Mühacirət ədəbiyyatşünaslığının tədqiqinə yeni töhfə

post-img

Azərbaycan mühacirət ədəbiyyatının və mətbuatının əsas tədqiqatçılarından olan filologiya elmləri doktoru, professor Abid Tahirlinin bu istiqamətdə daha bir monoqrafiyası nəşr olunub. “Nağı Şeyxzamanlının həyatı və yaradıcılığı”ndan bəhs edən monoqrafiyada Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Nağı Şeyxzamanlının (Nağı Keykur) həyat və yaradıcılığı ətraflı şəkildə təhlil və tədqiq edilib. Xatırladaq ki, Nağı Şeyxzamanlı Azərbaycan tarixində həm də Əksinqilab ilə Mübarizə Təşkilatının (ƏMT) rəhbəri kimi tanınır. Qeyd edək ki, 1883-cü ildə Gəncədə dünyaya gələn N. Şeyxzamanlı 1967-ci ildə mühacirətdə-İstanbulda dünyasını dəyişib.

AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru Nikpur Cabbarlı, rəyçilər filologiya elmləri doktorları Lalə Həsənova, Şahbaz Şamiloğlu və qardaş Türkiyə Cümhuriyyətindən ədəbiyyatşünas alim  dr.Şakir Diclehandır. Kitaba  “Vəfa  borcu, yaxud həqiqət aşiqliyi”  adlı Ön sözü yazıçı- publisist Sərvaz Hüseynoğlu yazıb.

Monoqrafiyanın Giriş hissəsində mühacirətşünas alim bu mövzuya müraciətinin məqsəd və məramını açıqlayır. Bildirir ki, sovet dönəmində mühacirlərin və onların yaratdığı elmi, bədii, publisistik irsin tədqiqinə birmənalı olaraq mənfi münasibət bəslənilmiş, nəinki onları təbliğ etmək, hətta adlarını çəkmək belə yasaq edilmişdir. Yasaq olunan mühacir ədiblərdən biri də Nağı Şeyxzamanlı olmuşdur. Prof. Abid Tahirli müstəqillik dövründə N. Şeyxzamanlının həyatının və bədii irsinin tədqiqini və təbliğinini aktual hesab etdiyini və araşdırmalarını da bu istiqamətdə apardığını deyir.

Tədqiqat işinin ilk bölümündə “Nağı Şeyxzamanlı irsinin tədqiqi tarixi və vəziyyəti” təhlil edilir. Bu bölümdə mühacir ədibin həyatının və ictimai fəaliyyətinin maraqlı səhifələri varaqlanır, istiqlal və milli hakimiyyət uğrunda ideoloji mücadiləsindən bəhs olunur. 

Monoqrafiyanın ikinci bölümündə  “Biz və onlar: problemlər, iftiralar, ixtilaflar” məsələsi bir neçə istiqamətdə təhlil olunur.  “Nağı Şeyxzamanlı qələmində H. Z.Tağıyev”  bölümündə mühacir ədibin tanınmış milyonçu, xeyriyyəçi Nacı Zeynalabdinə hər etdiyi silsilə məqalələrdən bəhs olunur, bu yazıların mənfi və müsbət tərəfləri araşdırılaraq məntiqi nəticələr çıxarılır. 

Qeyd edək ki, “Nağı Şeyxzamanlı irsində qaçaqlar mövzusu” monoqrafiyanın ən maraqlı və diqqətçəkən bölümlərindəndir. Bu bölümdə müəllif  N. Şeyxzamanlının “Azərbaycan” (Ankara) dərgisində  qaçaq hərəkatına, onların ən tanınmış nümayəndələrinə həsr etdiyi  “Qaçaqlar”, “Qaçaq Nəbi”, “Qaçaq Dəli Alı” silsilə yazılarından bəhs edilir.

Kitaba tədqiqatın mövzusu ilə bağlı tənqidçi rəylərinin, foto-materialların, əlavələrin daxil edilməsi  monoqrafiyanın elmi dəyərini artırır, bu sahə üzrə ixtisaslaşmaq istəyən tədqiqatçılara əməli istiqamət, tədqiqat mövzusu verir. Qeyd edək ki,  “Nağı Şeyxzamanlının həyatı və yaradıcılığı” prof. Abid Tahirlinin sayca 20-ci monoqrafiyasıdır və təkcə elmi ictimaiyyət üçün deyil, geniş oxucu dairəsi üçün nəzərdə tutulub.

Esmira İsmayılova

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Mədəniyyət