Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ömrünün 75-ci zirvəsinə ucalan tanınmış yazıçı, publisist, sənətşünas və ictimai xadim Əkrəm Qaflanoğlu Azərbaycan ziyalılığının ən gözəl keyfiyyətlərini şəxsiyyətində birləşdirən insanlardandır. Yaradıcılığı, ictimai fəaliyyəti və zəngin həyat təcrübəsi ilə seçilən Əkrəm Qaflanoğlu təkcə yazıçı və publisist kimi deyil, həm də milli mədəniyyətimizin yorulmaz təbliğatçılarından biri kimi tanınır.
Quba rayonunun ən səfalı guşələrindən biri olan Səbətlər kəndində dünyaya göz açan Əkrəm Qaflanoğlu uşaqlıq illərindən doğma yurdun mənəvi dəyərləri, el-obaya bağlılıq və zəhmətkeşlik ruhu ilə böyümüşdür. O, doğma kəndindən Bakıya üz tutarkən özü ilə yalnız böyük arzularını və ümidlərini deyil, həm də el məhəbbətini, yurd təəssübünü, atası Qaflan kişinin nəsihətlərini və qəlbində əbədi yaşayan ilk sevgisinin xatirəsini gətirmişdi. Sonralar bu mənəvi sərvətlər onun həyat yolunun və yaradıcılığının əsas dayaqlarına çevrildi.
Orta məktəbi bitirib hərbi xidmətini başa vurduqdan sonra 1973–1978-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda təhsil aldı. Daha sonra, 1983–1988-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) ali təhsil alaraq sənət və mədəniyyət sahəsində biliklərini daha da zənginləşdirdi.
Muğam mühitindən uzaqda böyüməsinə baxmayaraq, xalq musiqisinə olan sevgisi onu Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun sinfinə gətirib çıxarmışdı. Böyük ustadın məktəbini uğurla keçən Əkrəm Qaflanoğlu 1973–1980-ci illərdə müxtəlif el şənliklərində xanəndə kimi çıxış etmiş, muğam ifaçılığı sahəsində də öz sözünü deməyi bacarmışdır.
Onun sənət müəlliminin Əlibaba Məmmədov, sinif yoldaşının isə sevilən sənətkar Məmmədbağır Bağırzadə olması təsadüfi deyil. Bu mühit Əkrəm Qaflanoğlunun sənət dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. O, Azərbaycan musiqisinin görkəmli nümayəndələri – Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev, Ağaxan Abdullayev, Vamiq Məmmədəliyev, Möhlət Müslümov, Mirnazim Əsədullayev və digər tanınmış sənətkarlarla ünsiyyətdə olmuş, onların sənət və həyat təcrübəsindən bəhrələnmişdir.
Əkrəm müəllimin həyat yoluna nəzər saldıqda aydın görünür ki, onun ən böyük uğurlarından biri görkəmli ziyalılar, sənətkarlar və ictimai xadimlərlə eyni mühitdə çalışmaq və onlarla dostluq münasibətləri qurmaq olmuşdur. Taleyin ona bəxş etdiyi bu zəngin ünsiyyət çevrəsi həm dünyagörüşünün formalaşmasına, həm də yaradıcılıq yolunun zənginləşməsinə mühüm təsir göstərmişdir.Yazıçı Vaqif Musanın tövsiyəsi ilə Azərbaycan Yazıçılar Birliyində fəaliyyətə başlaması da bu uğurlu taleyin mühüm dönəmlərindən biri olmuşdur.
1979–1988-ci illərdə Azərbaycan Yazıçılar Birliyində məsləhətçi, şöbə müdiri, daha sonra isə baş müfəttiş vəzifələrində çalışmışdır. Həmin dövrdə o, Azərbaycan ədəbiyyatının korifeyləri ilə ünsiyyət qurmaq imkanı qazanmışdır. Mirzə İbrahimov, Elçin, İsmayıl Şıxlı, İmran Qasımov, Balaş Azəroğlu, Hüseyn Abbaszadə, Cabir Novruz kimi görkəmli söz ustaları ilə yaxınlıq onun dünyagörüşünün və yaradıcılıq baxışlarının formalaşmasında mühüm rol oynamışdır.
1987-ci ilin sonunda yaradılmış Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyətində fəaliyyəti isə onun ictimai xidmətlərinin yeni mərhələsini təşkil etmişdir. Əkrəm müəllim burada müxtəlif məsul vəzifələrdə – referent, baş referent, şöbə müdiri, məsul katib və rəyasət heyəti sədrinin müavini kimi çalışaraq xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsi işinə öz töhfəsini vermişdir.
Azərbaycan ədəbiyyatının aparıcı simalarından olan Elçin Əfəndiyevlə birgə çalışmağı, onunla birlikdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza Azərbaycan həqiqətlərini və Vətən sevgisini çatdırmağı Əkrəm Qaflanoğlu həyatının ən yaddaqalan səhifələrindən hesab edir. Bu fəaliyyət ona yalnız peşəkar təcrübə deyil, həm də zəngin mənəvi qazanc gətirmişdir. Sonrakı illərdə də fəaliyyətini uğurla davam etdirən Əkrəm Qaflanoğlu Azərbaycan Respublikası Nazirlər Kabinetində aparıcı məsləhətçi və başqa vəzifələrdə çalışaraq dövlət idarəçiliyi sahəsində də peşəkarlığını nümayiş etdirmişdir.
Əkrəm Qaflanoğlu yalnız təşkilatçı və ictimai xadim deyil, həm də məhsuldar qələm sahibidir. Onun “Həm gülək, həm düşünək”, “55+”, “Dünyanı belə gördüm” və “Talelər kəsişəndə” kitabları oxucular tərəfindən maraqla qarşılanmışdır. Bu əsərlərdə müəllif xalq hikmətini, həyat müşahidələrini, yumoru və insan talelərini özünəməxsus ustalıqla təqdim etmişdir. Xüsusilə, yüzlərlə gülməcə və folklor nümunəsinin toplandığı kitablar milli-mədəni yaddaşımızın qorunması baxımından dəyərli mənbələrdir.
Onun publisistik yaradıcılığında Azərbaycan musiqisi, ifaçılıq sənəti və mədəniyyət xadimlərinin həyat yolu xüsusi yer tutur. Qələmə aldığı çoxsaylı məqalələr sənət tariximizin müxtəlif səhifələrini işıqlandırmaqla yanaşı, yeni nəsillərin milli irsə marağının artmasına da xidmət edir.
Yaradıcılıq fəaliyyətinin mühüm uğurlarından biri də “Talelər kəsişəndə” povesti olmuşdur. Bu əsər 2017-ci ildə Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə “Qızıl Kəlmə” Ədəbi Mükafatına layiq görülərək müəllifin bədii yaradıcılığının yüksək qiymətləndirildiyini təsdiqləmişdir.
75 illik yubileyini qeyd edən Əkrəm Qaflanoğlu həyatını sözə, sənətə və Vətənə xidmətə həsr etmiş ziyalılarımızdandır. Bu gün də Əkrəm müəllim yaradıcılıq həvəsini və həyat enerjisini qoruyub saxlayır. Vaxtaşırı Türkiyədə, Özbəkistanda olan övladlarına baş çəkir, həm də onu narahat edən, ürəyinə yatan gözəl mövzularda öz sözünü deyir. Onun keçdiyi ömür yolu Azərbaycan ziyalısının məsuliyyətini, vətəndaş mövqeyini və milli dəyərlərə bağlılığını əks etdirən örnək bir həyat salnaməsidir.
İsrafil Qurbanov

