Bəhram Mansurov – 115
Görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun 115 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı olub.
Mərasimdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitab barədə məlumat verərək qeyd edib ki, yeni nəşrdə Bəhram Mansurovun zəngin yaradıcılıq yolu, özünəməxsus ifaçılıq məktəbi, Azərbaycan muğam sənətinin inkişafına verdiyi mühüm töhfələr geniş əks olunub: “Kitab Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamış görkəmli sənətkarın irsinin elmi-biblioqrafik baxımdan sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə hazırlanıb. Biblioqrafiyada sənətkarın həyat və fəaliyyətinin əsas tarixləri, əsərləri, dövri mətbuatda dərc olunmuş məqalələri, onun haqqında yazılmış materiallar, arxiv materialları, elektron resurslar və dünyanın müxtəlif kitabxanalarında mühafizə olunan mənbələr sistemli şəkildə toplanıb”.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, Bəhram Mansurovun yaradıcılığı milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, Azərbaycan musiqisinin beynəlxalq aləmdə tanıdılmasına böyük töhfə vermişdir və görkəmli tarzənin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən layihələr, o cümlədən “Bəhram Mansurov. Biblioqrafiya” kitabı milli musiqi irsinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayev, Xalq artisti Zamiq Əliyev, professor Nazim Kazımov, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov Bəhram Mansurovun Azərbaycan musiqi mədəniyyətindəki misilsiz xidmətlərindən danışıblar.
Qeyd edilib ki, Bəhram Mansurov təkcə böyük tarzən və muğam ifaçısı deyil, həm də milli musiqi ənənələrinin qorunub gələcək nəsillərə ötürülməsində mühüm rol oynamış sənətkardır. Ustad tarzənin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uzun illər göstərdiyi fəaliyyət, muğam operalarının inkişafına verdiyi töhfələr və yetişdirdiyi sənətkarlar milli musiqi tariximizin mühüm səhifələrini təşkil edir. Onun ifasında “Çahargah” və “Rast” muğamlarının nota alınması, bir sıra muğamların UNESCO xətti ilə vallara və CD-lərə yazılaraq dünya miqyasında yayılması milli musiqi irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisədir.
Unudulmaz tarzənin oğlu ünlü bəstəkar, Xalq artisti Eldar Mansurov atasının irsinə verilən yüksək dəyərə görə minnətdarlıq edib, nəşri hazırlayanlara təşəkkürünü bildirib.
T.AYDINOĞLU
XQ


