AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri,fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” adlı üçcildlik əsərinin III cildinin təqdimat mərasimi keçirilib.
Təqdimatı giriş sözü ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə açıb və bildirib ki, milli ideya xalqın tarixi yaddaşını, milli-mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və gələcək inkişaf məqsədlərini özündə birləşdirən mühüm mənəvi-siyasi konsepsiyadır. Milli ideologiya hər bir xalqın tarixi yaddaşını, siyasi varlığını və gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas fəlsəfi-siyasi sistem kimi çıxış edir.
Dosent Faiq Ələkbərli çıxışında qeyd edib ki, çoxcildli əsərin üçüncü cildində XX əsrin sonu və XXI əsrin ilk rübündə Azərbaycanda və Türk dünyasında baş verən fəlsəfi-siyasi proseslər araşdırılıb. Müəllifin sözlərinə görə, əsərdə milli ideya və ideologiyaların müasir dövrdə aktuallığı təhlil olunub, klassik və postklassik azərbaycançılıq, eləcə də türkçülük təlimi ilə bağlı yeni yanaşmalar irəli sürülüb.
Müəllif vurğulayıb ki, monoqrafiyada Azərbaycançılıq, Bütöv Azərbaycançılıq və Türkçülük ideyaları ilk dəfə sistemli şəkildə tədqiqata cəlb olunub. Onun fikrincə, bu ideyalar milli kimliyin formalaşması, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova kitabın elmi və ictimai əhəmiyyətindən danışıb. Fəlsəfə elmləri doktorları professor Əli Abbasov, professor Əbülhəsən Abbasov, professor Rəna Mirzəzadə, professor Füzuli Qurbanov, tarix elmləri doktoru Eynulla Mədətli, həmçinin digər alim və tədqiqatçılar çıxış edərək əsərlə bağlı fikirlərini bölüşüb, müəllifə uğurlar arzulayıblar.
Sonda dosent Faiq Ələkbərli təqdimat iştirakçılarına maraqlı fikir mübadiləsinə, səsləndirilən dəyərli təklif və tövsiyələrə görə təşəkkürünü bildirib.
XQ



