Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında "Birinci Türkoloji Qurultay – 100" adlı biblioqrafik göstərici nəşr olunub. Nəşr 1926-cı ildə Bakıda keçirilmiş və türk dünyasının elmi-mədəni həyatında mühüm dönüş nöqtəsi hesab edilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunub.

Biblioqrafik göstərici Azərbaycan Respublikası Prezidentinin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələn vəzifələrin icrası, eləcə də AMEA Rəyasət Heyətinin müvafiq qərarı əsasında hazırlanıb. Vəsaitdə qurultayın tarixi, onun elmi irsi və türkoloji fikrin inkişafına təsiri ilə bağlı zəngin mənbələr sistemli şəkildə bir araya gətirilib.

Nəşrdə Azərbaycan, türk, rus və digər xarici dillərdə işıq üzü görmüş kitablar, monoqrafiyalar, elmi məqalələr, dövri mətbuat materialları, məcmuələrdə dərc edilmiş yazılar, avtoreferatlar, dissertasiyalar və digər biblioqrafik mənbələr öz əksini tapıb. Bununla yanaşı, Birinci Türkoloji Qurultayın iştirakçıları, təşkilatçıları, eləcə də qurultayın əhəmiyyəti barədə görkəmli elm, mədəniyyət və siyasi xadimlərinin məqalələri, çıxışları da vəsaitə daxil edilib.

Toplu yalnız biblioqrafik mənbələrin siyahısını təqdim etmir, eyni zamanda Birinci Türkoloji Qurultayın öyrənilməsi istiqamətində aparılmış elmi tədqiqatların ümumi mənzərəsini əks etdirən mühüm informasiya resursu kimi çıxış edir. Bu baxımdan vəsait türkoloji araşdırmalarla məşğul olan alimlər, doktorantlar, magistrantlar, tələbələr, kitabxanaçılar və ümumilikdə türk dünyasının tarixi və mədəni irsi ilə maraqlanan oxucular üçün etibarlı istinad mənbəyi hesab olunur.

Kitabda vəsaitin elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin "Birinci Türkoloji Qurultayın qurucuları, dərsləri və çağırışları" adlı elmi məqaləsi də yer alıb. Məqalədə qurultayın təşkil olunmasının tarixi zərurəti, onun türk xalqları arasında elmi əməkdaşlığın möhkəmləndirilməsində oynadığı rol, qəbul edilən qərarların türkoloji elmin inkişafına təsiri və müasir dövr üçün aktuallığı geniş şəkildə təhlil edilir.

"Elm" nəşriyyatında çap olunan nəşrin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, tərtibçisi Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktoru isə Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevadır.

Qeyd edək ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti binasının Böyük Akt Zalında keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq elmi fikir tarixində ən mühüm hadisələrdən biri hesab olunur. Qurultayda müxtəlif ölkələrdən yüzlərlə alim və mütəxəssis iştirak edib, türk dillərinin öyrənilməsi, ortaq əlifba, terminologiya, ədəbi dil, folklor, tarix və etnoqrafiya kimi məsələlərə dair 80-dən çox məruzə dinlənilib, müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Qurultayın qərarları sonrakı dövrdə türkoloji elmin inkişafına mühüm təsir göstərib və bu gün də öz elmi əhəmiyyətini qoruyub saxlayır.

Yüz il sonra 27 fevral 2026-cı ildə “I Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda türk dünyasının elm, ədəbiyyat və incəsənət xadimlərinin yenidən Bakıya toplaşaraq o vaxtkı tarixi salonda birlik və bərabərlik nümayiş etdirməyi  Birinci Türkoloji Qurultayın dərslərinin həyata keçirildiyini, böyük ideallarının uğurla davam etdirildiyini əyani surətdə nümayiş etdirir.

Biblioqrafik göstəricinin elektron versiyası ilə Mərkəzi Elmi Kitabxananın saytının Elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

Elm