Azad ruhun ölməzliyi

post-img

Vaqif Hüseynov – 90

Hərarətli misralarında parlaq ruhu yaşayan, “Vətənimi çalıb-çapır bir göy gözlü sarı iblis, azad gəzə bilərəmmi əsir olan torpağımda” deyən görkəmli şair, publisist Vaqif Hüseynov yaşasaydı, 90 yaşı olacaqdı. Lakin cəmi 49 il yaşadı. Ömrünü sözə, poeziyaya, jurnalistikamızın inkişafına həsr edərək xalqın böyük məhəbbətini, əbədi sevgisini qazandı.

Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli yubilyarın həyat və yaradıcılığından danışdı. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdiyini, Vaqif İbrahim təxəllüsü ilə gözəl poeziya nümunələri yaratdığını, Lənkəran rayon qəzeti redaksiyasında şöbə müdiri, məsul katib, Masallı rayonunun “Çağırış” qəzetində baş redaktor, Lənkəran rayonunun radio verilişləri redaksiyasında redaktor vəzifələrində işlədiyini bildirdi.

Vaqif Hüseynov məqalə və felyetonları, dövrün ədalətsizliklərinə qarşı kəskin şeirləri, redaktor kimi prinsipial mövqeyi və peşəkarlığı ilə böyük nüfuz qazanıb. Rəhbərlik etdiyi qəzetin qabaqcıl işi haqqında keçmiş İttifaqın ən nüfuzlu nəşrlərindən olan “Pravda“ qəzetində yazı dərc olunub. Mətbuat sahəsində səmərəli xidmətlərinə görə “Şərəf nişanı” ordeni, 2 medal və “Qızıl qələm” mükafatı ilə təltif olunub. Dörd şeirlər kitabı işıq üzü görüb.

Məclisdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri Rövşən Rəhimli unudulmaz şairin cənub ədəbi mühitinə təsirindən, yeni ədəbi nəslin formalaşmasında xidmətlərindən danışdı.

Milli Məclisin üzvü, Əməkdar jurnalist Elçin Mirzəbəyli yubilyarla bağlı xatirələrini bölüşdü. Tanınmış tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli, Lənkəran Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Yədulla Agazadə, şair-publisist Ağacəfər Həsənli, yazıçı-publisistlər Ələşrəf Niftiyev, Hafiz Mirzə, yubilyarın nəvəsi, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin kafedra müdiri, dosent Nigar Məsimova yubilyarın zəngin ədəbi irsindən, iti, sərrast qələmi ilə cəmiyyəti düşündürən problemləri məharətlə işıqlandırmasından, şeirlərinin dillər əzbəri olmasından söz açdılar.

Mərasim bədii hissə ilə davam edib.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri



Mədəniyyət