Yevlaxın bərəkətli torpaqları üz ağardır...

post-img

Əməkdaşımız ezamiyyətdən qayıdıb

Hazırda bütün ölkədə olduğu kimi, Aran iqtisadi rayonuna daxil olan Yevlaxda dövlət başçısının məlum müşavirədə qarşıya qoyduğu məsələlərin, verdiyi tapşırıq və tövsiyələrin icrası istiqamətində mühüm işlərin görülməsinə başlanılıb. Ölkənin iqtisadi inkişafına, ərzaq təhlükəsizliyinin təminatına mühüm töhfələr verən yevlaxlılar Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələrin icrası üçün bütün imkanları səfərbər ediblər.

Taxıl biçini mütəşəkkil qaydada davam edir 

Son illər rayonda taxılçılığın inkişafına diqqət getdikcə artırılır. Bu sahədə yüksək nəticələrin əldə olunması üçün məhsuldar sortlar əkilir. Əkin sahələrinə aqrotexniki qaydada qulluq göstərilir, gübrə və texnikalarla təminat yüksək səviyyədə təşkil olunur. Bütün bunların nəticəsidir ki, ötən il rayon üzrə 35 min 397,3 min ton taxıl tədarük olunub, hektarın orta məhsuldarlığı iə 34,2 sentner təşkil edib.

Cari ilin məhsulu üçün rayonda, ümumilikdə, 10 min 777,2 hektar sahədə taxıl əkilib. Bunun da 4 min 226,6 hektarı buğdanın, 6 min 550,6 hektarı arpanın payına düşüb. Hazırda ölkənin əksər bölgələrində olduğu kimi,  Yevlax rayonunda da  taxıl biçini mütəşəkkil şəkildə davam edir. Məhsulun vaxtında və itkisiz yığılmasını təmin etmək üçün qabaqcıl texnikalar səfərbər olunub. 

Yevlax Rayon İcra Hakimiyyətindən bildirdilər ki, indiyədək 3 min 250 hektar buğda sahəsində biçin başa çatdırılıb. Bunun da hesabına zəmilərdən 10 min 642 ton məhsul toplanıb. Buğda sahələri üzrə hektarın orta məhsuldarlığı 38 sentner təşkil edib. Xatırladaq ki, ötən il bu rəqəm 37,8 sentner olub. Hazırda buğda biçini sürətlə davam edir.

Bununla yanaşı, mövsümün əvvəlindən indiyədək 6 min 500 hektar arpa sahəsində biçin həyata keçirilib. Hər hektardan orta hesabla 31,6 sentner məhsul yığılıb. Bu isə ötənilki göstəricidən bir qədər yüksəkdir. Artıq rayonun arpa sahələrində biçin yekunlaşmaq üzrədir. Yeri gəlmişkən, rayonda biçin kampaniyasına iyunun 10-da start verilib. Artıq sahələrin, təxminən, 90 faizində biçin başa çatdırılıb ki, bu da ölkə üzrə ən yaxşı göstərici sayıla bilər. 

Qeyd edək ki, rayonda taxıl biçinini optimal müddətdə başa çatdırmaq üçün sahələrə 20 kombayn cəlb edilib. Bunun da 12-si “Aqroservis” ASC Yevlax regional nümayəndəliyinin balansında olan texnikalardır.

Bununla yanaşı, fermerlər tərəfindən bu ilin məhsulu üçün 611 hektar sahədə yazlıq qarğıdalı əkilib. Eyni zamanda, təsərrüfatlarda əlavə olaraq təkrar qarğıdalı əkinlərinin aparılması nəzərdə tutulur. Hədəf isə rayon üzrə qarğıdalı sahələrini 1000 hektara çatdırmaqdır. Mövsümün əvvəlindən rayonunun təsərrüfatlarında 1013 hektar sahədə günəbaxan əkilib. Hazırda fermerlər yüksək məhsuldarlığa nail olmaq üçün əkin sahələrinə lazımi aqrotexniki qulluq göstərirlər. 

