Bakıda 11-ci Azərbaycan Beynəlxalq Sığorta Forumu işə başlayıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 24-də Bakı şəhəri beynəlxalq sığorta ictimaiyyətinin diqqət mərkəzinə çevrilib. Paytaxtda 11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu”nun (AIIF-2026) açılışı olub. Regionun ən böyük və nüfuzlu sığorta tədbirlərindən biri hesab edilən forum bu il də dünyanın müxtəlif ölkələrindən yüzlərlə mütəxəssisi bir araya gətirib.

Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə 20-dən çox ölkədən nümayəndələr iştirak edirlər. Foruma Qafqaz, Mərkəzi Asiya, Avropa, Türkiyə, Rusiya və MDB məkanını təmsil edən sığorta, təkrarsığorta və broker şirkətlərinin rəhbərləri, dövlət qurumlarının təmsilçiləri, beynəlxalq ekspertlər və yerli bazar iştirakçıları qatılıblar.

İki gün davam edəcək forum çərçivəsində qlobal sığorta bazarının aktual problemləri və inkişaf perspektivləri geniş şəkildə müzakirə olunacaq. Tədbirin gündəliyinə özəl pensiya sistemlərinin formalaşdırılması, təbii fəlakətlər və iqlim dəyişikliklərinin yaratdığı risklər, təkrarsığorta mexanizmlərinin təkmilləşdirilməsi, həyat və sağlamlıq sığortasının inkişaf istiqamətləri, broker xidmətlərində müasir yanaşmalar, eləcə də sığorta sahəsində peşəkar təhsil və insan kapitalının inkişafı kimi vacib mövzular daxil edilib.

Forum iştirakçıları panel müzakirələri, təqdimatlar və işgüzar görüşlər vasitəsilə beynəlxalq təcrübə mübadiləsi aparacaq, sektorun gələcəyini formalaşdıran yeni tendensiyalar ətrafında fikir mübadiləsi edəcəklər. Eyni zamanda tədbir müxtəlif ölkələrin sığorta bazarları arasında əməkdaşlığın gücləndirilməsi və yeni biznes əlaqələrinin qurulması üçün mühüm platforma rolunu oynayır.

Artıq ənənəvi xarakter alan “Azərbaycan Beynəlxalq Sığorta Forumu” ölkənin maliyyə sektorunun inkişafında mühüm əhəmiyyət daşıyır. Forumun hər il daha geniş beynəlxalq iştirakçı auditoriyasını cəlb etməsi Azərbaycanın regional sığorta əməkdaşlığında artan rolunu və bu sahədə formalaşan etibarlı tərəfdaş imicini bir daha nümayiş etdirir.

Mütəxəssislərin fikrincə, AIIF-2026 yalnız mövcud çağırışların müzakirə edildiyi platforma deyil, həm də gələcək illərdə sığorta sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verən mühüm beynəlxalq tədbirdir.

Sosial həyat