Azərbaycan-Pakistan hərbi təhsil əməkdaşlığı müzakirə olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin rəhbərliyi, həmçinin “Milli Təhlükəsizlik və Müharibə Kursu-26”nın dinləyiciləri və professor-müəllim heyəti Azərbaycana səfər çərçivəsində bir sıra görüşlər keçiriblər.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad edərək məzarları önünə gül dəstələri düzüb.

Daha sonra qonaqlar Milli Müdafiə Universitetində qəbul olunublar. Universitetin rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan-Pakistan münasibətlərinin strateji əhəmiyyətini vurğulayaraq nümayəndə heyətini salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Görüş zamanı iki dost ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı maraq doğuran mövzular üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Qonaqlara ölkədə hərbi təhsil və elmi fəaliyyət istiqamətində həyata keçirilən yeniliklər və islahatlar barədə təqdimat keçirilib. Səfər xatirə hədiyyələrinin təqdim olunması və birgə şəkil çəkdirilməsi ilə yekunlaşıb.









Ordu