Beynəlxalq terminlər və onların qarşılıqları Azərbaycan dilinin potensial imkanları ilə uzlaşdırılmalıdır
Hər bir xalqın varlığını təsdiq edən, yaşadan onun dilidir. Ana dili xalqın keçmişini bu günü, bu gününü isə gələcəyi ilə bağlayan mənəvi yaddaş, əsrlər boyu formalaşan milli düşüncəni, adət-ənənələri və mədəni dəyərləri nəsildən-nəslə ötürən qiymətli irsdir. Dilimizin hər kəlməsində xalqın taleyi, hər ifadəsində dünyaya baxışı yaşayır. Ulu öndər Heydər Əliyev bu gerçəklə bağlı deyirdi: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”.
Azərbaycan dili əsrlər boyu tarixi mərhələlərdən keçərək zəngin söz xəzinəsi kimi formalaşıb. Lakin qloballaşmanın sürətləndiyi, informasiya axınının sərhəd tanımadığı müasir dövrdə beynəlxalq terminlərin dilimizə kütləvi şəkildə daxil olması yeni çağırışlar yaradıb. Xüsusilə elm, texnologiya, iqtisadiyyat, informasiya-kommunikasiya və media sahələrində meydana çıxan yeni anlayışların milli dilin daxili imkanları hesabına qarşılığını müəyyənləşdirilməklə ana dilinin özünəməxsusluğunun və saflığının qorunması aktuallıq kəsb edir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan dilinin saflığını qorumaqla yad təsirlərdən mühafizəsini dövlət və cəmiyyət qarşısında duran mühüm vəzifələrdən biri kimi dəyərləndirir. Bu çağırış elmi ictimaiyyət, xüsusilə də dilçi alimlər qarşısında yeni məsuliyyətlər yaradır.
Bəs Azərbaycan dilinə daxil olan yeni terminlərin qarşılığı necə müəyyənləşdirilir? Bu sahədə hansı elmi prinsiplər əsas götürülür? Termin yaradıcılığı prosesində hansı çətinliklər və mübahisəli məqamlar ortaya çıxır? Bu və digər suallara aydınlıq gətirmək üçün dilçilik sahəsində tanınmış alim və mütəxəssislərin – akademik Nizami Cəfərov, professorlar – Sayalı Sadıqova, Nadir Məmmədli və Tofiq Əbdülhəsənlinin fikir və təkliflərini öyrəndik.
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi rəqəmsallaşma dövründə dilimizə yeni terminlərin daxil olması təbii prosesdir. Bu prosesi hansı həddə qədər normal saymaq olar?
Sualımızı ilk olaraq Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov şərh etdi:
– İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə dil qlobal leksik-semantik proseslərin qarşısında, demək olar ki, müdafiəsiz qalıb. Artıq burada hansısa beynəlxalq təsirlərdən və ya təzyiqlərdən qorunmaq o qədər də asan deyil. Çünki bu, idarəolunmaz prosesdir. Ona görə də əsas məsələ dilin özünün daxili müqavimətidir. Yəni dil özünü qlobal aləmdən təcrid etmədən, bu təsirlərin altında öz varlığını nə dərəcədə qoruyub saxlaya biləcək?
Məsələnin paradoksallığı da elə burasındadır: dil həm qlobal münasibətlər sistemində fəal iştirak etməli, həm də öz orijinallığını qorumalıdır. Əslində, bu, xalqların və millətlərin beynəlxalq səviyyədə mövcudluğunun mühüm tərkib hissəsidir. Qloballaşan dünyada xalqların milli varlığı, mədəniyyəti və etnoqrafiyası ciddi təzyiqlərə məruz qalır. Bu mədəniyyətin özünü qoruya bilməsi üçün onun nə qədər koloritli, dəyərli və əhəmiyyətli olması həlledici şərtdir.Lakin bu prosesdə başqa bir məqam da var: təkcə xalqlar yox, bütövlükdə dünya da müəyyən milli təzahürlərin, koloritlərin və spesifik xüsusiyyətlərin qorunmasında maraqlıdır.
