Dövlət Proqramı Azərbaycan kəndini yeni inkişaf yoluna çıxarıb

post-img

Strateji sənəd bölgələrdə müzakirə edilir və yüksək qiymətləndirilir

Şəki–Zaqatala iqtisadi rayonu

Dünən Şəki-Zaqatala iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirildi.

Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilmiş müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarından olan fermer və sahibkarlar iştirak etdilər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov qlobal çağırışlar və dəyişən iqtisadi şərait kənd təsərrüfatında yeni yanaşmaların tətbiqini zərurəti barədə danışdı. O qeyd etdi ki, Azərbaycan Prezidentinin təsdiq etdiyi 2026–2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin potensialından daha səmərəli istifadəyə və dayanıqlı inkişafın təmininə xidmət edir. Prezident köməkçisi vurğuladı ki, qarşıdakı illərdə əsas diqqət məhsuldarlığın artırılmasına, müasir texnologiyaların tətbiqinə, su və torpaq resurslarının səmərəli idarə olunmasına yönələcək. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının emalı və bazara çıxış imkanlarının genişləndirilməsi fermerlərin gəlirlərinin artmasına əlavə stimul verəcək.

Şahmar Mövsümov dövlət tərəfindən yaradılmış imkanlardan səmərəli istifadə və sahibkarların təşəbbüskarlığı barədə də ətraflı məlumat verdi. Proqramın uğurlu icrasının aqrar sektorun rəqabət qabiliyyətini artırmaqla yanaşı, regionların sosial-iqtisadi inkişafına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəyi qeyd olundu.

Daha sonra kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev aqrar sahənin inkişafı istiqamətində qarşıda duran əsas prioritetlər və Dövlət Proqramında nəzərdə tutulan hədəflər barədə ətraflı məlumat verdi. O bildirdi ki, proqram aqrar sahədə innovativ yanaşmaların genişləndirilməsi, emal sənayesinin inkişafı, əlavə dəyər zəncirinin gücləndirilməsi və fermerlərin iqtisadi imkanlarının artırılmasına xidmət edir. Nazir müavini qarşıya qoyulan hədəflərə nail olmaq üçün dövlət dəstəyi mexanizmlərinin daha da təkmilləşdiriləcəyini, innovativ yanaşmalar və rəqəmsal həllərin tətbiqi genişləndiriləcəyini də qeyd etdi.

Dövlət Proqramının uğurlu icrasının ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi inkişafına və aqrar sektorun yeni inkişaf mərhələsinə keçidinə mühüm töhfə verəcəyi bildirildi.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov çıxışında Dövlət Proqramının hədəflərinə nail olunmasında su ehtiyatlarının səmərəli idarə edilməsi barədə danışdı. O qeyd etdi ki, Şəki-Zaqatala iqtisadi rayonunda həyata keçirilən layihələr regionun su təminatının yaxşılaşdırılmasına, məhsuldarlığın artırılmasına və yeni əkin sahələrinin dövriyyəyə cəlb edilməsinə şərait yaradacaq. Eyni zamanda, iqlim dəyişiklikləri fonunda müasir suvarma texnologiyalarının tətbiqi, su itkilərinin azaldılması və infrastrukturun yenilənməsinin vacibliyi vurğulandı. Agentlik tərəfindən suvarma şəbəkələrinin, hidrotexniki qurğuların və subartezian quyularının vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi bildirildi.

Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov aqrar sahədə həyata keçirilən məqsədyönlü siyasətin regionların sosial-iqtisadi inkişafına mühüm təkan verdiyini vurğuladı. O qeyd etdi ki, Dövlət Proqramı Şəki rayonunda kənd təsərrüfatının daha müasir əsaslarla inkişafı üçün geniş perspektivlər açır. Bildirdi ki, Əlicançay və Əyriçay su anbarları kimi strateji layihələrin icrası suvarma imkanlarını genişləndirərək taxılçılıq və digər sahələrdə məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına şərait yaradacaq. İcra başçısı rayonda aqrar sahəyə yatırılan investisiyalar, fəaliyyət göstərən emal müəssisələri və sahibkarlıq təşəbbüsləri məşğulluğun artırılmasına və iqtisadi fəallığın güclənməsinə xidmət etdiyini qeyd etdi.

