Zəfər yolunun vüsal köçləri

post-img

Xankəndi, Xocalı və Ağdərəyə 180 nəfərdən ibarət 44 ailə də qayıtdı

İcrası uğurla davam etdirilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində dünən Xankəndi şəhərinə, Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə növbəti köç gəlib. Daha 44 ailə məcburi köçkünlük həyatı ilə vidalaşaraq ata-baba yurdlarına dönüblər.

Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 34 nəfərdən ibarət 8 ailə, Xocalı rayonunun Ballıca kəndinə 7 nəfər (2 ailə), Badara və Xanabad kəndlərinin hər birinə isə 5 nəfərdən ibarət olmaqla 2 ailə köçürülüb. Eyni zamanda, Ağdərə rayonunun Vəngli kəndinə 23 nəfər (4 ailə), Həsənrizə 53 nəfər (13 ailə) və Çıldıran kəndinə eyni sayda 13 ailə köç edib.

İndiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlar doğma kənd və qəsəbələrində qarşılanaraq yeni mənzillərinin açarlarını təhvil alıblar.

Vətən həsrəti sona çatan sakinlər uzun illərdən sonra doğma yurdlarına qovuşmağın sevincini “Xalq qəzeti”nin oxucuları ilə bölüşüblər, hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə dövlət başçısına, torpaqlarımızı işğaldan azad edən qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Xankəndi şəhəri Kərkicahan qəsəbə sakini, Qarabağ müharibəsinin I qrup əlili, 76 yaşlı Vaqif Əsədov ailəsi ilə birlikdə uzun illər Gəncə Dövlət Regional Kollecin yataqxanasında məskunlaşdıqlarını, geri qayıdacaqları günə olan inamlarını bir gün olsa belə, itirmədiklərini dedi:

– Həyat yoldaşım, oğlum, gəlinim və 3 nəvəmlə bütün varlığımızla bağlı olduğumuz Kərkicahana qayıtdığım üçün çox xoşbəxtəm. Allaha şükürlər olsun, möhtərəm Prezidentimizin sayəsində ahıl yaşımda bu günləri görmək mənə qismət oldu. Sevincimizin həddi-hüdudu yoxdur. Gəlib çatanda üzümü dağalara tutub dedim ki, xoş gördük, əziz yurdumuz, biz də qayıtdıq!

Ailənin oğlu Səid Əsədov da təəssüratlarını paylaşdı:

– Bu elə bi möhtəşəm hissdir ki, ifadə etməkdə sözlər aciz qalır. Dövlətimiz var olsun, hər şəraiti olan beşotaqlı evlə təmin edilmişik, indi evə yerləşməklə məşğuluq. Daha bütün əziyyətli günlərimiz geridə qaldı, həyatımızda yeni mərhələ başlayır. Bundan sonra Kərkicahanın, Xankəndinin, ümumilikdə, Qarabağımızın inkişafı, çiçəklənməsi üçün əlimizdən gələni etməyə çalışacağıq. Allah belə qüruru və sevinci yaşamağı bütün arzulayanlara qismət etsin!

Qeyd edək ki, köç həyata keçirilən bütün yaşayış məntəqələrində sakinlərin rahat, təhlükəsiz şəkildə yaşamaları üçün hərtərəfli şərait yaradılıb, keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşdıqları ərazilər daimi içməli su, elektrik enerjisi, təbii qaz, yüksəksürətli rabitə xətti ilə təmin olunub.

Böyük Qayıdış çərçivəsində köç prosesi mərhələli şəkildə davam etdirilir.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Ağdərə



Sosial həyat