Azərbaycan səmimi tərəfdaş kimi əməkdaşlıqda maraqlıdır

post-img

Öz iqtisadi qüdrətini təmin edən ölkəmiz bu gün etibarlı tərəfdaş kimi Avropanın enerji sektorunda mühüm pay sahibidir. Eyni zamanda Azərbaycan enerji ehtiyatlarının təhlükəsiz və dayanıqlı tranzit ölkəsi kimi beynəlxalq miqyasda diqqət mərkəzindədir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasının və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasının Bakı Konqres Mərkəzində keçirilməsi bu strateji xəttin məntiqi davamı kimi yadda qaldı. Bu toplantılar Azərbaycanın enerji siyasətinin ardıcıllığını və beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirir. Bərpaolunan enerjinin tarazlı və davamlı inkişafı, enerji bağlantılarının regional səviyyədə daha da şaxələndirilməsi istiqamətində görülən işlər mühüm mərhələyə daxil olur. Bu təşəbbüslər ölkəmizin enerji təhlükəsizliyi sahəsində strateji rolunu gücləndirir və Azərbaycanı yaşıl enerji keçidində etibarlı tərəfdaş kimi önə çıxarır.

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, tədbirdə Prezident İlham Əliyev çıxışı ilə ölkəmizin enerji siyasətinin əsas istiqamətlərini bir daha bəyan etdi.

Dövlətimizin başçısı çıxışında ölkəmizin enerji siyasətinin prioritet istiqamətlərini və əldə olunan nəticələri təqdim edərək qeyd etdi ki, Məşvərət Şurasının illik iclasları çərçivəsində ötən dövrdə enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahəsində əməkdaşlıq güclənib. Azərbaycan qazının istehlakçı ölkələrinin sayı son illərdə 12-dən 16-ya yüksəlib və bu sahədə ölkə dünya liderlərindən biridir. Prezident həmçinin qaz tədarükünün Avropaya və Suriyaya qədər genişləndirildiyini, bunun regionda enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini bildirdi. Bununla yanaşı qarşıdakı illərdə yeni yataqlardan qaz hasilatının artırılması, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Avropa bazarına ixrac imkanlarının daha da artırılması planlaşdırılır.

Əlavə olaraq, Azərbaycan alternativ enerji mənbələrinə, külək, günəş və hidroenerji layihələrinə investisiyaları genişləndirir. Prezident qeyd etdi ki, 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi istehsal ediləcək, həm daxili tələbat, həm də ixrac üçün bu potensialdan istifadə olunacaq. Ölkəmizin başçısı həmçinin ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq enerji, süni intellekt və digər sahələrdə əməkdaşlıq, eləcə də Ermənistanın işğalından azad edilmiş ərazilərdə hidroenerji layihələrinin inkişafına da toxunaraq, bu istiqamətdə konkret layihələrin həyata keçirilməsinin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini söylədi. 

Deputat yekunda bildirib ki, Azərbaycan sağlam əməkdaşlıqda maraqlı tərəfdir. Ölkə başçısının qeyd etdiyi kimi Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Azərbaycan bütün iqtisadi və siyasi əməkdaşlıqda özünü səmimi tərəfdaş kimi təsdiqləyib. Ölkəmizin iqtisadi potensialından istifadə edən dövlətlər üçün də əməkdaşlıqda belə səmimi tərəfdaşlıq vacib şərtdir.

Siyasət