Digər bitkiçilk məhsulları üzrə göstəricilər də uğurludur

Yevlaxda kartofçuluğun inkişafı da diqqət mərkəzində saxlanılır. Ötən təsərrüfat ilində rayon üzrə 160 hektar sahədə kartof əkilib, 1768 ton məhsul toplanıb. Hər hektardan orta hesabla 110,5 sentner məhsul əldə edilib. Cari ilin məhsulu üçün isə təsərrüfatlarda 165 hektar sahədə kartof əkilib. Artıq təsərrüfatlarda məhsul yığımına hazırlıq görülür. Bu il rayon üzrə kartof istehsalında da yüksək artım gözlənilir.

Çəltikçilik Yevlax rayonu üçün ənənəvi əkin növü sayılmasa da, son illər bu sahəyə də marağın artması müşahidə olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il rayon üzrə 146 hektar sahədə çəltik əkilib, tarlalardan 458,4 ton məhsul yığılıb. Bu sahədə hektarın orta məhsuldarlığı 31,4 sentner təşkil edib. Yevlax fermerləri bu ilin məhsulu üçün isə 148 hektar sahədə çəltik əkiblər. Hazırda sahələrə lazımi aqrotexniki qulluq göstərilir.

Rayonun iqlim və torpaq şəraiti tərəvəzçilik və bostan məhsullarının yetişdirilməsi üçün də olduqca münasibdir. Ötən il rayon üzrə tərəvəz əkini həyata keçirilmiş 599 hektar sahədən 6 min 963,1 ton məhsul yığılıb. Tərəvəzçilikdə hektarın orta məhsuldarlığı isə 116,2 sentner təşkil edib. 

Bununla yanaşı, 240 hektar sahədə bostan bitkiləri əkilib. Bunun da hesabına sahələrin hər hektarından orta hesabla 270,3 sentner olmaqla 3 min 168,8 ton məhsul yığılıb. Bu ilin məhsulu üçün isə rayon üzrə müvafiq olaraq 650 hektardan çox tərəvəz və 248,6 hektar bostan bitkiləri əkilib. Rayon üzrə 1155,2 hektar sahədə meyvə bağları salınıb. Bunun da hesabına bağların hər hektarından orta hesabla 137,9 sentner olmaqla 935,9 ton yüksək keyfiyyətli meyvə yığılıb.

Yevlaxda baramaçılıq da ənənəvi kənd təsərrüfatı sahələrindən sayılır. 2025-ci ildə kümçülərə 100 qutu ipəkqurdu paylanıb. Nəticədə, 3 min 870,5 kiloqram yüksək keyfiyyətli barama istehsal olunaraq tədarük məntəqələrinə təhvil verilib. Baramaçılıqda əldə olunmuş uğurlu nəticə rayonda bu sahəyə marağın bir qədər də artmasına səbəb olub. Elə cari ilin məhsulu üçün kümçülərə daha çox--130 qutu ipəkqurdunun paylanması da bunu təsdiqləyir. Çəkilmiş əziyyətin uğurlu nəticəsi isə göz qabağındadır: bugünədək tədarük məntəqələrinə 4 min 334 kiloqram barama təhvil verilib. Hazırda rayon üzrə barama tədarükü davam etdiyindən bu, son rəqəm sayıla bilməz. 

Yevlax ölkənin qabaqcıl pambıqçılıq rayonuna çevrilir

Son illər Yevlax rayonunda pambıq əkini dövlət proqramları və subsidiya dəstəyi ilə genişləndirilir. Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbasəli Rüstəmov XQ-yə müsahibəsində bildirdi ki, əvvəllər pambıq əkilməyən rayonda son 5-6 ildə bu sahəyə maraq xeyli artıb. Bu da pambıqçılığa göstərilən hərtərəfli dövlət dəstəyinin məntiqi nəticəsidir. Onun sözlərinə görə, ötən il rayon üzrə 3 min 301 hektar sahədə pambıq əkilib. Bunun da hesabına tarlalardan 11 min 826,9 ton “ağ qızıl” toplanıb. 

