Azərbaycan və Özbəkistan təhsil sahələrində əməkdaşlığı genişləndirir

post-img

Daşkənddə Özbəkistanın ali təhsil, elm və innovasiya nazirinin birinci müavini Sardor Rəcəbov və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev arasında görüş keçirilib.

Danışıqlar zamanı iki ölkə arasında ali təhsil, elm və innovasiya sahəsində strateji əməkdaşlığın yeni səviyyəyə çatdığı qeyd edilib.

Tərəflər kadr hazırlığı, birgə təhsil proqramlarının yaradılması, elmi layihələrdə birgə iştirak və təcrübə mübadiləsinin aparılması kimi sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Görüşdə elm, tədqiqat, təcrübə və innovasiya sahəsində əməkdaşlığın gücləndirilməsi, “Özbəkistanda təhsil” və “Azərbaycanda təhsil” proqramları çərçivəsində tələbə mübadiləsinin aktivləşdirilməsi, birgə təhsil proqramlarının həyata keçirilməsi, texnoparklar, innovasiya mərkəzləri və startap təşəbbüsləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, professor və tələbələr üçün akademik mobillik imkanlarının genişləndirilməsi, iki ölkənin vətəndaşları üçün 10-a qədər qrantın ayrılması, eləcə də iki ölkənin universitet rektorlarının növbəti forumunun 2026-cı ildə Bakıda keçirilməsi və elm sahəsində birgə ekspert qrupunun yaradılması da daxil olmaqla mühüm razılaşmalar əldə edilib.  

Görüşün sonunda Özbəkistanın İnnovativ İnkişaf Agentliyi ilə Azərbaycanın Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında anlaşma memorandumu imzalanıb.

Qulu Kəngərli

XQ-nin Türküstan müxbiri

Daşkənd

Təhsil