Müşavirədə iştirak edən fermerlər və sahibkarlar aqrar sahədə həyata keçirdikləri fəaliyyətlər, layihələr və gələcək planlar barədə məlumat verdilər. Çıxışlarda dövlətin aqrar sahəyə göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür ifadə olundu. Qeyd olundu ki, tətbiq olunan dəstək mexanizmləri və infrastruktur layihələri bölgələrdə yeni imkanlar yaradaraq təsərrüfatların inkişafına, məhsuldarlığın və gəlirlərin artmasına şərait formalaşdırıb. Bildirildi ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər aqrar istehsalın daha səmərəli təşkili, emal sənayesinin inkişafı və ixrac potensialının genişlənməsinə mühüm töhfə verəcək.

Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirdi ki, Dövlət Proqramının uğurlu icrası üçün bütün aidiyyəti qurumlar operativ fəaliyyətə keçməli və rayonlar üzrə prioritet istiqamətlər dəqiqləşdirilməlidir. Yerli icra hakimiyyəti orqanlarının üzərinə də böyük məsuliyyətin düşdüyünü deyən Şahmar Mövsümov əlavə edib ki, hər bir rayon üzrə sosial-iqtisadi inkişaf planlarının Dövlət Proqramında müəyyən edilmiş hədəf və prioritetlərə uyğun hazırlanması və icrasının təmin edilməsi zəruridir. Qeyd olundu ki, Dövlət Proqramının icrasında dövlət və özəl sektorun koordinasiyalı fəaliyyəti, xüsusilə sahibkar və fermerlərin fəallığı həlledici əhəmiyyət daşıyır. Şahmar Mövsümov vurğuladı ki, Dövlət Proqramından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi müəyyən edilmiş hədəflərə nail olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Musa BAĞIRLI
XQ
Qax

Mil–Muğan iqtisadi rayonu

Dünən Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Mil-Muğan iqtisadi rayonu üzrə növbəti regional müşavirə keçirildi.

Saatlıda təşkil edilmiş toplantı 25 may 2026-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilən tapşırıqların icrası və Dövlət Proqramında müəyyən edilmiş hədəflərin regionlar üzrə əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin təmin olunması məqsədi daşıyırdı. Toplantıda Prezident Administrasiyasının, aidiyyəti dövlət qurumlarının nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, fermerlər və sahibkarlar iştirak etdilər və aqrar sektorun qarşısında duran yeni çağırışlar, istehsalın artırılması, emal sənayesinin inkişafı, su və torpaq ehtiyatlarından səmərəli istifadə, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi müzakirə olundu.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov çıxışında bildirdi ki, son illərdə həyata keçirilən sistemli aqrar islahatlar nəticəsində kənd təsərrüfatında mühüm nailiyyətlər əldə olunub. Onun sözlərinə görə, bir sıra məhsullar üzrə özünütəminetmə səviyyəsi yüksəlib, meyvə-tərəvəz və yumurta istehsalında isə tam təmin edilib. Natiq Əmirov qeyd etdi ki, yeni Dövlət Proqramı aqrar sahədə keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoyur və məhsuldarlığın artırılması, rəqabətqabiliyyətli istehsal modelinin formalaşdırılması, emal və ixrac potensialının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Prezidentin köməkçisi vurğuladı ki, proqramın əsas məqsədi yalnız istehsal həcmlərinin artırılması deyil, hər hektardan daha yüksək məhsuldarlıq əldə olunması, əlavə dəyərin yüksəldilməsi və aqrar sahədə intensiv inkişaf modelinə keçidin sürətləndirilməsidir. Bu məqsədlə müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, ixtisaslaşmış rayonlarda taxılçılıq və pambıqçılıqda məhsuldarlığın artırılması, intensiv bağçılıq və istixana təsərrüfatlarının inkişafı, həmçinin soyuducu anbarlar və taxıl silolarının tutumunun artırılması nəzərdə tutulur.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirdi ki, Dövlət Proqramında regionlarda istehsal infrastrukturunun gücləndirilməsinə, innovativ texnologiyaların tətbiqinə və rəqəmsal idarəetmənin genişləndirilməsinə xüsusi önəm verilir. Onun sözlərinə görə, süni intellekt həllərinin və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) yeni alt sistemlərinin tətbiqi qərarların daha dəqiq məlumatlar əsasında qəbul edilməsinə imkan yaradacaq. Bu məqsədlə peyk müşahidələri, torpaq və su ehtiyatları üzrə məlumat bazaları, eləcə də real məhsuldarlıq göstəricilərindən geniş istifadə olunacaq.