Cari ilin məhsulu üçün isə 2 min 990,08 hektar sahədə pambıq əkini ilə bağlı şirkətlərlə müqavilə bağlanıb. Mövsümün əvvəlində 2 min 953 hektar sahədə çiyid səpini həyata keçirilib. Bunun isə 2 min 106 hektarında yaxşı çıxış alınıb. Pambıq əkini sahəsində “Prime Cotton”, “Eden Aqro” “Goran Cotto”, “Azərpambıq” məhdud məsuliyyətli cəmiyyətləri və digər şirkətlər xüsusi fəallıq göstəriblər: “Bu şirkətlər fermerlərə hərtərəfli dəstək göstərirlər. Məsələn, pambıq əkini üçün lazım olan texnika və digər vasitələr təmin olunur. Ötən il rayonda orta məhsuldarlıq hər hektardan, təxminən, 40 sentner təşkil edib ki, bu da ölkə üzrə yüksək nəticə hesab olunur. Bu, həm də onu göstərir ki, rayonun torpaq-iqlim şəraiti pambıqçılıq üçün olduqca əlverişlidir. Biz də bu sahənin inkişafı üçün lazımi tədbirlər görmüşük. Cari ildə də pambıq əkinlərinə xüsusi diqqət yetirilib və hazırda sahələrdə becərmə işləri davam etdirilir”.

Pambıqçılıqda dövlət dəstəyinin mühüm rol oynadığını vurğulayan mərkəz rəhbəri onu da bildirdi ki, bu sahədə əkin subsidiyası deyil, məhsul subsidiyası tətbiq edilir. Yəni fermerlərə hər hektara görə deyil, təhvil verdikləri məhsulun həcminə görə subsidiya ödənilir. Pambığın hər kiloqramına görə verilən subsidiya isə fermerlərdə daha çox məhsul əldə etməsinə maraq yaradır. Hazırda şirkətlər pambığın bir kiloqramını bazar qiyməti ilə alır, əlavə olaraq dövlət tərəfindən də hər kiloqrama görə subsidiya ödənilir. Bu isə pambıqçılıqla məşğul olan fermerlər üçün əlavə gəlir mənbəyi yaradır. Məsələn, pambığın bir kiloqramını tədarük məntəqələrinə 80 qəpiyə təhvil verən fermerlər yetişdirdikləri hər kiloqram məhsula görə dövlətdən əlavə olaraq 19,5 qəpik subsidiya alırlar.

Texnika və suvarma suyu ilə təminatda da hər hansı bir problemin olmadığını bildirən A.Rüstəmov qeyd etdi ki,  pambığın əkilməsi, becərilməsi və yığılması üçün lazım olan texnikalar şirkətlər tərəfindən təmin edilir. Hazırda pambığın böyük hissəsi müasir texnikalar vasitəsilə yığılır və əl əməyinə, demək olar ki, ehtiyac qalmayıb.

“Yevlax rayonda pambıq əkən fermerlərin sayı kifayət qədər çoxdur. Əkin sahələri də ildən-ilə genişlənir. Fermerlərin gübrə və digər kənd təsərrüfatı vasitələri ilə təminatında da problem yaşanmır. Gübrə satan şirkətlər tərəfindən həm fosforlu, həm azotlu, həm də digər növ gübrələr fermerlərə təqdim olunur”–deyə o əlavə etdi.

Eyni zamanda, subsidiya sistemi vasitəsilə fermerlər güzəştlərdən də yararlana bilirlər. Dövlət gübrələrin və digər kənd təsərrüfatı vasitələrinin müəyyən hissəsini subsidiya hesabına kompensasiya edir. Nəticədə, fermerlərin xərcləri azalır və istehsala maraq artır.

Heyvandarlığın inkişafı ərzaq təhlükəsizliyinə təminat yaradır

Kənd təsərrüfatının digər mühüm sahəsi olan heyvandarlığın inkişafı da prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılır. Ötən il rayon üzrə iri və xırda buynuzlu mal-qaranın baş sayı müvafiq olaraq 79 min 566 və 185 min 713, quşların baş sayı isə 458 min 147 olub. İl ərzində heyvandarlıq məhsullarının istehsalı sahələrində uğurlu nəticələrə imza atılıb. Belə ki, rayon üzrə diri çəkidə 9 min 473,4 ton ət, 38 min 442,4 ton süd, 363,6 ton yun və 19 milyon 446 min ədəd yumurta istehsal olunub.