Məsələn, yalnız Azərbaycan üçün deyil, dünya mədəniyyəti üçün də Xınalıq kəndinin və onun dilinin qorunub saxlanması əhəmiyyətlidir. Amma bu, artıq bir növ dekorativ qorumadır. Çünki Xınalıq kəndinin dilinin qorunması onun beynəlxalq dilə çevriləcəyi anlamına gəlmir. Bax, buradakı ziddiyyət və qeyri-adilik də məhz bundadır – dil həm müdafiə olunur, həm də olunmur. Belə bir ziddiyyətli mühitdə biz lazımi balansı və tarazlığı tapmaqda o qədər də uğurlu vəziyyətdə deyilik.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmlər doktoru, professor Sayalı Sadıqova prosesə daha geniş aspektdə yanaşdı:
– Dil ictimai, sosial hadisədir. Cəmiyyətdə, ictimai həyatda, elmi-texniki tərəqqidə baş verən hər bir hadisə, elmi yeniliklər dilin lüğət tərkibində söz və termin vasitəsilə öz əksini tapır. Yeni anlayışların yaranması isə dilin terminoloji sistemini zənginləşdirir. Bu da onu göstərir ki, terminologiya cəmiyyətlə, elm sahələri ilə qarşılıqlı əlaqədə inkişaf edir.
Elm sahələrində, eləcə də dövlətçiliyin formalaşması, hakimiyyəti təşkil edən strukturlar, iqtisadiyyatın müxtəlif sahələri, hüquqi qaydalarla bağlı dil vahidləri anlayışlarla qarşılıqlı əlaqədə yaranır və terminologiyanı inkişaf etdirir. Əgər dilin ümumişlək lüğət tərkibi onun nüvəsini təşkil edirsə, elm və texnologiyanın inkişafı bu nüvəni zənginləşdirən əsas məxəzlərdəndir.
Sahə mütəxəssislərinin və tədqiqatçıların bir-birinin işlərini başa düşməsi üçün terminoloji səviyyədə qarşılıqlı anlaşma olmalıdır. Bu problemlərin ümumi dairəsinə terminlərin yaradılması, nizama salınması və standart formalarının müəyyənləşdirilməsi, terminlərdə çoxmənalılıq və onların şərhində fərqlilik, fərdi və ya müəllif termin yaradıcılığı meylinin güclənməsi, son dövrlərdə genişlənmiş “nominasiya partlayışı” və onunla bağlı olaraq elmi kontekstdə sözlərdən, terminlərdən istifadə zamanı dəqiqliyin, eləcə də normativliyin qorunması daxildir. Bu baxımdan Azərbaycan dilinin daxili imkanları əsasında yaranan terminlər terminoloji bazanın əsas hissəsini təşkil edir.
Azərbaycan dilində dilin daxili imkanları əsasında terminlər yaradılan zaman aşağıdakı istiqamətlər nəzərə alınır: dilin lüğət tərkibindəki ümumişlək sözlərə əlavə məna verməklə terminləşməsi; dialekt və şivələrdə işlənən anlayışı dəqiq ifadə edən sözün seçilib terminləşməsi; qədim abidələrdə peşə, sənətkarlıqla bağlı anlayışları ifadə edən sözlərin terminləşməsi; köhnəlmiş sözlərin dilə qaytarılması yolu ilə terminləşmə; ədəbi dilin söz yaradıcılığı üsullarından istifadə etməklə sözlərin terminləşməsi, yəni milli və alınma sözlərə şəkilçi artırmaq, iki və daha artıq sözün birləşməsi ilə yaranan terminlər. Deməli, anlayışların adlandırılmasında xalq dili həssaslıqla tədqiq edilir və terminologiyanın inkişafında əsas və tükənməz mənbə hesab edilir.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli:
– İnformasiya texnologiyalarının sürətli inkişafı və rəqəmsallaşma şəraitində dilə yeni terminlərin daxil olması tamamilə təbii və qanunauyğun prosesdir. Prezident İlham Əliyev noyabrın 3-də AMEA-nın 80 illik yubiley yığıncağında proqram xarakterli çıxışı zamanı elmin müasir çağırışlarını dərindən təhlil edib, ölkəmizin gələcək inkişafında innovasiyaların, texnologiyalarn rolunu xüsusi vurğulamaqla yanaşı, strateji əhəmiyyətli bir sıra məqamlara da toxundu.
Onlardan biri də ana dilimizlə bağlı idi. Dövlət başçısı Azərbaycan dili ilə bağlı narahatlığını ifadə edərək bildirdi ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb, lakin vəziyyət qaneedici deyildir: “Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir. … Yəni biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər.”Cənab Prezident bu fikri ilə beynəlmiləl söz və terminlərə sərrast münasibətini ortaya qoydu.
