İsveçrədə İran–ABŞ danışıqları

post-img

Əyləc altında irəliləyiş

İsveçrənin Bürgenstok şəhərində keçirilən İran–ABŞ danışıqları tərəflərin illərdir davam edən qarşıdurması fonunda diqqətçəkən diplomatik hadisə kimi qiymətləndirilə bilər. Hələlik yekun siyasi razılaşmadan söhbət getməsə də, görüşün nəticələri prosesin formal təmas mərhələsindən çıxaraq strukturlaşdırılmış müzakirə mərhələsinə keçdiyini göstərir.

Pakistan və Qətərin vasitəçiliyi ilə keçirilən görüşdən sonra yayılan birgə bəyanatda danışıqların “müsbət və konstruktiv atmosferdə” keçdiyi vurğulanıb. Vasitəçilər tərəflərin qarşılıqlı maraq doğuran məsələlər üzrə irəliləyiş əldə etdiyini, həmçinin texniki müzakirələrin həftə boyunca davam etdirilməsi barədə razılığa gəldiyini bildiriblər. Rəsmi açıqlamaya görə, danışıqların növbəti mərhələsi konkret mexanizmlərin hazırlanmasına həsr olunacaq.

İranın xarici işlər naziri Abbas Əraqçi görüşdən sonra verdiyi açıqlamada prosesin faydalı keçdiyini qeyd edib və Pakistanla Qətərin vasitəçilik rolunu yüksək qiymətləndirib. Onun sözlərinə görə, tərəflər bir sıra həssas mövzular üzrə dialoqu davam etdirmək üçün lazımi siyasi iradə nümayiş etdiriblər. Bununla belə, Tehran nüvə proqramı və sanksiyalar kimi əsas mübahisəli məsələlər üzrə yekun razılığın əldə olunduğunu bəyan etməyib. Bu da İran tərəfinin prosesə nikbin, lakin ehtiyatlı yanaşdığını göstərir.

ABŞ nümayəndə heyətinin açıqlamaları da oxşar tondadır. Vaşinqton danışıqların geniş gündəlik əsasında aparıldığını, nüvə proqramı ilə yanaşı, regional təhlükəsizlik məsələlərinin də müzakirə olunduğunu təsdiqləyib. ABŞ tərəfi, həmçinin əldə olunan nəticələri hələlik ilkin mərhələnin məhsulu kimi təqdim edib və əsas fikir ayrılıqlarının aradan qalxmadığını vurğulayır.

Danışıqların ən mühüm nəticəsi tərəflərin prosesi davam etdirmək barədə razılığa gəlməsi hesab olunur. Məlumatlara görə, yaxın iki ay ərzində mümkün razılaşmanın parametrlərini müəyyənləşdirməyə yönəlmiş yol xəritəsi üzərində iş aparılacaq. Bu isə o deməkdir ki, tərəflər siyasi bəyanatlarla kifayətlənməyərək müzakirələri konkret texniki və hüquqi müstəviyə keçirməyə hazırdırlar. Diplomatik praktikada belə addımlar adətən müəyyən qarşılıqlı etimadın formalaşdığını göstərən siqnal kimi qəbul edilir. İsveçrə hökuməti də görüşlə bağlı açıqlamasında ölkənin dialoq üçün neytral platforma təqdim etdiyini və tərəflərin bir masa arxasında toplaşmasını regional sabitlik baxımından müsbət hadisə kimi qiymətləndirdiyini bildirib.

Baş verənləri təhlil etdikdə Bürgenstok görüşünü diplomatik proses baxımından müəyyən uğur saymaq olar. Lakin bu uğurun miqyasını şişirtmək o qədər də düzgün olmazdı. Çünki İranın nüvə proqramının gələcəyi, sanksiyaların taleyi, regional təhlükəsizlik arxitekturası və qarşılıqlı öhdəliklərin mexanizmləri kimi mürəkkəb məsələlər hələ müzakirə mərhələsindədir.

Elə bu səbəbdən hazırkı vəziyyəti nə diplomatik sıçrayış, nə də sıradan bir görüş kimi xarakterizə etmək mümkündür. Daha balanslı qiymətləndirmə o ola bilər ki, tərəflər uzun müddət davam edən gərginlik fonunda danışıqlar prosesini qoruyub saxlaya biliblər və ilk dəfə onu konkret siyasi və texniki çərçivəyə salmağa nail olublar.

N.BEYDİYEVA
XQ



Siyasət