən iri neft tankerlərinin belə təhlükəsiz keçidinə imkan verir. Statistikaya görə, buradan keçən neftin təxminən 84 faizi Asiya bazarlarına – o cümlədən Çin, Hindistan, Yaponiya və Cənubi Koreyaya yönəlir. Buna görə də bu marşrutda yaranan hər hansı gərginlik və ya fasilə qlobal neft qiymətlərində ciddi dalğalanmalar yarada bilər.
Malakka və Hörmüz boğazları ilə yanaşı, qlobal enerji ticarətində digər strateji dəniz dəhlizləri də mühüm rol oynayır.
Məsələn, Süveyş kanalı və SUMED neft kəməri gündəlik təxminən 4,9 milyon barel neftin daşınmasını təmin edərək Qırmızı dəniz ilə Aralıq dənizi arasında strateji enerji dəhlizi yaradır.
Eyni regionda yerləşən Bab əl‑Məndəb boğazı isə gündə təxminən 4,2 milyon barel neft tranzitinə xidmət edir və Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir.
Avropa istiqamətində isə Danimarka boğazları və Türk boğazları xüsusi əhəmiyyət daşıyır. Bu marşrutlar vasitəsilə əsasən Rusiya və Xəzər regionundan ixrac olunan neft daşınır. Statistikaya görə, bu keçidlərdən müvafiq olaraq gündə 4,9 milyon və 3,7 milyon barel neft keçir.
Qlobal dəniz nəqliyyatının mühüm qovşaqlarından biri də Panama kanalıdır. Bu kanal vasitəsilə gündə təxminən 2,3 milyon barel neft daşınır.
Bundan əlavə, bəzi hallarda tanker marşrutları daha uzun alternativ istiqamətlərə – məsələn, Ümid burnu ətrafından keçən yola yönləndirilir. Bu marşrut əsasən Atlantik okeanı ilə Hind okeanı arasında hərəkət edən tankerlər üçün istifadə olunur və gündəlik təxminən 9,1 milyon barel neft daşınmasını təmin edir.
Beləliklə, qlobal neft logistikası məhdud sayda strateji dəniz keçidlərindən ciddi şəkildə asılıdır. Bu nöqtələrdə baş verə biləcək hər hansı münaqişə, blokada və ya texniki fasilə qısa müddət ərzində qlobal enerji bazarına, xüsusilə də neft qiymətlərinə birbaşa təsir göstərə bilər. Bu səbəbdən sözügedən marşrutlar yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan beynəlxalq güc balansının mühüm elementlərindən biri kimi qiymətləndirilir.
Səbuhi MƏMMƏDOV
XQ

