“İgidlərin sözü” antologiyasının ikinci cildinin təqdimatı keçirilib

post-img

Noyabrın 21-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə nazirliyin Muzey Mərkəzində “Söz” Multidisiplinar İncəsənət Mərkəzinin “İgidlərin sözü” layihəsinin ikinci antologiyasının təntənəli təqdimatı keçirilib.

Xatırladaq ki, birinci antologiya beş il əvvəl, Vətən müharibəsindəki Qələbədən dərhal sonra, Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr olunmuş və təqdimatı keçirilmişdi. “İgidlərin sözü” layihəsi tanınmış şairə və ictimai xadim Nigar Həsənzadə tərəfindən təsis edilib.

Təqdimatında çıxış edən Mədəniyyət nazirinin müşaviri, yazıçı-publisist Orxan Fikrətoğlu layihənin əhəmiyyətindən və “Söz”ün fəaliyyətindən söhbət açdı. O bildirdi ki, Vətən müharibəsində qələbədən sonra belə ədəb-bədii layihələrin həyata keçirilməsi postmüharibə dövrünün tələbidir. 

Sonra çıcış edən “Söz” Multidispilinar İncəsənət Mərkəzinin rəhbəri şair Nigar Həsənzadə bu layihənin heç də asan ərsəyə gəlmədiyini, Vətən müharibəsi iştirakçısı olan istedadlı qazilərimizin bir araya gətirilməsi, əsərlərinin toplanması və nəşr edilməsini təşkilat üçün prioritet məsələ olduğunu qeyd edib. Şair bildirib ki, ikinci nəşr birinci nəşrin davamıdır və burada toplanan şeirlər Vətən müharibəsində fədakarlıq etmiş Azərbaycan əsgərinin tək döyüşçü kimi deyil, həm də yüksək ədəbi zövqə, sağlam düşüncəyə malik olduğunu nümayiş etdirir.   

Daha sonra Birinci Qarabağ müharibəsinin iştirakçısı, polkovnik-leytenant, hərbi ekspert Elmar Hüseynov, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Elxan Məmmədov, Milli Məclisin deputatı Vüqar İskəndərov, hərbçi-şairlər Eyvaz Eyub, Miri Abdullayev, Cavid Qasımov, Kərəm Aydın, Elşən çıxış edərək layihənin və mövzunun aktuallığından söhbət açaraq “İgidlərin sözü” layihəsinin  yalnız postmüharibə mədəni hadisəsi deyil, həm də istedadlı hərbçiləri – şairləri, musiqiçiləri, vokalistləri birləşdirən ciddi reabilitasiya və sosial layihə kimi yüksək qiymətləndiriblər. 

Qeyd olunub ki, beş il ərzində layihənin hərbçi-şairləri ölkənin ən nüfuzlu səhnələrində çıxış edərək onları dinləmək şansı olan hər kəsi heyran qoyublar. Layihə iştirakçıları xeyli uğurlar əldə ediblər. Bütün şair-hərbçilərin əsərləri antologiyalara daxil edilib, onlar televiziya və radio proqramlarına dəvət olunublar, bir çoxu sosial şəbəkələrdə tanınıblar, müxtəlif ədəbi festivalların, müsabiqələrin, marafonların iştirakçıları olublar, aralarında Prezident təqaüdçüləri də var. Təsadüfi deyildir ki, layihə iştirakçıları 2022-ci ildə Molla Pənah Vaqifin şərəfinə Şuşada keçirilən məşhur festivalın açılışını edib. Təqdimatın sonunda zəngin bədii-musiqili proqram nümayiş olundu.

XQ





Elm