Royonun aqrar sektorunun mövcud vəziyyətini əks etdirən bu rəqəmlər bir qədər yorucu görünsə də, əslində onların hər biri kəndli, fermer əməyinin gərgin nəticələrindən xəbər verir. Onların sayı isə olduqca çoxdur. Bu gün Yevlaxda torpağa, zəhmətə qəlbən bağlı olan təsərrüfat sahiblərindən sayılan fermer Telman Novruzovu tanımayan yoxdur. O, ölkədə kənd təsərrüfatının inkişafı sahəsində xidmətlərinə görə Prezident İlham Əliyevin 3 noyabr 2022-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb. 

Ömrünün çox hissəsini torpağa həsr edən bu qabaqcıl təsərrüfat fədaisi 1997-ci ildən aqrar sektorda çalışır. Rayonun Nemətabad kəndində yaşayan fermer T.Novruzovun öhdəsində 53 hektar özəl, 120 hektar əkin və örüş bələdiyyə torpağı, eləcə də fərdi təsərrüfat sahiblərindən icarəyə götürdüyü 23 hektar torpaq sahəsi var. 2025-ci ildə 46 hektar sahədə pambıq becərən fermer T.Novruzov 225,4 ton “ağ qızıl” toplayaraq tədarük məntəqələrinə təhvil verib. Təsərrüfatında pambığın orta məhsuldarlığı hər hektar üçün 49 sentner təşkil edib, ki bu da ölkə üzrə yüksək göstərici sayılır. Bununla yanaşı, fermer öhdəsində olan torpaqlarda 23 hekter buğda və 18 hektar arpa əkib. Hər iki istiqamətdə də uğurlu nəticələrə imza atmağa nail olub. O, il ərzində119,6 ton buğda və 81 ton arpa tədarük edib. Buğda və arpa sahələrində hektarın orta məhsuldarlığı isə müvafiq olaraq 52 və 45 sentner təşkil edib ki, bu da respublika üzrə yüksək göstərici sayılır.

Qabaqcıl fermer bu ilin məhsulu üçün isə 30 hektar sahədə pambıq, 21 hektarda arpa və 28 hektarda buğda əkib. Sahələrdə bol məhsul yetişdirməyə müvəffəq olmuş T.Novruzov arpa biçinini tam yekunlaşdırıb. Mövsümün əvvəlindən 11,3 ton arpa tədarük edən fermer hər hektardan orta hesabla 53 sentner məhsul toplayıb. Hazırda isə təsərrüfatçı buğda biçininə hazırlaşır. Onun bu sahədə də yüksək nəticə əldə edəcəyi heç kəsdə şübhə doğurmur. Fermerin təsərrüat qayğılari isə, necə deyərlər, başdan aşır. Axı o, həm də rayonun nümunəvi, qabaqcıl pambıqçılarından sayılır. İndi biçinlə yanaşı, əkdiyi pambıq sahələrinə də yüksək aqrotexniki qulluq göstərir. 

Telman Novruzov əkin-biçinlə yanaşı, ölkənin ət və ət məhsulları ilə təminatına da mühüm töhfələr verir. Bu məqsədlə o, təsərrüfatında 140 baş iribuynuzlu və 280 baş xırdabuynuzlu mal-qara bəsləyir. Heyvanların yemə olan tələbatının ödənilməsi üçün isə 18 hektar sahədə yonca əkib.  

Yevlax Aqropark...

Ölkəmizdə aqrar sahənin inkişafı dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Son illərdə həyata keçirilən islahatlar, fermerlərə göstərilən dəstək və müasir aqrar layihələrin yaradılması kənd təsərrüfatının inkişafına mühüm töhfə verir. Ölkə başçısının bu sahədə verdiyi mühüm tapşırıqlara uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu yaxınlarda Azərbaycanda kənd təsərrüfatının inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramının qəbul edilməsi də bu diqqətin bariz nümunəsidir.

