Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yayın bu çağında Goranboyun bəzi ərazilərində günəbaxan tarlaları artıq sarı rəngə boyanmağa başlayıb. Baxçakürd kəndində fermer Arzu Məmmədovun becərdiyi günəbaxan sahəsi də bu təsərrüfatlardan biridir.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev əkin sahəsində olub, görülən işlərlə maraqlanıb. Sahəyə baxış zamanı günəbaxanın vəziyyəti, məhsuldarlıq perspektivləri, suvarma imkanları və mövsüm ərzində aparılan aqrotexniki tədbirlər barədə məlumat verilib.
Fermer bildirib ki, günəbaxan əkininə vaxtında qulluq göstərilib, zəruri becərmə işləri həyata keçirilib. Hazırda sahənin vəziyyəti qənaətbəxş qiymətləndirilir və yaxşı məhsul əldə olunacağı gözlənilir.
Məhərrəm Quliyev kənd təsərrüfatının rayon iqtisadiyyatında mühüm yer tutduğunu qeyd edib, fermerlərin fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlərin davam etdirildiyini bildirib. O, dövlət tərəfindən aqrar sahəyə göstərilən dəstəyin kənd yerlərində məşğulluğun artırılmasına və məhsul istehsalının genişlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb.
Söhbət zamanı fermerlər kənd təsərrüfatı sahəsində onları maraqlandıran məsələləri də səsləndiriblər. Fikir mübadiləsi aparılıb, bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, son illər Goranboy rayonunda günəbaxan əkininə maraq artıb. Bu da həm yağlı bitkilər istehsalının genişlənməsinə, həm də torpaqlardan daha səmərəli istifadəyə imkan yaradır.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri



