Azərbaycanda kibertəhlükəsizliklə bağlı yeni tələblər hazırlanır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanda informasiya infrastrukturunun daha etibarlı qorunmasını təmin etmək məqsədilə kibertəhlükəsizlik sahəsində qanunvericiliyə dəyişikliklər təklif olunub.

XQ xəbər verir ki, müvafiq dəyişikliklər "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əlavələri nəzərdə tutur və məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirə edilib.

Bildirilib ki, qanun layihəsinin əsas məqsədi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi bazanı gücləndirmək, informasiya infrastrukturunu müasir kibertəhdidlərdən qorumaq, bu istiqamətdə fəaliyyət göstərən qurumların işini daha səmərəli təşkil etmək və rəqəmsal inkişafın hüquqi çərçivəsini formalaşdırmaqdır.

Təklif olunan dəyişikliklərə əsasən, qanunvericiliyə informasiya infrastrukturu, kiberməkan, kibertəhlükəsizlik, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal araşdırma, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT), Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC), Milli CERT və Dövlət CERT kimi yeni anlayışlar daxil edilir.

Layihədə dövlət qurumlarının, informasiya infrastrukturu subyektlərinin, eləcə də CERT və SOC strukturlarının kibertəhlükəsizlik sahəsində səlahiyyət və məsuliyyətləri müəyyənləşdirilir. Eyni zamanda, kiberhücumların və digər təhlükələrin aşkarlanması, qarşısının alınması, araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı mexanizmlər dəqiqləşdirilir.

Sənəddə kibertəhlükəsizlik monitorinqi və auditlərinin təşkili, kiberinsidentlər barədə məlumat mübadiləsinin həyata keçirilməsi, rəqəmsal araşdırmaların aparılması, innovativ rəqəmsal layihələrin maliyyələşdirilməsi və yeni texnoloji həllərin sınaqdan keçirilməsi üçün xüsusi tənzimləyici mühitin yaradılması da nəzərdə tutulur.

Bundan əlavə, informasiya infrastrukturu subyektləri, internet və hostinq provayderləri, həmçinin internet informasiya resurslarının sahibləri üçün yeni kibertəhlükəsizlik öhdəlikləri müəyyən edilir. Layihə çərçivəsində Milli CERT-in səlahiyyətlərinin və fəaliyyət istiqamətlərinin genişləndirilməsi də planlaşdırılır.

Qeyd edilir ki, dəyişikliklərin qəbul olunması ölkədə kibertəhlükəsizlik sisteminin inkişafına, informasiya infrastrukturunun dayanıqlığının artırılmasına, kiberhücumlara qarşı mübarizənin gücləndirilməsinə və rəqəmsal transformasiya proseslərinin daha effektiv həyata keçirilməsinə töhfə verəcək.

Sosial həyat