Türk xalqları ədəbiyyatının fədakar tədqiqatçısı

post-img

Filologiya elmləri doktoru, professor Elman Quliyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. “Mirzə İbrahimov: ədəbi-estetik görüşləri və sənətkarlıq məsələləri” mövzusunda fəlsəfə doktorluğu, “Məhəmmədhüseyn Şəhriyar yaradıcılığının təkamülü (milli problemlər kontekstində)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Ədəbiyyatşünas-alim  “Mirzə İbrahimov: ədəbi-estetik görüşləri və sənətkarlıq məsələləri” (1997), “Seyid Məhəmmədhüseyn Şəhriyar” (1999), “Müasir özbək ədəbiyyatı tarixi” (1999), “Heydərbabaya salam” necə varsa” (2001), “Türkiyə türk ədəbiyyatı” (2003), “Şəhriyar poeziyası və milli təkamül” (2004), “Şəhriyar poetikası” (2006), “Özbək ədəbiyyatı” (2009), “Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri” (2010), “Şərq xalqları ədəbiyyatı” 2 cilddə (2011), “Qədim və orta əsrlər türk xalqları ədəbiyyatı” (2012), “Türk xalqları ədəbiyyatı” (2009, 2011, 2014, 2017, 2022, 2023), Almaniyada “Türk halkları edebiyatı” (2019), Ankarada “Abay Kunanbayev” (2020), “Böyük Azərbaycan mütəfəkkiri Nizami” (Bursa, 2022), Daşkənddə “Türkiyə xalqları adabiyotı” (2022),  “Şərq xalqları ədəbiyyatı antalogiyası” (Almaniya, 2023), “Türk halkları edebiyatı” (Türkiyə, Malatya, 2024) adlı kitabların, proqram və dərs vəsaitlərinin müəllifidir.

Elman Quliyev “Mirzə Uluğbəy (Özbəkistan, 1999) mükafatına layiq görülüb. “Cəlaləddin Ruminin 800 illik yubiley müsabiqəsinin laureatı”, “İlin alimi” (2007, 2010), “İlin müəllimi” (2011) müsabiqələrinin qalibi olub, “Tərəqqi” medalı alıb (2012). Əsərləri Türkiyə, İran, İraq, Türkmənistan, Qırğızıstan, Şimali Kipr, Qazaxıstan və Özbəkistanda nəşr edilib.

Müəllim-pedaqoq “Ən yaxşı tədqiqatçı, vətənpərvər alim” qızıl medalı (2011), Şimali Kipr Türk Cümhuriyyətinin təltifi (2011, 2022), “Qızıl qələm” mükafatı (2013), “Prezident təqaüdü” (2014), “Cəfər Cabbarlı” mükafatı (2015), TÜRKSOYun “Yusif xas Hacib” (2017), “Molla Pənah Vaqif” (2017), “Abay Kunanbayev – 175” (2021), “Azərbaycan ziyalısı” mediya mükafatı (2018), “Azərbaycan Respublikasının yubiley medalı”na (2023) layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 3-cü dərəcəli “Əmək ordeni” (2021) ilə təltif olunub.

Tanınmış ədəbiyyatşünas-alim Elman Quliyev ADPU-nun Ədəbiyyat kafedrasının professoru, “Türk odası” və Türkoloji Mərkəzin türk ədəbiyyatı bölməsinin müdiridir. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Dissertasiya Şurasının üzvü, Elmi Seminarının sədridir. E.Quliyev Azərbaycan Yazıçılar Birliyinin  (2007) üzvüdür. 

Professor Elman Quliyev ölkə ictimaiyyəti arasında türk xalqları ədəbiyyatının tədqiqatçısı kimi tanınır. Bu baxımdan alimin “Türk xalqları ədəbiyyatı” dərsliyi (Bakı, “Elm və təhsil”, 2025, 864 s.) əhəmiyyətlidir. Kitab Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 28.04.2011-ci il 676 saylı əmri ilə dərslik kimi nəşr edilib. Monoqrafiya-dərsliyin elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri akademik Gövhər Baxşəliyeva, akademik Nizami Cəfərov, professor Şöhrat Sirojiddin (Özbəkistan), professor Mahirə Hüseynova, professor Qəzənfər Paşayev, professor Əskər Rəsulov, professor Şükrü Haluk Akalın (Türkiyə), professor Selcuk Kırlı (Türkiyə), professor Nazife Güngör (Türkiyə), professor Alev Sınar Uğurlu (Türkiyə), məsləhətçiləri professor Aktotı Raimkulova (Türk mədəniyyəti və irsi Fondunun Prezidenti), Sultan Rayev (Türksoyun baş katibi), professor Birol Akgün (Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri), Bahram Aşrafxanov (Özbəkistanın Azərbaycandakı Fövqaladə və səlahiyyətli səfiri), Maksat Mamıtkanovdur (Qırğızıstanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri).

