İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İŞİD-ə də istinad edərdimi?

post-img

Qurumun Azərbaycanla bağlı ədalətsiz qərarına növbəti sözardı

Ermənistanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” işi üzrə 18 iyun 2026-cı il tarixli ədalətsiz qərarı ətrafında müzakirələr getməkdədir. Əlbəttə, mövzunu qabardan, əsasən, ölkənin müxalif kəsimidir. O kəsim ki, Ermənistanda keçirilmiş 7 iyun seçkiləri nəticəsində parlamentdə əhəmiyyətli mandat yeri qazandı. O kəsim ki, revanşist və şovinist əhvali-ruhiyyədədir və Qarabağ avantürasına sadiqliyini göstərməkdədir.

Əlbəttə, bu yazı heç də Ermənistanın sərsəm düşərgəsinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı fonunda qaldırdığı ajiotaja cavab mahiyyəti daşımır və daşıya da bilməz. Necə deyərlər, it hürər, karvan keçər. Sözügedən məhkəmə qərarı üzərinə yenidən gəlməyimizi zəruriləşdirən bir sıra məqamlar var. Yazımız məhz həmin məqamlar barədədir.

Məlum olduğu kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məlum qərarını verərkən, artıq canını tapşırmış separatçı “Dağlıq Qarabağ respublikası”nın oyuncaq qurumlarına istinad edib. Bir anlıq qurumun terrorçu İŞİD-ə istinadən hansısa qərar çıxardığına dair durumu təsəvvürə gətirək. Belə bir hal mümkündürmü? Qətiyyən yox. Elə isə nəyə görə Azərbaycanla bağlı qərarda onun tərkibindəki keçmiş muxtar vilayətin ərazisində məskunlaşmış separatçı və terrorçuların yaratdıqları oyuncaq strukturların məlumatları əsas götürülür?

Burada “insan hüquqları ən ali dəyərdir” kimi əsaslandırmalar tam mənasızdır. Çünki tarixin zibilliyindəki “DQR”, mahiyyətcə, Azərbaycan torpaqlarının işğalı üzərində qurulmuş rejim idi. İşğal isə həm də insan hüquq və azadlıqlarının ən böyük pozuntu aktıdır. İnsan hüquq və azadlıqlarının pozulması xüsusundakı digər təmayüllər işğal faktının yanında heç nədir. Çünki insan öz torpağında, yaşadığı yurd yerində təcavüzlə üzləşibsə, onun elementar hüquqlarından söz açmağa dəyməz.

İŞİD-dən danışırdıq axı, onunla “DQR” arasında hansısa fərq yoxdur. Heç kəs bizi bunun əksinə inandıra bilməz. İŞİD də insanları hüquq və azadlıqlardan məhrum edirdi, Qarabağdakı keçmiş separatçı rejim də. Özü də söhbət təkcə dinc azərbaycanlıların öz torpaqlarından qovulmalarından getmir. Qarabağın erməni əhalisinə verilən zülmlərdən, onların aclıq və səfalət içərisində yaşamalarından danışırıq. Belə bir xunta rejiminə istinad varsa, deməli, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi son dərəcə mənfi presedent yaradır.

Heç şübhəsiz, məhkəmənin qərarı siyasi mahiyyət daşıyır. Yəni ali hesab edilən hüquq instansiyasının qərarında “DQR”ə istinad varsa, həmin istinadın nə üçün baş verməsindən asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsiz yanaşılır. Mənfi presendenti yaradan məhz bu hörmətsizlikdir. Hörmətsizlik isə öz növbəsində ərazi bütövlüyünü və suverenliyini şübhələndirmək üçün əsasdır. Ermənistandakı revanşist kəsim də məsələyə məhz bu prizmadan yanaşır, bir növ, tutacaq yer tapıbmış kimi davranır. Təxminən belə: “DQR”ə istinad varsa, deməli, onun mövcudluğu da qəbul edilir.

Sonda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” işi üzrə 18 iyun 2026-cı il tarixli qərarının ədalətsizliyini vurğulayan bir məqamın üzərində də dayanaq. Məlum olduğu kimi, məhkəmə sözügedən qərarı ilə 2016-cı ilin “Aprel müharibəsi” zamanı həyatını itirmiş Ermənistan ordusunun mayoru Hayk Toroyanın ölümü ilə bağlı valideynlərinin və bacısının iddiasını təmin edib. Deməli, bir erməni Azərbaycan ərazisindədir, bu əraziyə qeyri-qanuni daxil olub, üstəlik, onun üzərində silah var və bu şəxs öldürülür. AİHK isə qərar çıxarır ki, günahkar onu öldürənlərdir. Yəni məhkəmə indiki halda, məsuliyyətli tərəf kimi Azərbaycan dövlətini müəyyənləşdirir. Ən böyük ədalətsizlik də bundadır.

Bəli, insan kimi H.Toroyanın valideynlərinin və bacısının emosiyasını başa düşmək mümkündür. Onların əzizlərinin öldürülməsi ilə bağlı iddia qaldırmaq hüquqlarını da həmçinin. Üstəlik, bu şəxslərin nə isə tələb etmək haqlarının mövcudluğu anlaşılandır. Anlaşılmayan Azərbaycan dövlətinin məsuliyyət daşıyan tərəfə çevrilməsidir. Əgər İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ədalətli davransaydı, bu iş üzrə məsuliyyət daşımalı olan tərəf qismində yalnız Ermənistan Respublikası müəyyənləşməli idi. Çünki mayor rütbəsi daşıyan H.Toroyanı başqa dövlətin beynəlxalq hüquqla tanınmış ərazilərinə göndərən Ermənistan, daha dəqiq desək, ölkənin hərbi rəhbərliyi olub. Hər halda, erməni zabiti 2016-cı ildəki qoşunların təmas xəttinə qədər özbaşına gedib çıxmamış, müvafiq əmri yerinə yetirmişdi.

Ən sonda yenidən Ermənistandakı revanşist və şovinistlərin üzərinə qayıdaq. Məlum olduğu kimi, ölkə iqtidarı hazırda onlara qarşı mübarizə aparmaqdadır. Mübarizə həm də ona görə aparılır ki, bu kəsim erməni cəmiyyətini özünün miskin avantürist baxışları ilə zəhərləməkdə davam etməsin. Mövcud istiqamətdə, ümumən, hay ictimaiyyətinin ona illərlə danışılan nağıllardan, miflərdən və əsatirlərdən qurtulmasına yönələn nəzərəçarpacaq irəliləyişlər də var. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çıxardığı qərar isə keçmişin separatizm səhifəsini, işğal gündəliyini yenidən açır və bu, bütövlükdə erməni toplumunun barəsində söz açdığımız zəhərlənmədən qurtulmasına, əsl reallığı dərk etməsinə maneçilik törədir, yekun durum Cənubi Qafqazda sülhə və barışa xələl gətirir.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət