Ölməz ekran əsərləri

post-img

(əvvəli qəzetin 15 noyabr tarixli sayında)

Bu il yubileyini qeyd etdiyimiz Azərbaycan filmləri arasında tarixi mövzuda olan ekran işləri də var. XVI əsrə aid “Koroğlu” dastanının motivləri üzrə çəkilmiş film buna gözəl nümunədir. “Koroğlu” kinolentinin artıq 65 yaşı tamam olur.

Altay, Türkmənistan, Türkiyə və Azərbaycan türklərinin əfsanələrində xalq qəhrəmanı kimi təqdim edilən Koroğlunun obrazı ümumbəşəri önəmə malikdir. Qazandığı şöhrət və ona olan məhəbbət “Azərbaycanfilm”in ərsəyə gətirdiyi filmdə öz bədii ifadəsini bir daha tapıb. Özü də “Koroğlu” kinostudiyamızın tarixi qəhrəmanlıq mövzusunda çəkdiyi ilk genişekranlı rəngli filmdir. Bu faktın özü o dövr üçün Azərbaycan kinematoqrafiyasının yeni bir inkişaf səviyyəsinə çatdığını və müasir kino sənətinin nailiyyətləri əsasında bu cür mürəkkəb bir filmi çəkib meydana çıxarmaq qabiliyyətini göstərirdi. “Koroğlu” həm də Cənubi Qafqaz respublikalarının kino tarixində ilk dəfə olaraq yaradılan sanballı film hesab olunur.

“Koroğlu”nun rejissoru Hüseyn Seyidzadə, ssenari müəllifi Sabit Rəhmandır. Baş rollarda Əfrasiyab Məmmədov (Koroğlu), Leyla Bədirbəyli (Nigar), Ağadadaş Qurbanov (Həsən xan), İsmayıl Dağıstanlı (Vəzir), Mərziyə Davudova (Dayə), Əli Qurbanov (Aşıq Cünun və Alı kişi), Möhsün Sənani (Həmzə) oynayıblar. Filmin ilk baxışı 1960-cı il oktyabrın 10-a təsadüf edib. Bəstəkar Cahangir Cahangirovun film üçün yazdığı musiqiləri kino idarəsinin Simfonik Orkestri ilə Şövkət Ələkbərova və Lütfiyar İmanov ifa edərək ekran əsərinin əzəmətini daha da artırıblar.

Onu da deyək ki, yadelli işğalçılara və yerli zülmkarlara qarşı aparılan mübarizədən bəhs edən “Koroğlu” nə qədər bəyənilsə də, Hüseyn Seyidzadə özü filmdən o qədər də razı qalmayıb. Səbəbi ssenarinin Moskvada əsaslı dəyişikliyə uğraması və rejissorun təzyiqlərə məruz qalması olub. O, sonralar dostlarına deyirmiş: “Koroğlu” istədiyim kimi alınmadı, fikirləşdiyim kimi çəkməyə qoymadılar”. Hər bir halda, seyrçilər bu filmi sevə-sevə izləyirdilər. Hər kəsin xəyalında yaratdığı Koroğlunun obrazı varkən, dastan haqqında film çəkmək və qəhrəmanın ruhuna uyğun aktyoru seçmək yaradıcı heyətin əsas hədəfi olub. Filmin sınaq çəkilişlərində 60-dan artıq aktyor iştirak edib.

Maraqlı məqamlardan biri budur ki, rejissorun təşəbbüsü ilə Muxtar Maniyev filmdə 3 rolda oynayıb. Onun xatirələrindən: “Filmi çəkən yaradıcı kollektiv dastandakı qəhrəmanlıq motivlərindən səmərəli istifadə etdi. Müəlliflər tamaşaçılara belə bir fikri təlqin etməyə çalışdılar ki, xalqın qəzəbi kimi, gücü və qüdrəti də tükənməzdir, onun qarşısını almaq, onu qul halına salmaq heç bir qəsbkara nəsib ola bilməz. Filmdə Qırat, misri qılınc, Çənlibel qalası, Aşıq Cununun sazı və s. xalqın birliyindəki qüvvənin rəmzi olub, əsərin ideya məzmununu daha da dərinləşdirir. Filmdə mənə 3 rol həvalə olunmuşdur. Birincisi, çaparların müşayiəti ilə səfir rolunda çəkilən Ələddin Abbasovun at üstündə gəlişi göstərilir ki, oradakı çaparlardan biri mənəm. İkincisi, Əsgəran qalasındakı toy səhnəsində qapıçını oynayan şəxs çəkilişə gəlmədiyi üçün onu mən əvəz etməli oldum. Sonra Dəmirçioğlu Poladın roluna uyğun olan aktyoru tapmadıqları üçün məni sınaq çəkilişində yoxlayaraq rola təsdiq etdilər. Beləcə, filmdə 3 rolda oynadım”.

