Süni intellekt korluqla yanaşı, ürək və insult təhlükəsini də öncədən görəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Müasir oftalmologiyada qeyri-invaziv (orqanizmə müdaxilə etmədən) göz skan edilməsi üsulu həkimlərə pasiyentə heç bir ağrı və ya diskomfort vermədən gözün daxili strukturlarının böyüdülmüş üçölçümlü ($3D$) təsvirini almağa imkan verir. Dünyanın aparıcı klinikalarında geniş istifadə olunan bu metod torlu qişanın hər bir təbəqəsini detallı şəkildə görməyə və görmə qabiliyyətini təhdid edən xəstəlikləri vaxtında diaqnoz etməyə kömək edir. 

Yeni "OCTCube-M" süni intellekt sistemi torlu qişanın 8 fərqli xəstəliyini, o cümlədən 50 yaşdan yuxarı insanlarda korluğun əsas səbəbi olan yaşla bağlı makulyar degenerasiyanı köhnə modellərə nisbətən qat-qat dəqiqliklə müəyyən edir. Üstəlik, proqram dünyada təxminən 5 milyon insanın əziyyət çəkdiyi həmin xəstəliyin ağır forması – coğrafi atrofiya prosesinin irəliləmə sürətini də yüksək dəqiqliklə proqnozlaşdırır. "OCTCube-M" sisteminin təlimi üçün optik koherens tomoqrafiyaya aid 26 000-dən çox $3D$ təsvirdən (torlu qişanın 1,62 milyon fərdi kəsiyi) istifadə olunub. Standart ikiölçümlü modellərlə müqayisədə, yeni sistem xəstəliklərin aşkarlanmasında 4-6 faiz bəndi daha yüksək nəticə göstərib (yəni hər 1000 hadisədən 43-60-dək daha çox xəstəlik halını vaxtında qeydə alıb).

Alimlər bu süni intellekt modelini gözün daha iki vizuallaşdırma metodu – torlu qişanın infraqırmızı təsviri və göz dibinin autofluoresensiyası məlumatları ilə də zənginləşdiriblər. Hər üç təsvir növü üzərində formalaşan bu model coğrafi atrofiyanın böyümə sürətini analoqları ilə müqayisədə təxminən 50% daha dəqiq hesablayır.

Kəşfin ən heyrətamiz tərəfi isə odur ki, sistem təkcə göz xəstəliklərini deyil, həm də torlu qişanın təsvirlərinə əsasən infarkt, insult və böyrək çatışmazlığı risklərini öncədən müəyyən edə bilir. Çünki gözün daxili damarları quruluşca böyrək damarları ilə eynidir, ürək və beyin damarlarında lövhəciklərin (trombların) yaranmasına səbəb olan proseslərin ilkin izləri isə insan gözündə aydın şəkildə əks olunur. Xəstəliklərin inkişaf ssenarisinin bu dərəcədə dəqiq proqnozlaşdırılması tibb dünyasına yeni müalicə üsullarını daha sürətlə sınaqdan keçirməyə və effektiv dərmanları pasiyentlərə vaxtında çatdırmağa böyük imkanlar yaradacaq.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Elm