Kitab Azərbaycan universitetlərinin müvafiq fakültələrində tədris olunan “Türk xalqları ədəbiyyatı” fənninin tədris proqramlarına uyğun yazılıb. Dərslik türk xalqlarının ( türk, azəri, özbək, türkmən, qazax, qırğız, tatar və  türkman) ən qədim dövründən müasir mərhələsinə qədərki ədəbiyyatını, onların təkamül mərhələlərini, habelə, ayrı-ayrı sənətkarların həyat və yaradıcılığını özündə ehtiva edib.

“Türk xalqları ədəbiyyatı” monoqrafiya-dərsliyi Özbəkistan və Türkiyədə də böyük tirajla çap olunub. Bu dəfəki nəşrlərə yeni əlavələr edilib, bəzi təkmilləşdirmə, dəqiqləşdirmə işləri aparılıb. Hazırda bu qiymətli kitabdan türkoloq-mütəxəssislərimiz, müəllimlərimiz və tələbələrimiz, habelə, geniş oxucu auditoriyası geniş istifadə etməkdədir. 

Kitab millət vəkili, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyevin “Böyük türk ideyalarına xidmət edən kitab” adlı ön sözü ilə açılıb. C.Feyziyev kitabı Azərbaycanın bütün universitetlərinin tədris proqramlarının tələblərini ödəyən yeganə tədris vəsaiti kimi qiymətləndirib, onun türkçülük və turançılıq ideyalarına uyğun konsepsiyasını xüsusi vurğulayıb.

Toplunun girişi yığcam olub, müəllifin türkün etnik tarixi, coğrafi və mədəni yaddaşını, onun Turan-ana-ata yurd qavrayışını, ümumi yol xəritəsini əhatəli mənbə və qaynaqlar əsasında özündə əhatə edib. Kitab müstəqil türk dövlətçiliyinin mədəni və siyasi tarixini yenidən dəyərləndirmək, türkçülüyü öz klassik türklüyünə  qaytarmaq hədəfinin  ədəbiyyat və mədəniyyət səviyyələrini göstərmək baxımından qiymətlidir. “Türk xalqları ədəbiyyatı” fənninin tədrisi məqsədi də eyni amala– Tarixi Vətən birliyi  məfkurəsinin tədris-metodik vəzifələri, onların təbliği və  təşviqi işinə xidmət edir.

 858 səhifəlik qalın kitab istifadə olunmuş ədəbiyyat əsasında “Türk dastan yaradıcılığı”, “Mahmud Kaşqarlı”, “Təsəvvüf cərəyanı”, “Ümumtürk yazılı ədəbiyyatı”, “Türkiyə türk ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatı”, “Qazax ədəbiyyatı”, “Tatar ədəbiyyatı”, “Qırğız ədəbiyyatı”,  “İraq-türkman ədəbiyyatı”, habelə, “Qədim türk epos nümunələri”, “Qədim türk şeir və nəsr nümunələri” adlı bölmələri  əhatə edib.

 Professor Elman Quliyev “Türk dastan yaradıcılığı” bölümündə qədim türk dastanlarının mifik epik yaddaşını  iki dövr əsasında, yəni onun islamiyyətdən əvvəl və sonrakı mərhələlərində formalaşmış tarixinin elmi əsaslarını göstərib. Birinci mərhələyə aid qədim türk dastanları e.ə. I minilliyin ortalarından eramızın I minilliyinin ortalarına qədərki dövründə  Saka, Hun, Göytürk və Uyğur türklərinin dastanları haqqında geniş izahlar və şərhlər verib (“Dünyanın yaradılışı haqqında”, “Boz qurd”, “Alp Ər Tonqa”, “Oğuz Kağan”, “Şu”, “Ərgənəkon”, “Köç” dastanları və s.).  Müəllif qədim Şumerlərin dünya duyumu  kimi “Bilqamıs” dastanının  tarixi, coğrafiyası, dili, mədəniyyəti, məişəti və idarəçilik sistemi haqqında məlumat ötürüb, xüsusən, “Kitabi-Dədə Qorqud” dastanlarının oğuz və ümumən, türkün ata-ana kitabı kimi ideya-məzmunu, fəlsəfi-estetik məğzi və forma-quruluş mükəmməlliyini aydınlaşdırıb, habelə, epik mətnin Şərq və Qərb elmi, mədəniyyəti, şəhərsalma və siyasi idarəçilik sahəsində əhəmiyyətini, ümumən,  XVII–XVIII əsrlərin mifoloji dastan tipləri arasında etnik-mənəvi bağların mövcudluğunu diqqətə çatdırıb. 

Elman müəllim qırğız türk qəhrəmanlıq dastanı kimi “Manas”ın formalaşma tarixi və mədəniyyətini, habelə, dastanın islam dini ideyaları, türk əxlaqı, düşüncəsi, adət-ənənələri və həyat-məişəti ilə bağları, türk dastanlarının milli-estetik təfəkkür birliyini, epos mədəniyyətimizin əlvanlığı və bədii-estetik əhəmiyyətini göstərib.

Professor E.Quliyevin Mahmud Kaşqarlının “Divani-lüğət-it türk” əsərinə verdiyi elmi-estetik dəyər – türk dil sözlüyü haqqında olan bu əsərdə türk xalqlarının dil özəllikləri, türkün dili, ədəbiyyatı, mədəniyyəti, sosial-siyasi tarixi, coğrafiyası, həyat və məişəti, fikir və düşüncə sistemi haqqında ifadə etdiyi bilgi, istifadə elədiyi mənbə və qaynaqlar faydalıdır.

Kitabın “Təsəvvüf cərəyanı” bölümündə təsəvvüf təliminin dini-fəlsəfi, mənəvi-əxlaqi mahiyyəti aydınlaşdırılıb, Allah-insan-varlıq vəhdətində gözəl əxlaq və ruh-qəlb təmizliyi – islam idrakının ruhi həyatı səciyyələndirilib, onun ideya-məzmunu, vəhdəti-vücud qayəsi təfsir olunub, mövləvilik, yəsəvilik, şafilik, heydərilik, bəktaşilik, nəqşbəndlik kimi təriqətlərin təsəvvüfü qavrama missiyası şərh edilib, islam yurdları Xorasan, İraq, Türküstan, Anadolu və Balkanlarda mövcud təsəvvüfün sufizmdə birləşməsi, habelə, Şərq-müsəlman aləmində dini-fəlsəfi və  bədii düşüncə mənbəyi kimi elmi-estetik əsaslarına baxış ifadə olunub.

 E.Quliyev tarixi-xronoloji ardıcıllığı, intensivliyi gözləyib, türkün mifik-folklor gələnəkləri, onun fəlsəfi-bədii fikir və düşüncə qaynaqlarından sonra yazı tarixinə diqqət yetirib. Müəllif “Ümumtürk yazılı ədəbiyyatı” bölümündə Yusif Balasaqunlu və Əhməd Yəsəviyə əhatəli yer verib. Alim “Qutadqu-bilik” poeması– mənzum didaktik örnəyin tarixi, əlyazma nüsxələri, quruluşu, ideya-məzmunu haqqında informasiya ötürüb, habelə, əsərdəki ədalət, səadət, ağıl və aqibət haqqında  dörd birliyin məna və məğzini, hikmətlərini açıqlayıb, məsnəvinin dövlət, cəmiyyət, sosial-hüquq, məişət, dünya və axirət məsələləri, türk təfəkkür yanaşmasında dövlət-cəmiyyət-ədalət probleminin təhlillərini, analizlərini verib, XI əsr türk ədəbi dilinin kamil faktı kimi bədii örnəyin üslub imkanlarını dəyərləndirib.

Kitabda Əhməd Yəsəvi portret-oçerk kimi təqdim olunub. Xoca Əhməd Yəsəvi türk təsəvvüf ədəbiyyatının aparıcı siması, ilk böyük nümayəndəsidir. O,  Türküstanda Yəsəvilik təriqətinin əsasını qoyub. Bu təriqət Türküstandan Ön Asiyaya, Yaxın və Orta Şərqə qədər yayımlanıb. Elman müəllim də geniş  coğrafiyada, islam ideologiyasında yer almış bu dini təlimin ilahi eşq barəsində  mahiyyətini, onun əxlaqi-mənəvi, dini-fəlsəfi mənasını aydınlaşdırıb, xüsusilə, müəllifin “Divani-hikmət” adlı şeirlər kitabının mövzu, ideya-məzmun və türk düşüncə sistemində ənənəsi, təsir gələnəkləri haqqında konkret izahlar və şərhlər verib.

Professor kitab-dərslikdə Türkiyə türk ədəbiyyatına təbiidir ki, geniş yer ayırıb. Türkün zəngin tarixi epoxasına mənbələr, qaynaqlar əsasında yanaşıb, eyni zamanda yaxşı haldır ki, mövcud xəritələrin: “Türk dünyası xəritəsi”, “Türkiyə xəritəsi”, “Türklərin dünyası”, “300 milyonluq türk dünyası” adlı əyani vəsaitlərin surətini də təqdim edib. 

Müəllif Türkiyə türk ədəbiyyatı bölümündə bu mütəfəkkir övliya Mövlana Cəlaləddin Ruminin həyat və yaradıcılığının faktoloji və analitik təhlilini verib, bu yeni fikir və düşüncə korifeyinin divan janrına, müsəlman Şərqi ədəbiyyatına gətirdiyi yenilikləri,  göstərdiyi məfkurəvi təsirləri xarakterizə edib.  Kitabdakı Sultan Vələd və Yunis İmrə oçerkləri də maraqlıdır. Sultan Vələd dini elmləri dərindən mənimsəmiş fazil şəxs olub, onun elmi-fəlsəfi, dini və ədəbi görüşlərinin təməlində atası Mövlananın təlimi dayanıb... 

Alim Yunis Əmrəni isə XIII əsrin sufi şairi, xalq yaradıcılığının  nəhəng ədəbi siması kimi dəyərləndirib. Yunis Əmrə türk təsəvvüf ədəbiyyatının böyük nümayəndəsidir. O, Əhməd Yəsəvi ilə başlamış xalq təsəvvüf şeirinin yüksək zirvəsidir, zəngin ədəbi məktəbdir. Yunis Əmrə türk dünyası, müsəlman Şərqinin zəngin ənənələri zəminində yetirdiyi müdrik, hikmətlərlə dolu poeziyasının – türk təsəvvüf ədəbiyyatının davamçısı, təşviqat və təbliğatçısıdır.

Pedaqoq-müəllim E.Quliyev Yunis İmrədən sonra XIX əsr türk ədəbiyyatına keçid edib. “XIX əsrin sonu, XX əsrin əvvəllərində ədəbi hərəkat və onun əsas mərhələləri” adlı bölümündə yeni türk ədəbiyyatının yaradıcılarından, Tənzimat dövrü ədəbiyyatının nümayəndəsi İbrahim Şinasi, Avropa meyilli türk ədəbiyyatının nümayəndəsi Əbdülhəmid Ziya Paşa, Yeni Osmanlılar Cəmiyyətinin fəal üzvi, millət aşiqi, şair, nasir, dramaturq və tədqiqatçı-alim Namiq Kamal, yeni türk ədəbiyyatının şair və dramaturqu Əbdülhəq Hamid Tarxan, görkəmli şair, rəssam və musiqiçi Tofiq Fikrət, “İstiqlal marşı”nın müəllifi Mehmet Akif Ərsoy, XX əsrin əvvəllərində tarixin böyük türkçüsü, Atatürkün adlandırdığı  “fikirlərin atası” Ziya Göyalp, yeni türk realist ədəbiyyatının inkişafında öz yeri olan Ömər Seyfəddin, ictimai-siyasi xadim, qüdrətli söz ustadı, XX əsr türk şeiri və nəsrinin nümayəndəsi Yəhya Kamal Bayatlı, türk realist ədəbiyyatının görkəmli simasi Rəşad Nuri Güntəkin, şair, nasir, dramaturq, Türkiyə türk ədəbiyyatının ölməzi Nazim Hikmətin həyat və yaradıcılığı özünə yer alıb.

Kitabın “Azərbaycan ədəbiyyatı” bölümündə Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Məhəmməd Hüseyn Şəhriyar, Səməd Vurğun və Mirzə İbrahimov haqqında portret-oçerklər verilib, ədəbi-tarixi təkamüldə onların ədəbiyyat və mədəniyyətimizə gətirdikləri yeniliklər şərhini tapıb.

Dərslik-monoqrafiyada özbək ədəbiyyatından görkəmli şair və dövlət xadimi Əlişir Nəvaiyə nisbətən geniş yer verilib, onun “Xəmsə”sinə münasibət bildirilib, “Mühakimət-ül-lüğəteyn” əsərindən danışılıb, sənətkarın Azərbaycan və Özbəkistan  ədəbiyyatındakı yeri göstərilib. Eləcə də, klassik və müasir özbək ədəbiyyatı və ədəbi dilinin inkişafında böyük xidmətləri olmuş, elmi-fəlsəfi və ictimai-siyasi fikrin görkəmli nümayəndələri Nizaməddin Mir, Həmzə Niyazi, Abdulla Qədiri, Çolpan, Qafur Qulam, Musa Aybək, Uyğun, Məqsud Şeyxzadə, Həmid Alimcan, Zülfiyyə, Şərəf Rəşidov və Erkin Vahidovun həyat və yaradıcılığından bəhs edilib.  

Professor E.Quliyev türkmən ədəbiyyatından iki böyük ədəbi-ictimai şəxsiyyətə yer ayırıb. O, türkmən xalq yaradıcılığı, klassik və müasir türkmən ədəbiyyatı haqqında xülasədən sonra D.Azadinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Onu bizə klassik türkmən ədəbiyyatının görkəmli sənətkarı kimi təqdim edib. XVIII əsr klassik türkmən ədəbiyyatında onun yerini göstərib, yaradıcılığının yeni məzmun və ideyalarla zənginləşdirilməsinin səbəblərini aydınlaşdırıb, əsərlərini təhlil edib, türk-islam mədəniyyətindəki rolunu dəyərləndirib.  

Ədəbiyyatşünas-alim Məxtimqulu Fəraqini XVIII əsr türkmən realist ədəbiyyatının banisi, böyük mütəfəkkir, yeni mövzulu, yeni formalı ədəbiyyatın yaradıcısı kimi daha çox fərdiləşdirib. XVIII əsr türkmən ədəbiyyatı həm də Məxtimqulu Fəraqinin sayəsində millilik, xəlqilik və bədii dil-üslub sadəliyi qazanıb, şairin poeziyası  xalq və klassik şeir ənənələri əsasında zənginləşməklə  türkmən həyatını realistcəsinə əks etdirib. Klassik türkmən poeziyasında fəlsəfi, əxlaqi-didaktik şeir Məxtimqulu Fəraqinin sayəsində kamala dolub.    

“Türk xalqları ədəbiyyatı” dərsliyində Qazax ədəbiyyatından Abay Kunanbayev, Xəlilcan Bekxojin və Oljas Süleymenovun həyat və yaradıcılığına əhatəli yer verilib. Ümumi xülasədə qazax şifahi xalq ədəbiyyatı haqqında məlumatdan sonra XVIII-XIX əsr Qazax ədəbiyyatı konkret şərhini tapıb. Kitab müəllifi Abay Kunanbayevi XIX əsr Qazax yazılı ədəbiyyatının banisi kimi səciyyələndirib, sənətkarın realist ədəbiyyatın yeni məzmun və formaca zənginləşməsində mühüm xidmətini önə çəkib, onun şair, nasir, tərcüməçi, rəssam və musiqiçi kimi fəaliyyəti, həyat və yaradıcılığı əlvan palitrada təqdim  olunub. Ədəbi şəxsiyyətin lirikası, habelə, “İskəndər”, “Maqsud”, “Əzim haqqında nağıl” adlı epik poemaları, yaradıcılığının zirvəsi olan "Qara sözlər" əhatəli təhlil edilib.  

Müəllifin Xəlilcan Bekxojin haqqında məlumatı da əhatəlidir. Onun müasir Qazax ədəbiyyatındakı xidmətləri konkret təhlillərdə ifadəsini tapıb. “Orman qızı”, “Partizan Baltabay", "Aleksandr Nevski" və “İyirmi səkkiz” adlı poemaları təhlil edilib. Sənətkar “Batır Noyan” poemasına görə ittiham olunub. Müəllif “Afaqnamə” poemasını Nizami “Xəmsə”sinin təsiri ilə yazıb. Poema Yaxın və Orta Şərqin dahisi Nizami Gəncəvinin şəxsiyyətinə ehtiramın ifadəsidir. 

Professor E.Quliyev Oljas Süleymenovu müasir Qazax ədəbiyyatının dünya şöhrətli nümayəndəsi kimi təqdim edib. O, Türk xalqlarının tarixi, dili, ictimai-siyasi həyatı haqqında qiymətli örnək kimi “Az-Ya” əsərinin əhəmiyyətindən danışıb. Alim yazıb: “İki hissədən ibarət olan bütün məsələlərə elmi və milli tarixi prinsiplər daxilində obyektiv münasibət bildirən “Az-Ya” kitabı həm də qədim tarixə malik türklərin milli estetik dəyərlərini, ədəbi-mədəni tarixini öyrənmək, eyni zamanda Avro-Avrasiya məkanında yaşayan bir çox xalqların mədəni və siyasi tarixlərinin bəzi məqamlarına işıq salmaq baxımından maraq doğurur.” (s.628). 

Elman müəllim göstərib ki, O.Süleymenov “Az-Ya” kitabında şumerlərin dili və tarixi üzərində araşdırma edib, şumer mədəniyyətinin izlərini aydınlaşdırıb, onun dünya mədəniyyətinə təsirlərini izləyib. Sənətkarın duyğu və düşüncələri arxeoloji tapıntılara, eradan əvvəlki Çin salnamələrinə, Avropa, rus və Şərq alimlərinin fikirlərinə, “Avesta”ya, qədim türk yazılarına əsaslanıb.

Kitab müəllifi Tatar ədəbiyyatı haqqında xülasədən sonra mövcud tarixi-mədəni şərait haqqında geniş məlumat verib, bu fonda İsmayıl bəy Qaspralı, Çengiz Dağçı və Musa Cəlilin portret-oçerklərini canlandırıb. O, İsmayıl Qaspralıdan XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid kırım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, rus müsəlmanlarının lideri, türk millətinin atası və müəllimi, xalq maarifi islahatçısı, üsuli-cədid hərəkatında tatar mətbuatının varisi kimi əhatəli söz açıb. İsmayıl bəy Qaspralının ictimai-siyasi, ədəbi bədii fəaliyyəti millətinin taleyinə, onun gələcəyinə, dildə, fikirdə, əməldə birlik ideyasının reallaşmasına xidmət edib. “Tərcüman” qəzeti müəllifin çağdaş ideyalarının həyata keçirilməsində mühüm rol oynayıb və 35 il türk xalqlarına qulluq göstərib. E.Quliyev İsmayıl Qaspralını dövrünün mətbuat xadimi, pedaqoq, müəllim, nasir və publisist kimi təqdim edib, onun ədəbi-ictimai fəaliyyətini yüksək dəyərləndirib, hekayə, roman və məqalələrindən danışıb. Elman müəllim romanların təhlilinə geniş yer verib (“Firəngistan məktubları”, “Darurrahat müsəlmanları”, “Sudan məktubları”, “Qadınlar ölkəsi”, “Molla Abbas Franseviyə təsadüf”, “Gülbaba ziyarəti”, “Gün doğdu”).

Çengiz Dağçı müasir Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsidir. Onun lirik şeirləri vətən mövzusunda olub, əsasən, təbiəti vəsf halları, habelə, mənəvi-psixoloji motivlərlə təmas səciyyəsi daşıyıb. Eyni poetika məziyyətlərini şair nəsr yaradıcılığında da davam etdirib. Kitab müəllifi Çengiz Dağçını öz xalqının ağır taleyini yaşayan sənətkar kimi fərdiləşdirib. 

Elman Quliyev bildirib ki, Çengiz Dağçı nəsr yaradıcılığına Londonda başlayıb. Öz əsərlərində türk milli-mənəvi ideyalarını əks etdirib, hekayələrinə nisbətən, romanları çox olub. Professor yazıb: “Çengiz Dağçının müxtəlif illərdə çap olunmuş “Yurdunu itirən bir adamın vaxtsız əzabı”, “Sonda bizim qoca ixtiyar”, “Savaşçı da Allah rəhmətinə qovuşdu” və “45 il Krımsız yaşadı”,– deyə gözlərini həyata Krımın uzaqlığında yumacağınımı zənn etdilər” adlı silsilə hekayələrinin mövzusu Krım xalqının həyatı, taleyi, mübarizəsi, adət-ənənələri və s. ilə bağlıdır”. Alim bu silsilənin demək olar ki, hamısına obyektiv münasibətini ifadə edib. Çengiz Dağçı Krım həyatına isə ondan çox roman: “Qorxunc əllər”, “Yurdunu itirən adam”, “Onlar da insan idi”, “O torpaqlar bizim idi”, “Badam budağına asılı”, “Körpələr”, “Biz birlikdə keçdik bu yolu”, “Mənim kimi biri”, “Üşüyən küçə”, “Dönüş”, “Yoldaşlar”, “Anama məktublar” adlı əsərlərini həsr edib. Bu örnəklərdə Krım türklərinin faciəvi taleləri koloritli bədii ifadəsini tapıb.

Musa Cəlil XX əsr tatar ədəbiyyatının tanınmış nümayəndəsi, lirik şeirlər, epik poemalar, librettolar, felyetonlar və publisistik əsərlərin müəllifidir. Musa Cəlil əməlləri ilə qəhrəmanlığın, Vətənə sədaqətin simvolu olub. Elman Quliyev şairin  lirikasını, habelə, onun “Moabit dəftəri”ini tatar poeziyasının zirvəsi hesab edib.

Kitabın müəllifi professor Elman Quliyev qırğız ədəbiyyatından yalnız Çingiz Aytmatov haqqında portret-oçerk verib. O, sənətkarın həyat və yaradıcılığından əvvəl qırğız folkloru, xalqın əsasən XIX əsrin əvvəllərinə aid yazılı ədəbiyyatı haqqında şərh verib. Müasir qırğız ədəbiyyatı haqqında demək olar ki, heç nə deməyib, şair və yazıçıların adlarını qeyd etməklə kifayətlənib. Alim Çingiz Aytmatovu dünya şöhrətli sənətkar kimi təqdim edib, onun müasir qırğız ədəbiyyatının yeni ideya-məzmunla zənginləşdirilməsində xidmətlərini yüksək dəyərləndirib. Müəllif qənaətinə görə, yazıçının “Cəmilə”, “Köşək gözü”, “İlk müəllim”, “Qırmızı yaylıqlı qovağım”, “Mənim ana tarlam”, “Əlvida, Gülsarı”, “Ağ gəmi”, “Erkən gələn durnalar”, “Dəniz kənarıyla qaçan alabaş”, “Gün var əsrə bərabər”, “Cəllad kötüyü” adlı romanlarında, “Çingiz xanın ağ buludu” adlı povestində, əsasən, reallıqla mistikliyin sintezi, fantastik süjetlər ifadə olunub.

Monoqrafiya-dərslikdə İraq-türkman ədəbiyyatı bölümündə Əbdüllətif Bəndəroğlu, Nəsrin Ərbil, Salah Növrəs, Mehmet Mehti Bayatın yaradıcılığına geniş yer verilib. Müəllif Kərkük və türkmən eli adlanan İraq türkmənlərinin coğrafiyası  (Mosul, Kərkük, Ərbil, Salahəddin, Diyala kimi vilayətlər), etnosu (oğuz tayfaları), etimologiyası (türkman, ulutürk) məkanı-yurd yeri (Türküstandan Azərbaycana, oradan İraqa köçləri), tarixi ( VII əsr köçləri, Əməvilər, Abbasilər dövrü, Səlcuqlar hakimiyyəti, Cəlalilər, Teymurlilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövrü, İraqa axınlar) haqqında məlumat verib.

Elman Quliyev İraq-türkman ədəbiyyatından ümumtürk ədəbiyyatının tərkib hissəsi kimi bəhs edib, xalq yaradıcılığı, İraq türkman nağılları, folklor nümunələri, xoyratlar və onların yazılı ədəbiyyata təsiri, orta əsrlərdə xalq və divan ədəbiyyatı istiqamətləri, müasir İraq türkman ədəbiyyatına Şəhriyarın təsiri, hətta onun “Heydərbabaya salam” əsərinə nəzirələr yazıldığını xatırladıb, habelə,  bütün bunların şərhini verib.

“Əbdüllətif Bəndəroğlu” oşerkində  sənətkarı bizə İraq-türkman ədəbiyyatının görkəmli nümayəndəsi kimi ədəbi-siyasi fəaliyyəti zəminində təqdim edib. Bu sahədə professor Qəzənfər Paşayevin də əməyini yüksək qiymətləndirib.

Professor Elman Quliyev sənətkarın bədii-elmi yaradıcılığında mühüm əsərlərin mövzu və ideya-məzmun təhlillərini aparıb, onların poetikasını və sənətkarlığını  aydınlaşdırıb. Kitabda Nəsrin Ərbil çağdaş İraq-türkman ədəbiyyatının öncül qadın şairəsi kimi diqqəti cəlb edir. Alim onun həyat və yaradıcılığı haqqında xülasə, bəzi lirik şeirlərindən parçalar verib, əsasən bir-iki kitabının adını çəkib. 

Salah Növrəs də müasir İraq-türkman ədəbiyyatının tanınmış şairi kimi təqdim olunub. Elman Quliyev Salah Növrəsin də əsasən, kitablarını xatırlatmaqla kifayətlənib, şeirlərindən bəzi nümunələr verib. Mehmet Mehdi Bayat müasir İraq-türkman poeziyasının nümayəndəsidir. Onun haqqında da informasiya yığcamdır. O da Qarabağ haqqında şeirlər yazıb, könül riqqətini ifadə edib. Müəllif şairin yazılarından nümunələr verib.

 Ədəbiyyatşünas-alim, professor Elman Quliyev kitabın sonunda tələbələri üçün müntəxəbat mənasında Qədim türk eposundan, yəni “Bilqamıs”, “Yaradılış”, “Boz qurd”, “Oğuz Kağan”, “Siyenpi”, “Alp ər Tonqa”, “Şu”, “Ərgənəkon”, “Köç” dastanlarının Çin variantını əlavə edib.

Dərslikdə Qədim türk şeir nümunələri də özünə yer alıb (“Döyüş türküsü”, “Alp ər Tonqanın ölümünə ağı”, “Ağı”, “Ov türküsü”, “Sevgi türküsü”, “İlahi”, “Apınçur Tigin (İlahi)” tərcümələri).

Kitabda Qədim türk nəsr nümunələrindən də mətnlər verilib (Göytürk nəsrindən “Tonikuk” və “Kül tigin” kitabələri). Müəllif monoqrafiya-dərsliyi hazırlayarkən toplunun sonunda irxtisarla 190 ədəbiyyat siyahısı da göstərib.

Filologiya elmləri doktoru, professor Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” adlı kitabı klassik Turan – Ata yurd və müasir türk qövmləri haqqında elmi-metodik araşdırma əsəri olub, xüsusilə, çağdaş gəncliyin Azərbaycançılıq, türkçülük və turançılıq ruhunda təlim-tərbiyəsi işində mühüm rol oynayır, yaradıcı gəncliyin Vətən əxlaqı ətrafında bədii-idrakı düşüncəsinin formalaşması və zənginləşməsində ədəbi-estetik xidmətini göstərir və elmi-pedaqoji ictimaiyyətimizi sevindirir. Ona möhkəm can sağlığı və daha böyük elmi-ictimai uğurlar arzulayırıq.

 

Əlizadə Əsgərli

AMEA Nizami Gəncəvi adına 

Ədəbiyyat İnstitutu Baş Direktorunun müşaviri,

filologiya elmləri doktoru

 

 

Mədəniyyət