Aqrar sahədə həyata keçirilən mühüm layihələrdən biri də ötən il istifadəyə verilən və açılışında cənab Prezidentin iştirak etdiyi Yevlax Pilot Aqroparkıdır.

Ümumi ərazisi 2 807 hektar olan Yevlax Pilot Aqroparkda torpaq sahəsinin 2 406 hektarı 34 rezidentə ayrılmışdır. Aqroparkın ərazisinin 1 185 hektarını çoxillik əkinlər, 1 298 hektarını birillik əkinlər, 141 hektarını isə sənaye zonası təşkil edir. Hazırda aqroparkda rezidentlərə ayrılmış 20 hektarlıq parsellər üzrə 615 hektar sahədə müasir suvarma sistemlərinin tətbiqi ilə intensiv və superintensiv meyvə bağları salınmış, 6 hektar sahədə müasir tingçilik təsərrüfatı yaradılmış, 1 298 hektar sahədə isə birillik əkinçilik fəaliyyəti həyata keçirilir. Həmçinin aqroparkda damazlıq yumurta, meyvə, ting və digər bitkiçilik məhsullarının istehsalı təşkil olunmuşdur.

Bu günədək rezidentlər tərəfindən aqroparka 63 milyon manat investisiya yatırılmış, 185 daimi və 593 mövsümi iş yeri yaradılmışdır. 2025-ci ildə rezidentlər tərəfindən 8,3 milyon manat dəyərində məhsul satışı həyata keçirilmişdir. 

Aqroparkda müasir “ağıllı kənd təsərrüfatı” həlləri də geniş tətbiq olunur. Meyvə bağlarında quraşdırılmış iqlim stansiyaları, torpaq nəm sensorları və feromon tələləri suvarma prosesinin optimallaşdırılmasına, xəstəlik və zərərvericilərin erkən aşkarlanmasına və ümumilikdə istehsalın daha səmərəli təşkilinə imkan yaradır.

Bütün bu göstəricilər aqroparkın aqrar sahədə əlavə dəyərin və ixrac potensialının artırılması, intensiv texnologiyaların tətbiqinin genişləndirilməsi, özəl investisiyaların təşviqi, kənd yerlərində dayanıqlı məşğulluğun və gəlir imkanlarının artırılması baxımından uğurlu model kimi formalaşdığını göstərir.

Aqroparkın mühüm üstünlüklərindən biri də rezidentlərin dövlət vəsaiti hesabına yaradılmış müasir mühəndis-kommunikasiya infrastrukturu – su, elektrik enerjisi, qaz və yol təminatı ilə tam şəkildə əhatə olunmasıdır.

Rezident: “Aqrotop” MMC-nin direktoru Qalib Nuriyev dedi:

–Yevlax Pilot Aqroparkının rezidenti və bağçılıq təsərrüfatının sahibi olaraq deyə bilərəm ki, burada yaradılan şərait fəaliyyətimizin inkişafına ciddi dəstək olub. Dövlət tərəfindən yaradılmış müasir infrastruktur – su, elektrik enerjisi, qaz və yol təminatı istehsal prosesinin daha səmərəli təşkilinə imkan yaradır və fermerlərin üzərindəki bir çox yükü aradan qaldırır.

Hazırda təsərrüfatımızda intensiv və superintensiv meyvə bağları üzrə müasir texnologiyalardan istifadə olunur. Meyvə bağlarında quraşdırılmış iqlim stansiyaları və torpaq nəm sensorları suvarma prosesinin daha dəqiq idarə edilməsinə, sudan səmərəli istifadəyə və məhsuldarlığın yüksəlməsinə imkan yaradır.

Ümumilikdə, əldə etdiyimiz nəticələr göstərir ki, müasir aqrotexniki yanaşmalar və dövlət dəstəyi kənd təsərrüfatında yüksək səmərəliliyə nail olmağa şərait yaradır. Biz də aqropark rezidentləri olaraq bu artım dinamikasına öz töhfəmizi veririk.

