Dizel erası bitir: Dünyanın ilk hidrogen qatarı işə düşür

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İsveçrənin qatar istehsalçısı "Stadler" və Sardiniyanın nəqliyyat operatoru ARST darrelsli dəmir yolu xətləri üçün xüsusi olaraq layihələndirilmiş dünyanın ilk hidrogen qatarının istehsalına başlayıb. Konstruktorların hesablamalarına görə, Sardiniyada 10 ədəd belə hidrogen qatarının istismara verilməsi dizel tərkibli qatarlarla müqayisədə hər il karbon qazı tullantılarını 2100 tondan çox azaltmağa imkan verəcək. Bu isə avtomobillə dünya ətrafında təxminən 450 səyahət zamanı yaranan zərərli qazların miqdarına bərabərdir. Yeni qatarların sərnişin daşınmasına 2028-ci ildə başlaması planlaşdırılır. Qatar heyətləri ARST-nin idarəçiliyində olan Alqero-Aeroport – Mamuntanas, Sassari – Alqero və Sassari – Sorso xətlərində xidmət göstərəcəklər.

İtaliyanın regional darrelsli dəmir yolları onilliklər ərzində dizel yanacağından asılı vəziyyətdə qalmışdı. Buna səbəb mövcud infrastrukturun mürəkkəbliyi idi; çoxsaylı kəskin döngələr və relslərin üzərinə düşən çəki məhdudiyyətləri müasir ağır elektrik qatarlarının burada hərəkətini demək olar ki, qeyri-mümkün edirdi. İndi isə həmin dövr arxada qalır. Dizel erasını texniki baxımdan mürəkkəb, lakin mənzərəli marşrutlarda qalıq yanacaqdan istifadə etmədən hərəkət edən yeni nəsil yüngül hidrogen qatarları əvəzləyir.

Yeni qatarların əsas xüsusiyyəti onların orijinal güc qurğusuna sahib olmasıdır. Hidrogen balonları və yanacaq elementləri "Power Pack" adlı xüsusi mərkəzi vaqon-modulunda yerləşdirilib. Bu modul özünəməxsus mobil elektrik stansiyası rolunu oynayaraq elektrikləşdirilməmiş yollarda dartıcı akkumulyatorların doldurulmasını və elektrik mühərriklərinin qidalanmasını təmin edir. Ən maraqlı məqam odur ki, qatarlar üçün tələb olunan hidrogen yerli şəraitdə, tamamilə günəş elektrik stansiyalarından alınan enerji hesabına istehsal olunacaq. Beləliklə, ekoloji cəhətdən tam təmiz qapalı enerji sistemi formalaşır və qatarın fəaliyyəti zamanı ətrafa atılan yeganə maddə su buxarı olur.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Dünya