Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və aqrar sahədə rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyev tərəfindən bu il mayın 25-də təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda məhsuldarlığın artırılması əsas hədəf kimi müəyyənləşdirilib. Ölkənin ən iri aqrar rayonlarından olan Ağcabədidə fermerlər və mütəxəssislər bu hədəfə nail olunmasında yeni texnologiyaların və müasir təsərrüfatçılıq metodlarının mühüm rol oynayacağını bildirirlər.
XQ xəbər verir ki, Ağcabədi rayonunda strateji sahələr olan taxılçılıq və pambıqçılıqda məhsuldarlığın artırılması istiqamətində son illər görülən işlər öz real nəticələrini verməkdədir. Rayonda hazırda arpa və buğda biçini mütəşəkkil şəkildə davam edir, ilkin məhsuldarlıq göstəriciləri isə ötən illə müqayisədə xeyli yüksəkdir.
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Əlizamin Abdullayev bildirib ki, rayonda ötən il 34 min 750 hektar sahədə taxıl bitkiləri əkilib və hər hektara orta hesabla 44,4 sentner məhsul götürülüb. Bu il isə 37 min 442 hektar sahədə taxıl əkini aparılıb.
Əlizamin Abdullayev qeyd edib ki, rayonda digər strateji sahə olan pambıqçılıqda da işlər planlı şəkildə davam edir: “Ötən ili yüksək göstəricilərlə başa vuran pambıqçılar bu il 8992 hektar sahədə əkin həyata keçiriblər və hazırda sahələrdə ikinci kompleks becərmə işləri uğurla davam etdirilir. Yeni qəbul olunmuş Dövlət Proqramında taxılçılıqda və pambıqçılıqda məhsuldarlığı hər hektarda 50 sentnerə çatdırmaq vəzifəsi qoyulub ki, bu da Ağcabədi fermerləri üçün qarşıdakı illərdə əsas hədəf olacaq. Məqsədimiz ölkəmizin ərzaq təhlükəsizliyinə maksimum töhfə verməkdir".
Dövlət Proqramının uğurlu icrasına zəmin yaradacaq müasir suvarma sistemlərinin tətbiqi Ağcabədidə artıq genişlənməkdədir. Hazırda rayonda əkin sahələrinin 16 faizi, taxıl əkinlərinin isə 26 faizi müasir suvarma sistemləri ilə təchiz olunub. Kiçik fermerlər tərəfindən 2 min hektardan artıq sahədə damcı və çiləmə sistemləri tətbiq edilir. Yeni proqramın hədəflərinə uyğun olaraq, gələn il daha 5000 hektar sahədə müasir pivot (yağışyağdırma) sistemlərinin qurulması nəzərdə tutulur.
Rayonun Təzəkənd kəndində fəaliyyət göstərən “Elit” Toxumçuluq kəndli-fermer təsərrüfatında tirəyə səpin üsulu ilə becərilən arpa sahəsindən yüksək məhsuldarlıq əldə edilib. Təsərrüfatın rəhbəri Sənan Şıxəliyev bildirib ki, təsərrüfatda növbəli əkin sistemi ilə buğda, arpa və pambıq becərilir. Bu il tətbiq olunan tirəyə səpin metodu və xarici sort toxum özünü tam doğruldub. “Bu il 4 hektarda tirəyə səpin üsulu ilə “Finola” arpa sortu əkmişdik. Tirəyə səpin becərmə texnologiyası ilə 100 faizlik bitiş əldə edildi. İntensiv yağışlara baxmayaraq, məhsuldarlığımız bol oldu. Belə ki, hər hektardan 62 sentner olmaqla məhsul əldə edildi”.
Fermer qeyd edib ki, təsərrüfatda buğdanın “Qobustan” sortu da becərilir və yaxın günlərdə biçinə başlanacaq. O, müasir suvarma sistemlərinin tətbiqinin məhsuldarlığın artırılmasında mühüm rol oynadığını bildirərək, gələcəkdə pivot suvarma sistemindən istifadəni planlaşdırdıqlarını deyib.
Sənan Şıxəliyevin təsərrüfatında pambıqçılıqda da yüksək nəticələr əldə edilir. O bildirir ki, yüksək məhsuldarlığa nail olmaq üçün yeni hibrid sortlar əkilməli, aqrotexniki qaydalara vaxtında və düzgün əməl olunmalıdır. Ötən il 30 hektar sahənin hər hektarından 42,5 sentner pambıq yığan fermer bu il də yeni hibrid sortlar və vaxtında aparılan aqrotexniki tədbirlər sayəsində rekordu təzələmək niyyətindədir.
Beləliklə, istər mütəxəssislərin proqnozları, istərsə də fermerlərin sahələrdəki real uğurları Ağcabədidə aqrar sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan aqrar dəstək mexanizmləri, müasir suvarma texnologiyalarının geniş tətbiqi və kənd təsərrüfatının inkişafına yönələn stimullaşdırıcı tədbirlər yaxın perspektivdə aqrar sektorun daha da modernləşdirilməsinə və məhsuldarlığın yüksəldilməsinə əlavə imkanlar yaradacaq. Rayonun zəhmətkeşləri də bu strateji sənədin açdığı geniş üfüqlərdən maksimum yararlanmaqla qarşıya qoyulan yüksək hədəflərə nail olacaqlar.