Bir fermer kimi dövlətimizin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğını gündəlik fəaliyyətimizdə hiss edirik. Bu dəstək bizə istehsal həcmini artırmağa, yeni texnologiyalar tətbiq etməyə və gələcək inkişaf planlarımızı daha inamla həyata keçirməyə imkan verir.

Yevlax Pilot Aqroparkı bizim üçün yalnız istehsal məkanı deyil, həm də müasir bilik və texnologiyaların tətbiq olunduğu, təcrübə mübadiləsinin aparıldığı və aqrar sahənin inkişafına xidmət edən uğurlu bir platformadır.

Aqrar subsidiya və aqrar sığorta: fermerin yardımçısı və xilaskarı…

Hazırda bütün ölkədə olduğu kimi, Yevlaxda da kənd təsərrüfatı istehsalçılarına dəstək məqsədilə dövlət subsidiyaları tətbiq edilir. Rayonda dövlət tərəfindən fermerlərə göstərilən dəstək tədbirləri çərçivəsində subsidiya mexanizmi ildən-ilə təkmilləşdirilir və subsidiya məbləğlərində artımlar müşahidə olunur. Yevlax rayonunda əsas əkin sahələrini taxıl bitkiləri, xüsusilə buğda və arpa təşkil edir. Bu əkinlərə görə fermerlərə dövlət tərəfindən subsidiya ödənilir. Hər hektar üzrə müəyyən edilmiş məbləğdə maliyyə dəstəyi göstərilir.

Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirdilər ki, cari ildə rayon üzrə buğda və arpa əkinlərinə görə, ümumilikdə, milyonlarla manat subsidiya vəsaiti ayrılıb. Bununla yanaşı, qarğıdalı, günəbaxan, pambıq və digər strateji məhsullar üzrə də subsidiyalar tətbiq olunur. Rayonda təkrar əkinlər də geniş şəkildə həyata keçirilir. Təkrar əkin proqramına qarğıdalı, günəbaxan, çəltik, soya, sorqo və kartof kimi bitkilər daxildir. Bu bitkilərin hər hektarına görə fermerlərə əlavə olaraq 100 manat məbləğində subsidiya ödənilir.

Ötən il təkrar əkinlərə görə də fermerlərə xeyli məbləğdə subsidiya verilib. Eyni zamanda, pambıqçılıq, taxılçılıq və digər istiqamətlər üzrə də dövlət dəstəyi davam etdirilib. Subsidiyaların ödənilməsi isə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Ötən müddətdə Yevlax rayonu üzrə, təxminən, 11 minə yaxın fermer və fərdi təsərrüfat sahibi bu sistemdə qeydiyyatdan keçib. Torpaq istifadəçilərinin böyük əksəriyyəti elektron sistem üzərindən subsidiyalardan yararlanır. Ümumilikdə, dövlət tərəfindən göstərilən maliyyə dəstəyi fermerlərin istehsal imkanlarının genişlənməsinə, məhsuldarlığın artırılmasına və kənd təsərrüfatının inkişafına mühüm töhfə verir. 

Aqrar sığorta mexanizmi isə, sözün həqiqi mənasında, fermerin himayədarı və dostu funksiyasını yerinə yetirir. Hazırda bütün ölkədə olduğu kimi, Yevlaxda da bütün əkin sahələri sığortalanır. Yeri fəlmişkən, aqrar sığorta mexanizminin şərtlərinə əsasən, 10 hektardan yuxarı əkin sahələri mütləq qaydada sığorta olunmalıdır ki, fermer həm dövlətin subsidiya dəstəyindən yararlana bilsin, həm də təbiət hadisələri zamanı dəymiş ziyana görə sığorta vəsaiti ala bilsin. 