Ötən əsrin 60-cı illərinin mətbuatında verilmiş məlumatlardan aydın olur ki, sınaq çəkilişləri zamanı Koroğlu rolunu məşhur pəhləvan Sali Süleymanın oğlu – güləş üzrə dəfələrlə Bakı və respublika çempionu adını qazanmış Ağakərim Müxtəliyev, Nigar rolunu “Onun böyük ürəyi” filmindən tanıdığımız Tamilla Ağamirova yaratmalı imiş. Sonra fikir dəyişib. Filmin ilk kadrları Bakı ilə Mərəzə arasındakı ərazilərdə çəkilib. Kadrlarda Zaqatala, Qax, Balakən, Kəlbəcər və Göygölün təbii mənzərələrindən lövhələr də var.

Koroğlunun toy səhnəsi, Qıratın qaçırılması, habelə başda Koroğlu olmaqla, Azərbaycan xalqının yerli xanlara, bəylərə, paşalara qarşı apardığı mübarizəsinə aid bir sıra epizodlar Qarabağdakı Əsgəran qalasında çəkilib. Bu zaman 1200-ə qədər atlı və bir çox piyada çəkilişlərə cəlb edilib. Azərbaycanın qızıl laləli dağ yamacları, geniş, yaşıl düzləri filmdə bütün gözəlliyi ilə canlandırılıb.

Onu da qeyd edək ki, 1968-ci ildə qardaş Türkiyədə də “Koroğlu” eposu əsasında eyniadlı tarixi-bioqrafik bədii film çəkilib. Ayşe Şasanın ssenari müəllifi, Mehdud Ünün quruluşçu rejissor, Gani Turanlının operator olduğu həmin filmdə baş rolları Güneyt Arkın (Ruşen Ali–Koroğlu), Fatma Girik (Hüsnübala–Gülzar), Hayati Hamzaoğlu (Bolu Bəy), Zafer Karakaş (Eyvaz) ifa ediblər.

İlk Azərbaycan televiziya bədii filmi olan “Aygün” də 65 yaşındadır. Öncə unudulmaz Xalq şairimiz Səməd Vurğunun eyniadlı poemasının əsasında radio-tamaşa hazırlanması nəzərdə tutulubmuş. Ancaq rejissor Kamil Rüstəmbəyov “Aygün”ün ssenarisi üzrə bədii televiziya filmi çəkməyi qərara alıb. Bəstəkar Zakir Bağırov filmə musiqi bəstələyib.

Film–poemanın çəkilişləri çox çətin, ağır şəraitdə keçib. Çünki o vaxtlar televiziyaya bədii filmlərin yaradılması üçün vəsait ayrılmırdı və orada kino çəkilişi texnikası yox idi. Amma çəkiliş qrupunda əsərin ekranlaşdırılması arzusu yüksək idi deyə, bu iş fədakarcasına yerinə yetirilib.

“Aygün”də hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Filmdə əsas rolları Nəcibə Məlikova, Həsənağa Salayev və Rəna Topçubaşova ifa edirlər. Hadisələr şeir dili ilə təqdim olunur. Əslində, filmin maraqlı, canlı çıxmasında da başlıca rol oynayan o idi ki, şeir dili ilə tamaşaçıya çatdırılırdı. Tələbkar rejissor kimi tanınan Kamil Rüstəmbəyov çəkiliş prosesində aktyorlardan tələb edib ki, hər bir kadrda səslənən şeirləri hadisələrə uyğun ruhda, özü də əzbərdən ifa etsinlər. Filmin çəkilişində iştirak edən aktyorlar özləri də etiraf ediblər ki, filmin şeir dili ilə çəkilməsi məsuliyyətli olduğu qədər də, zövqverici olub. Bu baxımdan da hər hansı bir çətinlik hiss etməyiblər.

...Əsərin baş qəhrəmanları Aygünlə Əmirxan xoşbəxt cütlük idilər. Amma Əmirxanın içkiyə qurşanması onların ailəsini parçalayır. Aygün (N.Məlikova), Əmirxan (H.Salayev) və onların qızı Ülkər (R.Topçubaşova) xeyli əzab çəkirlər. Sonda Əmirxanın içkinin daşını atması və karyerasında nailiyyətlər qazanması sayəsində onlar yenidən birləşirlər.

Hər biri yaddaş oyadan, xatirələrlə zəngin olan ekran əsərlərinin yubileyləri ilə əlaqədar “səyahət”imiz beləcə davam edir. Çox istərdik ki, yenə də Azərbaycanda baxımlı, ibrətli, replikaları, dialoqları dillər əzbərinə çevrilən filmlər çəkilsin.

(ardı var)

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət