Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirə keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən verilən məlumata grə. tədbirdə II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumunda iştirak edəcək Türkman QHT-lərindən ibarət nümayəndə heyəti, alimlər, tədqiqatçılar, ictimai xadimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qonaqları salamlayaraq, müzakirə olunan mövzunun böyük tarixi və elmi əhəmiyyət daşıdığını vurğulayıb.
Akademik İsmayıl Hacıyev çıxışında türkmanların Azərbaycan xalqının formalaşmasında və tariximizdəki müstəsna rolundan danışıb. Qeyd edib ki, İraq, Suriya, Türkiyə və Livan kimi ölkələrin ərazisində məskunlaşan türkmanlar Azərbaycan xalqının etnogenezində mühüm yer tutublar. Bu gün də ölkəmizin müxtəlif bölgələrində zəngin türkman izlərinə və bu adı daşıyan toponimlərə rast gəlinir.
Ümummilli Lider Heydər Əliyevin türkmanlarla əlaqələrin inkişafına verdiyi xüsusi önəmi xatırladan bölmə sədri, Ulu Öndərin bu sahədəki uzaqgörən siyasətini diqqətə çatdırıb. Bildirib ki, türkmanlar və Azərbaycandan köç edən digər xalqlar hazırda müxtəlif ölkələrdə yaşasalar da, onların dili, soykökü, adət-ənənələri və milli-mənəvi dəyərləri eynidir. Bu irs bizi birləşdirən ən güclü bağdır.
Naxçıvanın qədim sivilizasiya beşiyi və əzəli Azərbaycan torpağı olduğunu qeyd edən İsmayıl Hacıyev, buranın mədəni baxımdan dünyada yaşayan türkmanlarla əlaqələrin qurulmasındakı önəmini vurğulayıb. Bölmə sədri bundan sonra türkman tədqiqatçıları ilə elmi və mədəni əməkdaşlığın daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
Akademik İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsi adından qonaqlara Naxçıvanın tarixi, mədəni mühit və memarlıq abidələrindən bəhs edən kitab və monoqrafiyalar hədiyyə edib.
Tədbirin moderatoru, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, türkman irsi üzrə tədqiqatçı Səkinə Qaybalıyeva, “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri Orxan İsayev, Quzey Texnik Universitetində Süni zəka fakültəsinin dekan müavini Savaş Şahin Hürmüzlü və “Türkmaneli” qəzetinin baş redaktoru, yazıçı-jurnalist, tarixçi Necat Kevseroğlu çıxış edərək Azərbaycan-türkman əlaqələrindən danışıblar. Natiqlər dil, ədəbiyyat, folklor və memarlıq abidələrindəki ortaq cəhətləri diqqətə çatdırıblar.
Necat Kevseroğlu akademik İsmayıl Hacıyevə Kərkük-türkman tarixinə dair kitablar hədiyyə edib.
Tədbirdə Bağdad Universitetinin müəllimi Siham Zəngi, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Qazi Universiteti Təhsil Fakültəsi Gözəl Sənətlər Təhsili Bölümündə müəllim, professor Ömər Türkmənoğlu çıxış edərək türkman türkcəsinin qorunmasının vacibliyini qeyd edib, türkman ədəbiyyatının keçdiyi inkişaf mərhələləri barədə fikirlərini bölüşüb, Azərbaycan və İraq-Türkman musiqisi arasındakı ortaq xüsusiyyətlərə diqqət çəkib.
Türkman şairi Əli Yağmuroğlu vətən mövzulu şeirlərindən nümunələr səsləndirib.
Jurnalist, Türkman Xəbər Agentliyinin baş redaktoru, Milli Türkman Koalisyasının rəhbəri Hüseyn Bozan və AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Ramiz Qasımov çıxış edərək türkman irsinin qorunmasının, elmi araşdırmaların, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, tədbirdə türkman adının etimologiyasından, Azərbaycanda, eləcə də türkmanlar tərəfindən geniş istifadə olunan oxşar atalar sözləri, folklor nümunələrində yaşadılan mədəni miras məsələləri və başqa mühüm məqamlar müzakirə edildi, mövcud mədəni əlaqələrdən danışıldı.
Tədbirin sonunda təəssüratlarını bölüşən qonaqlar Naxçıvanda olmaqdan məmnunluqlarını ifadə ediblər.
Səbuhi HƏSƏNOV
XQ






