AZAL-ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Hava Yolları (AZAL) təyyarə parkını yeni “Airbus A321neo” təyyarəsi ilə zənginləşdirir.

XQ xəbər verir ki, bu münasibətlə Almaniyanın Hamburq şəhərində təyyarənin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimindən əvvəl media nümayəndələri üçün brifinq təşkil olunub.

“Airbus” şirkətinin nümayəndəsi Malhar Pendse AZAL-ın onların regionda ən mühüm və strateji tərəfdaşlardan biri olduğunu bildirərək, aviaparka yeni daxil edilən “A321neo” hava gəmisinin üstünlüklərini diqqətə çatdırıb.

Şirkət nümayəndəsi vurğulayıb ki, öz sinfinin ən uğurlu modellərindən sayılan bu təyyarə analoqları ilə müqayisədə yanacaq sərfiyyatını 20 faizə qədər azaldır. Eyni zamanda, ekoloji dayanıqlılıq prinsiplərinə tam cavab verən “A321neo” atmosferə atılan karbon qazının həcmini minimuma endirir.

“Bu model təkcə iqtisadi və ekoloji səmərəliliyi ilə deyil, həm də sərnişinlər üçün təklif etdiyi yüksək rahatlıq standartları ilə seçilir. Genişlənmiş salon strukturu, müasir oturacaqlar və innovativ interyer xidmət keyfiyyətini artırır”, - deyə Malhar Pendse əlavə edib.

Qeyd olunub ki, yüksək səmərəliliyi ilə fərqlənən yeni “Airbus A321neo” təyyarəsi 244 sərnişin tutumuna malikdir və tam sərnişin yükü ilə dayanmadan 10 saata qədər uçuşlar həyata keçirə bilər. Bu isə AZAL-ın uçuş coğrafiyasını genişləndirməyə və yeni marşrutlar açmağa geniş imkanlar yaradacaq.

Malhar Pendse onu da vurğulayıb ki, indiyədək A320 ailəsinə məxsus 20 min 100-dən çox təyyarə satılıb.

Daha sonra tədbir iştirakçıları “Airbus A321neo” təyyarəsi ilə yaxından tanış olublar.





İqtisadiyyat