Ölkəmizin “beynəxalq ictimaiyyət” yanaşması

post-img

Ədalətsizlik üçün qlamur platforma yox, daha geniş məkan

Prezident İlham Əliyev iyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışında bir sıra vacib məqamlara toxundu. Yazımızda həmin məqamlardan biri üzərində dayanaraq, dünya düzənindəki ədalətsizlik tendensiyası barədə söz açacağıq. Daha doğrusu, Azərbaycanın bu tendensiyaya qarşı demarşı barədə.

Beləliklə, dövlət başçımız bildirdi ki, Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq ictimaiyyətin güclü dəstəyini qazanıb: “Dostlarımızın sayı ilbəil artır. Beynəlxalq ictimaiyyətin verdiyi dəstək çox nümunəvi anlarda öz əksini tapır. Bəzən “beynəlxalq ictimaiyyət” sözünü eşitdikdə bəziləri düşünür ki, o, inkişaf etmiş ölkələrdən ibarət bir məhdud qrupdur və əgər, belə demək olarsa, bu adı özünə seçən ölkələr tərəfindən belə yanaşılır. Lakin bu, yanlış yanaşmadır”.

Bəli, dünyada “beynəlxalq ictimaiyyət” ifadəsinin qavramı xüsusunda ciddi problemlərin olduğunu görürük və mövcud vəziyyət, mahiyyət etibarilə, ədalətsizliyə yol açır. Buna yol verən isə özünü beynəlxalq ictimaiyyətin təmsilçisi hesab edir. Onlar bu təmsilçiliyi xüsusi imtiyaz halına gətiriblər. Elə bir imtiyaz ki, barəsində söz açdığımız ədalətsizliyi, bir növ, normaya çevirir. Müvafiq olaraq, ədalətsizliyin yazılı sənədlərlə rəsmiləşdirilmək cəhdlərinə də rast gəlinir.

Məsələn, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bir müddət əvvəl bildirmişdi ki, quruma gələcək üzvlərin hazırkı üzv dövlətlərlə eyni səsvermə hüququna malik olmamasını nəzərdə tutan ideya müzakirə olunur. Bu, o deməkdir ki, istənilən dövlət Aİ-yə daxil olduqdan sonra ittifaqın digər üzvləri kimi eyni öhdəlikləri daşıyacaq, lakin hüquqlar baxımından onlarla bərabər olmayacaq. Belə düşünmək də mümkündür ki, qurumda yeni üzvlərlə bağlı məsələlərə dair qərarların çıxarılmasında onların iştirakları müşkilə çevriləcək. Halbuki, Aİ həmişə bütün üzvlərin vahid qaydalar qarşısında bərabərliyini nəzərdə tutan layihə olub və Kosun hazırkı yanaşması qurumun təməl prinsipini kökündən dəyişir, onu bərabərhüquqlu dövlətlər ittifaqından “birinci dərəcəli” və “ikinci dərəcəli” xalqların birliyinə çevirir. Prezident İlham Əliyevin də üzərində dayandığı məqam, faktiki olaraq, həm də bu kimi mənfi meyillərlə bağlıdır.

Azərbaycan lideri çıxışında onu da bildirdi ki, beynəlxalq ictimaiyyət bütün dünyadan, BMT-yə üzv olan ölkələrdən ibarətdir. Yəni belə demək mümkünsə, dünyanın marta kosların təqdim etdikləri üstünlük sistemi yolverilməzdir. Ancaq BMT-nin də struktur baxımından ədalətsizliyə yol açan düzən olduğunu görürük. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əbəs yerə dünyanın beşdən böyük olduğunu bildirməmişdi. O, məşhurlaşmış deyimi ilə BMT Təhlükəsizlik Şurasında qərar verən 5 ölkənin əlahiddəliyinin əleyhinə çıxmışdı. Yeri gəlmişkən, Prezident İlham Əliyevin də oxşar fikirləri olub.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun 2023-cü ilin iyulunda Bakıda keçirilmiş Nazirlər görüşündə hazırda beynəlxalq təşkilatların, xüsusilə BMT-nin bəşəriyyətin gözləntilərinə cavab vermədiyini açıqlamış, qurumda ciddi islahatların aparılmasının qaçılmazlığını vurğulamışdı. “Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus var”, - deyən İlham Əliyev BMT TŞ-də Qoşulmama Hərəkatına bir daimi yerin verilməli olduğunu bildirərək zəngin məzmunlu konkret təklif də irəli sürmüşdü: “Biz bu fikirdəyik ki, QH-yə, İƏT-ə və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”.

Göründüyü kimi, Aİ-nin də təxminən BMT-dəki əlahiddəliyə can atdığının şahidiyik və bu amilin sırf siyasi məqsədlərdən irəli gəldiyini deməliyik. Diqqət yetirək, Aİ-də Ukraynanın 2030-cu ilədək quruma sürətli üzvlüyünün gerçəkləşdirilməsinin mümkünlüyündən söz açılır. Gürcüstanın Aİ yolunda olduğunu, lakin ölkə iqtidarı ilə qurum arasında problemlərin yaşandığını bilirik. Üstəlik, Ermənistan da ittifaqa can atır və bu canatma müəyyən pozitiv çalarlar qazanır. Çünki ölkəni Cənubi Qafqazda anti-Rusiya qalası kimi təsəvvürə gətirənlər var…

Halbuki, Aİ-nin prinsip kimi qəbul edilən standartları çox yüksəkdir və nə Ukraynanın, nə Gürcüstanın, nə də Ermənistanın təşkilata üzvlük üçün elementar normaları yerinə yetirmək potensialından söz açmaq mümkündür. Bəlkə nə zamansa adları çəkilən ölkələr Aİ-nin fundamental tələblərinə uyğunluq dövrünə qədəm qoyacaqlar. Ancaq məsələ bunda da deyil.

Məsələ ondadır ki, Aİ-yə üzvlüyün özü siyasi alətə çevrilir. İndiki məqamda Ukraynanın, Gürcüstanın və Ermənistanın xüsusunda qurumda təmsilçilik məsələlərinin qabardılması yalnız “piar”a hesablanıb. Marta koslar da durumun fərqindədirlər və buna görə qurum daxilində əlahiddə status müəyyənləşdirməyə çalışırlar. O status ki, ondan yararlanan “birinci dərəcəli” xalqlar “ikinci dərəcəli” xalqlara özlərindən aşağı olduqlarını göstərsinlər. Elə isə sual yaranır: Aİ-yə inteqrasiya etməyə dəyərmi? Sualımız ritorikdir. Əlbəttə ki, Marta Kos kimi çiy təfəkkürlülərin olduqları məkana, hətta boylanmaq belə mənasızdır.

Prezident İlham Əliyevin üzərində dayandığı məqam son dərəcə vacibdir, həm də o səbəbdən ki, hazırda “beynəlxalq ictimaiyyət” ifadəsi, sanki, ədalətsizliyin pərdələnməsi naminə ortaya atılıb. Bu ifadə, müəyyən mənada, haqsızlıq üçün qlamur təqdimat formasıdır. Halbuki, dövlətimizin başçısının yanaşması “beynəlxalq ictimaiyyət”i daha geniş formada götürmək məramına söykənir. Ona görə də İlham Əliyev Azərbaycanın özünü qlamur sayan dar çevrənin deyil, geniş məkanın dəstəyini qazanmasından söz açır: “Dünyanın tam mütləq əksəriyyətinin dəstəyini qazanmaq, artıq söylədiyim kimi, həqiqətən, yalnız bəyanatlar əsasında deyil, praktiki addımlara əsaslanan hörməti göstərir”.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət