Türkoloji Qurultaya həsr olunmuş beynəlxalq simpozium başa çatdı

post-img

Xəzər Universiteti, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə təşkilatçılığı ilə Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi simpozium işini başa vurub.

Bağlanış mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçirilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında  simpoziumun yüksək təşkilati səviyyədə reallaşdırıldığını vurğulayıb, Xəzər Universitetinin elmi təşəbbüslərini və beynəlxalq əməkdaşlıq fəaliyyətini xüsusi qeyd edib.

İki gün davam edən simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və  Rusiyanı  təmsil edən alimlər iştirak ediblər. Dilçilik, tarix, etnoqrafiya, ədəbiyyatşünaslıq və mədəniyyətşünaslıq sahələri üzrə məruzələrdə Birinci Türkoloji Qurultayın elmi irsi yenidən və sistemli şəkildə dəyərləndirilib, müasir türkoloji araşdırmalar üçün yeni metodoloji yanaşmalar irəli sürülüb.

Beynəlxalq elmi simpoziumda iştirak edən Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru professor Kamal Çiçək qəzetimizə müsahibəsində tədbirin yalnız elmi baxımdan deyil, eyni zamanda siyasi-mədəni və mənəvi baxımdan da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

 

Onun sözlərinə görə, Türkiyədən, Azərbaycandan və digər türkdilli ölkələrdən nüfuzlu alimlərin bir araya gələrək ortaq dil, tarix və ədəbiyyat problemlərini müzakirə etməsi türk dünyasında elmi və mədəni davamlılığın canlı nümunəsidir. Kamal Çiçək bildirib ki, bu cür görüşlər XX əsrin əvvəllərində formalaşmış maarifçilik və birlik ideyalarının bu gün də yaşadığını və yeni nəsil tədqiqatçılar tərəfindən inkişaf etdirildiyini açıq şəkildə nümayiş etdirir.

Direktor xüsusilə qeyd edib ki, müasir şəraitdə bu beynəlxalq simpoziumu yalnız elmi müzakirə platforması kimi dəyərləndirmək kifayət deyil. Onun fikrincə, tədbir son illərdə bütün türk dünyasını əhatə edən regional və beynəlxalq əməkdaşlıq prosesləri ilə sıx bağlıdır və bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən ortaq siyasi, iqtisadi və mədəni təşəbbüslərlə ideya baxımından üst-üstə düşür. 

Müsahibəsində simpoziumun keçirildiyi ali təhsil və elmi mühitə də toxunan Kamal Çiçək qeyd edib ki, Xəzər Universitetində təşkil olunan bu beynəlxalq toplantı tarixi dəyər daşıyır və türk dünyasında elmi inteqrasiyanın dərinləşdirilməsi yolunda mühüm mərhələdir. Onun sözlərinə görə, bu simpozium müxtəlif ölkələrdə formalaşmış elmi məktəblər arasında körpü rolunu oynayır, tədqiqatçıların qarşılıqlı əməkdaşlığını gücləndirir və yeni ortaq layihələrin yaranmasına zəmin yaradır.

Konfransın iştirakçılarından biri – Kırşəhir Ahi Evran Universitetinin dosenti, türkolog alim Osman Kabadayı isə qəzetimizə müsahibəsində bildirib ki, bu toplantı yalnız yubiley xarakteri daşımır, eyni zamanda türk dünyasının elmi və mədəni gələcəyi baxımından mühüm bir mərhələdir.

Onun sözlərinə görə, Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən bu beynəlxalq elmi görüş türk dünyasının müxtəlif bölgələrindən gəlmiş alimləri, ziyalıları və fikir adamlarını eyni məqsəd ətrafında bir araya gətirib. Bu gün burada toplaşan tədqiqatçıları birləşdirən əsas amil türk dilinin, ədəbiyyatının, tarixinin, sənətinin və ümumilikdə mədəni irsinin qorunması və gələcək nəsillərə daha güclü şəkildə ötürülməsi arzusudur.

Alim qeyd edib ki, simpoziumda “ I Bakı Türkoloji Qurultayında Qazak aydınları” mövzusunda məruzəm maraqla qarşılandı. Müzakirələr göstərdi ki, simpozium yalnız keçmişin elmi mirasına istinad etmir, eyni zamanda müasir dövrdə türkoloji tədqiqatların qarşısında duran problemlərin həllinə yönəlmiş yeni baxışları və metodoloji yanaşmaları da ortaya qoyur. 

Müsahibəsinin sonunda Osman Kabadayı bu mühüm tədbirin ərsəyə gəlməsində əməyi olan təşkilatçılara, alimlərə və dəstək göstərən bütün qurumlara təşəkkürünü ifadə edərək qeyd edib ki, türk dünyasının elmi və mədəni birliyi yolunda atılan hər addım ümumi gələcəyimizin möhkəmlənməsinə xidmət edir.

Iki gün davam edən beynəlxalq simpozium bir daha göstərdi ki, 100 il əvvəl Bakıda bir araya gəlmiş görkəmli türkoloqların daşıdığı ideallar bu gün yenidən canlanır və yeni elmi nəsil tərəfindən davam etdirilir. Bu cür beynəlxalq elmi platformalar həm də türk dünyasında ortaq elmi məkanın yaradılmasına, tədqiqatçıların birgə layihələrə cəlb olunmasına və akademik əməkdaşlığın möhkəmlənməsinə real imkanlar açır.

Namiq Qədimoğlu

XQ

 

 

 

 

 

 





Mədəniyyət