Dövlət başçısının tövsiyəsi açıqdır, əgər hər hansı bir sözün Azərbaycan dilində qarşılığı varsa, onu başqa dildən almağa ehtiyac yoxdur. Elm, texnologiya və cəmiyyət dəyişdikcə dil də həmin dəyişiklikləri müşayiət edən yeni söz və ifadələrlə zənginləşir.
İlk növbədə yeni termin dilin ifadə imkanlarını genişləndirməli və həqiqətən yeni anlayışı adlandırmalıdır. Əgər dildə həmin məfhumu ifadə edən dəqiq və işlək qarşılıq yoxdursa, yeni terminin qəbul edilməsi təbii hesab olunur. Məsələn, “internet”, “veb-sayt”, “server”, “alqoritm” kimi terminlər müəyyən texnoloji reallıqları ifadə etdiyi üçün dilə daxil olmuşdur. İkinci, alınma terminlər zəruri olduqda qəbul edilməlidir. Əgər yeni anlayış üçün dilin öz daxili imkanları hesabına uğurlu qarşılıq yaratmaq mümkündürsə, həmin variantın işlədilməsi daha məqsədəuyğundur. Bu, dilin terminyaratma potensialının qorunmasına xidmət edir. Üçüncü, termin axını dilin sistemini pozacaq həddə çatmamalıdır. Xarici terminlərin həddindən artıq və nəzarətsiz şəkildə işlədilməsi dilin leksik sistemində qarışıqlıq yarada, eyni anlayış üçün paralel variantların çoxalmasına səbəb ola bilər. Belə hallarda terminoloji normalaşdırma və standartlaşdırma zərurəti meydana çıxır. Dördüncü, terminin yaşamağı və vətəndaşlıq hüququ qazanmasını dil praktikası müəyyənləşdirir, yəni bəzi terminlər qısa müddət işlənərək sıradan çıxır, bəziləri isə ictimai istifadədə möhkəmlənərək ədəbi dilin tərkib hissəsinə çevrilir.
UNEC-in Azərbaycan dili kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi, professor Tofiq Əbdülhəsənli:
– Azərbaycan dilinə son illərdə çoxlu yeni terminlər daxil olur. Təbii ki, bu terminlərin əksəriyyətinin qarşılığı Azərbaycan dilində yoxdur. Bu prosesin də ekstralinqvistik və dildaxili səbəbləri var. Bunun əsas səbəbi dilimizə yeni gələn sözlərin müasir dövrün ritminə uyğun olaraq daha çox texnologiya, internetlə, elmi-texniki tərəqqi ilə bağlı olmasıdır. Buna görə də bu prosesin qarşısını süni şəkildə almaq olmaz.
Təbii ki, dil qapalı sistem deyil, dili izolyasiya etmək olmaz. Bu prosesdə imkan daxilində Azərbaycan dilinin daxili potensialından, yəni öz söz ehtiyatımızdan bəhrələnmək lazımdır. İlk növbədə, kalka üsulundan istifadə olunmalıdır, çünki həm sovet dönəmində, həm də müstəqillik illərində kalka, yəni hərfi tərcümə üsulu ilə yüzlərlə yeni söz yaradılmışdır. Bu proses dildə terminoloji zənginləşmə prosesini təmin edən ən əsas üsullardan biridir. Söz yaradıcılığı terminyaratma prosesində dominantlığını hər zaman saxlayır.
Məlumdur ki, yeni terminlər daha çox beynəlmiləl mahiyyət daşıyır. Onlar qloballaşma dönəmində ortaq linqvistik vahidlər kimi əksər dillərin lüğət tərkibində sabitləşmişdir. Sadəcə, həmin ortaq beynəlmiləl terminlər milli dillərə transliterasiya olunur. Eyni proses Azərbaycan dilində də baş verir. Buna görə də alınma terminlərin transliterasiyası terminalma prosesində mütləq nəzərə alınmalı və həmin terminlər dilimizin milli xüsusiyyətlərinə, o cümlədən fonotaktika qaydalarına uyğunlaşdırılmalıdır.
Son illər çoxsaylı beynəlxalq terminlər işlədilir və əksəriyyəti də leksikonumuza daxil olub. Hansı meyarlarla müəyyən olunur ki, bəzi terminlər olduğu kimi qəbul edilməli, digərlərinin isə Azərbaycan dilində qarşılığı tapılmalıdır?
Nizami Cəfərov – Bir elmi müəssisə olaraq Dilçilik İnstitutu, eləcə də universitetlərimiz və fərdi tədqiqatçılarımız dildə gedən təbii prosesləri daha peşəkar və professional səviyyədə, elmi şəkildə təsvir edə bilərlər.
Yaxın gələcəkdə bunu süni intellekt də eyni uğurla yerinə yetirəcək; o da texniki məlumatları toplayıb müəyyən ümumiləşdirmələr apararaq nəticəni təqdim edəcək. Əgər biz Dilçilik İnstitutundan dilimizə hansı beynəlxalq sözlərin keçib-keçməməsi ilə bağlı qəti hökm verməsini tələb etsək və institut bu cür fundamental proqnozlar vermək iddiasına düşsə, bu, sadəcə, yalançı uzaqgörənlik olar. İnstitutun vəzifəsi bu prosesləri öyrənmək, istiqamətləri müəyyənləşdirmək və mövcud vəziyyəti göstərməkdir. Məsələn, son bir neçə ildə dilimizə nə qədər sözün daxil olduğunu, hansı milli sözlərimizin beynəlxalq terminlərə qurban verildiyini, yaxud hansı elm sahələrində milli terminlərin qorunduğunu və ya itirildiyini təhlil etməlidir. Eyni zamanda, Azərbaycan dili mühitində yaranan hər hansı bir anlayışın beynəlxalq status alıb-almadığını araşdırmalıdır. Dilçilik İnstitutu bu suallar ətrafında düşünə bilər, lakin beynəlxalq terminlərə münasibətdə proseslərin gələcək inkişafına dəqiq proqnoz verə bilməz. Bu proqnozu hər birimiz institutun təqdim etdiyi analitik məlumatlar əsasında fərdi şəkildə çıxara bilərik.
Sayalı Sadıqova – Azərbaycan dilində qarşılığı olmayan terminləri yaratmaq üçün süniliyə və uydurmaçılığa yol vermədən xalq dili əsas götürülməlidir. Xüsusən də ədəbi dildə qarşılığı olmayan bir çox söz və terminlər dialekt və şivələrdən götürülür. Dialekt leksikasında coğrafiya, peşə-sənət, kənd təsərrüfatının, müxtəlif sahələrinə aid ədəbi dildə olmayan çoxlu sayda sözlər işlənir. Bu gün kənd təsərrüfatında işlənən herik, qaysaq, dondurma, suvarma kimi terminlər şivələrdən ədəbi dilə keçmişdir. Azərbaycan dilində yeni yaranan anlayışların adlandırılmasında, yaxud da alınma terminlərin qarşılığının müəyyənləşdirilməsində dilin lüğət tərkibində işlənən ümumişlək sözlərdən istifadəyə üstünlük verilir.
Məsələn, “süzgəc” sözü informatika sahəsində standart və ya başqa giriş verilənlər selini oxuyan, onu müəyyən qaydada çevirən, sonra isə nəticələri standart çıxış selinə və ya göstərilmiş təyinat yerinə yazan proqram, “tələ” sözü iqtisadiyyatda əməliyyat sistemində müəyyən tip kəsilmələri və ya müstəsna vəziyyətləri tutmağa imkan verən mexanizm kimi istifadə olunur. Eləcə də “yayıcı” sözü jurnalistikada kütləvi informasiya vasitəsi məhsullarının, qəzet, jurnalın redaksiya ilə razılışdırılmış müqavilə əsasında yayımını həyata keçirən fiziki və ya hüquqi şəxs, “yayım” sözü səsli və görüntülü verilişlərin kodlaşdırılmış şəkildə müəyyən məsafəyə ötürülməsi prosesi, “yayımçı”teleradio proqramlarını tərtib etməyə cavabdeh olan, onu hazırlayan və yayımını həyata keçirən hüquqi, yaxud fiziki şəxs mənasında termin kimi xüsusiləşir.
Dilimizə Avropa mənbəli alınmalar bədii üslubdan başlayaraq elmi üsluba qədər, rəsmi-kargüzarlıq üslubundan tutmuş, gündəlik-məişət danışığına qədər həyatın bütün sferalarında işlədilən ədəbi dil üslublarında kifayət qədər yüksək işlənmə tezliyi nümayiş etdirir. Məsələn, birja, birja sessiyası, biznes, biznesmen, kompüter, arbitraj, akkordion, akkreditiv, depozit, makrovirus, presedent, proklamasiya, sensor, videokamera və s.
Nadir Məmmədli – Bu məsələdə vahid və bütün hallara tətbiq olunan sərt qayda yoxdur. Lakin terminologiya nəzəriyyəsində və Azərbaycan dilinin terminoloji siyasətində, adətən, bir neçə əsas meyar rəhbər tutulur.