Aqrar Sığorta Fondu və sığorta şirkətlərinin nümayəndələri mütəmadi olaraq fermerlərlə görüşür, maarifləndirmə işləri aparırlar. Fermerlər sığorta müqavilələrini bağlayaraq əkinlərini müxtəlif risklərdən qoruyurlar. Sığorta prosesi elektron müraciət sistemi vasitəsilə həyata keçirilir. Fermer müraciət etdikdən sonra müvafiq şirkət və ya qurum tərəfindən məlumatlar yoxlanılır və müqavilə rəsmiləşdirilir. Qiymətləndirmə isə qanunvericiliyin tələblərinə uyğun olaraq mütəxəssislər tərəfindən aparılır. Dəymiş zərər təsdiqləndikdən sonra fermerlərə müvafiq sığorta ödənişləri həyata keçirilir.

Metodik tövsiyələr, treninqlər... 

Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbasəli Rüstəmov deyir ki, kənddə yaşayan insanların əsas dolanışığı torpaqdan çıxdığı üçün axtilə dövlət tərəfindən vətəndaşlara torpaq payları verilib. Hazırda hər kəs öz pay torpağından sərbəst istifadə edir, müstəqil şəkildə əkin aparır, məhsul yetişdirir və öz təsərrüfatlarını inkişaf etdirir. 

Bu gün Yevlaxda istifadəsiz qalan torpaq sahəsinin olmadığını vurğulayan mərkəz rəhbəri hazırda həm fərdi təsərrüfat torpaqlarından, həm də pay torpaqlarından səmərəli istifadə olunduğunu bildirdi: “Kənd əhalisinin gəlirləri, əsasən, torpaqdan əldə edilən məhsullar hesabına formalaşır. Bəzi ərazilərdə torpaqların münbitliyi daha yüksəkdir, bəzi ərazilərdə isə torpağın xüsusiyyətlərinə uyğun bitkilər seçilir. Məsələn, bəzi bölgələrdə torpaqlar şoranlığa meyilli olduğuna görə burada şoranlığa davamlı bitkilər, xüsusilə arpa becərilir. Digər ərazilərdə isə pambıqçılıq daha geniş yayılıb. Torpağın tərkibi və münbitlik səviyyəsi nəzərə alınaraq uyğun kənd təsərrüfatı bitkiləri seçilir. Beləliklə, torpaq sahələri boş qalmır və onlardan səmərəli istifadə olunur”.

Bu baxımdan aqrar sektorda fəaliyyət göstərən fermer və fərdi  təsərrüfat sahibləri ilə maarifləndirmə işinin də yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran A.Rüstəmov söhbətinin davamında bildirdi: “Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları fermerlərlə daim əlaqə saxlayır, onların təsərrüfatlarına baş çəkir, qayğı və problemləri ilə maraqlanırlar. Bu sahədə əsas fəaliyyət istiqamətlərindən biri informasiya-məsləhət xidmətlərinin göstərilməsidir. Fermerlərə əkinçilik və becərmə qaydaları, müxtəlif bitkilərin aqrotexniki xüsusiyyətləri, hansı gübrələrin tətbiq olunması, hansı xəstəlik və zərərvericilərə qarşı hansı mübarizə tədbirlərinin görülməsi barədə mütəmadi məlumat verilir.

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Aqrar Təlim Mərkəzi tərəfindən fermerlər üçün mütəmadi təlimlər təşkil olunur. Həmin təlimlər isə mövsümi işlərə uyğun şəkildə keçirilir. Məsələn, Dövlət Aqrar İnkişaf Mərkəzlərində fermerlər üçün müxtəlif mövzularda maarifləndirici tədbirlər təşkil edilir. Fermerlər qruplar halında təlimlərə dəvət olunur və onlara aktual mövzular üzrə məlumatlar təqdim edilir. Məsələn, payızlıq əkinlərin hazırlanması, səpin işlərinin aparılması, yazlıq əkinlərə hazırlıq və digər mövzular ətrafında müzakirələr aparılır. Aqrar Təlim Mərkəzinin mütəxəssisləri fermerlərin maraqlandığı sualları cavablandırır, onları zəruri informasiya ilə təmin edirlər. Bunun sayəsində fermerlər öz fəaliyyətlərində qarşılaşdıqları problemləri daha asan həll edə bilirlər...

Mirbağır YAQUBZADƏ

XQ

Bakı-Yevlax













İqtisadiyyat