Nazir müavini texniki təminatın yaxşılaşdırılmasının məhsuldarlığın artırılmasında əsas amillərdən biri olduğunu bildirdi. Qeyd etdi ki, Dövlət Proqramına əsasən 22 rayonda kombayn parkı 571 yeni kombaynla yenilənəcək. Bu addım taxıl yığımında itkilərin minimuma endirilməsinə və məhsulun optimal müddətdə tədarük olunmasına şərait yaradacaq.

İlhamə Qədimova çıxışında heyvandarlıq və qoyunçuluq sektorunun inkişaf perspektivlərinə xüsusi diqqət yetirdi. Bildirdi ki, 2030-cu ilədək qoyun əti istehsalının 9 faiz, qoyunların sayının 10 faiz artırılması, ixrac həcminin isə 2,9 min tona çatdırılması planlaşdırılır. Bu məqsədlə ölkədə 300 yeni yarımintensiv qoyunçuluq təsərrüfatının yaradılması, 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur.

Nazir müavininin sözlərinə görə, yeni Dövlət Proqramında balıqçılıq və akvakultura sahələrinin inkişafı da prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Sənəd daxili istehsal potensialının artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, aqrar emal və logistika infrastrukturunun inkişafı, ixracyönümlü istehsalın genişləndirilməsi və fermerlərin bazarlara çıxış imkanlarının yaxşılaşdırılmasını hədəfləyir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının aqrar sektorun dayanıqlı inkişafının təmin edilməsi və su təminatının etibarlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı. Bildirdi ki, proqramın əsas istiqamətlərindən biri yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılıq modelinə keçidin sürətləndirilməsidir. Bu məqsədlə müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, su itkilərinin minimuma endirilməsi və su ehtiyatlarından səmərəli istifadənin təmin olunması prioritet vəzifələr sırasında yer alır.

Regional Su Meliorasiya Xidmətinin sədri qeyd etdi ki, region üzrə təxminən 77,5 min kənd təsərrüfatı istehsalçısı suvarma və digər təsərrüfat ehtiyacları üçün su ilə təmin olunub və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Zakir Quliyev bildirdi ki, həyata keçirilən layihələr və yenidənqurma tədbirləri nəticəsində suvarma sistemlərinin etibarlılığı artır, su itkiləri azalır, fermerlərin su təminatı isə daha dayanıqlı və səmərəli xarakter alır. Bu məhsuldarlığın yüksəlməsinə və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında rayonun aqrar sahədə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, Beyləqan ölkənin aparıcı kənd təsərrüfatı rayonlarından biri kimi taxılçılıq, pambıqçılıq, heyvandarlıq və quşçuluq sahələrində yüksək nəticələr əldə edir. Əziz Əzizov su təminatının yaxşılaşdırılması, meliorasiya infrastrukturunun inkişafı və kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasının prioritet istiqamətlərdən olduğunu vurğuladı.

Müşavirədə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından olan fermer və sahibkarlar rəhbərlik etdikləri təsərrüfatların fəaliyyəti, istehsal imkanları və inkişaf perspektivləri barədə məlumat verdilər. Çıxışlarda kənd təsərrüfatına göstərilən diqqət və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ifadə olunaraq, Dövlət Proqramında nəzərdə tutulan yeni dəstək mexanizmlərinin istehsalın artırılmasına, təsərrüfatların genişləndirilməsinə və məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verəcəyi bildirilib.

Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov aqrar sahədə qarşıya qoyulan hədəflərə nail olunması üçün dövlət qurumları, fermerlər və sahibkarlar arasında koordinasiyalı əməkdaşlığın vacibliyini vurğuladı. Qeyd etdi ki, kənd təsərrüfatında rəqabətqabiliyyətli və dayanıqlı istehsalın formalaşdırılması üçün innovativ yanaşmaların tətbiqi, resurslardan səmərəli istifadə və istehsalın intensivləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Natiq Əmirov Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, aqrar sahədə əlavə dəyərin artırılmasına və regionların inkişafına mühüm töhfə verəcəyini bildirdi. Eyni zamanda qeyd olundu ki, müşavirədə səsləndirilən rəy, təklif və qeydlər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.

P.ƏFƏNDİYEV
XQ
Saatlı

 

















İqtisadiyyat