• Anlayışın yeniliyi və beynəlxalq xarakteri. Əgər termin dünya elmi və texnoloji dövriyyəsində geniş yayılmış, beynəlxalq standartın tərkib hissəsinə çevrilmişdirsə və onun tərcüməsi dəqiqliyə ziyan vurursa, termin olduğu kimi və ya Azərbaycan dilinin fonetik-qrammatik normalarına uyğunlaşdırılaraq qəbul edilir. Məsələn, autsayder, ayfon, dütifri, ekstrdisiya, konsensus və s.
• Azərbaycan dilində adekvat qarşılığın mövcudluğu. Əgər anlayışın məzmununu dəqiq ifadə edən milli qarşılıq yaratmaq mümkündürsə, həmin variant üstün tutulur. Məsələn, “kopirayter” termininin qarşılığı kimi “müəlliflik hüququnun qorunması işarəsi”, “database” üçün “verilənlər bazası”, “artificial intelligence” üçün “süni intellekt” terminləri uğurlu hesab olunur.
• İşlənmə tezliyi və ictimai qəbul səviyyəsi. Bəzən nəzəri cəhətdən yaxşı qarşılıq təklif edilsə də, cəmiyyət və mütəxəssislər arasında qəbul olunmur. Belə hallarda terminin faktiki işlənmə vəziyyəti nəzərə alınır. Əsas şərti unutmayaq: terminologiyada norma qərarla deyil, dil praktikası ilə formalaşır.
• Qısalıq və funksionallıq. Termin elmi ünsiyyətdə rahat işlənməli, həddindən artıq uzun və mürəkkəb olmamalıdır. Bəzən xarici terminin qısa forması uzun tərcümədən daha səmərəli olur. Məsələn, binanın iç tərəfi – interyer, binanın üz tərəfi – fasad və s.
• Sistemlilik prinsipi. Yeni termin mövcud terminoloji sistemə uyğun götürülməlidir, eyni sahədəki anlayışlar arasında məntiqi əlaqələr pozulmamalıdır. Məsələn, informasiya texnologiyaları sahəsində qəbul edilən terminlər həmin sahənin ümumi terminoloji modelinə uyğunlaşdırılır.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun və terminologiya üzrə mütəxəssislərin məqsədi nə bütün beynəlxalq terminləri tərcümə etmək, nə də onların hamısını olduğu kimi qəbul etməkdir. Əsas məqsəd elmi dəqiqliyi, beynəlxalq inteqrasiyanı və Azərbaycan dilinin daxili inkişaf qanunauyğunluqlarını tənzimləməkdir.
Tofiq Əbdülhəsənli – Son dövrlərdə sosial media ilə, internetlə bağlı olaraq bloger, influenser, viral, podkast, trend, kontent, kriptovalyuta tipli yeni terminlərin dilimizə gəlişi birbaşa olaraq virtual dünyanın aktuallaşması, sosial medianın populyarlaşması ilə bağlıdır. Məsələn, bloger sözünü necə əvəzləmək olar. Ancaq elə yeni sözlər terminlər var ki, onların qarşılığını tapmaq mümkündür. Məsələn, razedka sözünün elektrik yuvası və ya udilnitel sözünün uzadıcı kimi qarşılıqları təqdim olunmuş və artıq dilimizdə sabitləşərək normallaşma prosesinə qoşulmuşdur.
Elə beynəlxalq səciyyəli terminlər var ki, onlar universal xarakterlidir. Məsələn, son dövrlərdə siyasi diskursda demarkasiya, delimitasiya, reinteqrasiya, postmünaqişə, postmüharibə sözlərinin populyarlıq qazanması onların işləklik dərəcəsini kifayət qədər artırmışdır.
Azərbaycan dilinin terminoloji bazasını zənginləşdirmək üçün, ilk növbədə, dilimizin öz potensialından istifadə olunmalıdır. Prezident İlham Əliyev 6 yanvar 2026-cı il tarixində jurnalistlərlə söhbəti zamanı qeyd etmişdir ki, “biz müstəqillik eşqi ilə yaşamış xalqıq. Xarici kəlmələr dilimizi pozur. Zənginləşdirmir və milli kimliyimizi damcı-damcı, yavaş-yavaş sarsıdır”.
(ardı var)
Hazırladı:
XQ-nin Analitik Mərkəzi

