Dövlət Proqramı Azərbaycan kəndini yeni inkişaf yoluna çıxarıb

post-img

Strateji sənəd bölgələrdə müzakirə edilir və yüksək qiymətləndirilir

                                                              Sabirabad rayonu

Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunan respublika müşavirəsində qarşıya qoyulan hədəflərin icrası ilə əlaqədar Sabirabad Rayon İcra Hakimiyyətində təşkil edilən toplantıda bu barədə ətraflı danışılaraq, ölkə rəhbərinin aqrar sahəyə göstərdiyi diqqət və qayğının mühüm önəm daşıdığı bildirilib. Eyni zamanda, dövlət başçısının bu sahənin gələcək inkişaf perspektivləri barədə vurğuladığı mühüm məsələlər, eləcə də təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” bunun bariz ifadəsi kimi qiymətləndirilib. 

Rayon müşavirəsində Sabirabadın iqtisadi inkişafında taxılçılığın, pambıqçılığın və digər kənd təsərrüfatı sahələrinin rolu xüsusi vurğulanıb, işsizliyin aradan qaldırılması, əhalinin məşğulluğunun təmin olunması və dayanıqlı inkişaf üçün aqrar sektorda  sahibkarlıq fəaliyyətinin dəstəklənməsi kimi məsələlərin prioritetlər sırasında yer aldığı diqqətə çatdırılıb. Bununla bərabər, dövlətin fermerlərə yaratdığı əlverişli şərait və güzəştli mexanizmlər sayəsində rayonda  kənd təsərrüfatının davamlı inkişaf etdiyi xatırladılıb.   

                                                                Çörək bol olarsa...

Toplantıda taxılçılıq sahəsində son illər əldə edilən uğurlar diqqətə çatdırılmaqla yanaşı, cari mövsümdə bu istiqamətdə görülən işlərə də nəzər salınıb. Bildirilib ki, hesabat dövründə 23 min 804 hektarda taxıl əkilib, onun 10 min 878 hektarında buğda, 12 min 926 hektarında isə arpa  becərilib. İyunun 20-dək 1703 hektar buğda sahəsinin məhsulu biçilib və orta məhsuldarlıq 44,9 sentner, 11 min 428 hektar arpa sahəsində isə bu göstərici 39,9 sentner olub. Ümumilikdə isə 53 min 316 ton məhsul toplanılıb, hektarın orta məhsuldarlığı isə 40,6 sentnerə yüksəlib. Yeri gəlmişkən, bu müddətdə ayrı-ayrı fermerlərə məxsus taxıl sahələrində orta məhsuldarlıq 55-65 səviyyəsində qeydə alınıb. Tarlalara isə hər gün 60-70 kombayn çıxarılıb. 

Yeri gəlmişkən,  Sabirabadda taxılçılığın inkişafından söz düşmüşkən,  yüksək göstəriciləri ilə diqqət çəkən  təsərrüfatlardan birinin – Muğan Gəncəli kəndində toxumçuluq üzrə  ixtisaslaşan “Fructus-Agro Park” MMC-nin fəaliyyət göstəricilərinə nəzər salaq. Xatırladaq ki, təsərrüfatın 988 hektarlıq ümumi əkin sahəsində cari il 404 hektar sahədə buğda, 338 hektarda arpa, 65 hektarda lobya, 55 hektarda isə günəbaxan əkilib. Əsasən toxumçuluq istiqamətində fəaliyyət göstərən təsərrüfatda buğdanın “Arsenal”, “Viktoriya”, “Koralina”, “Bərəkətli” və “Əsgəran”, arpanın isə “Ştorm” və “Nuranə” sortları becərilib. Burada indiyədək 100 hektardan çox arpa sahəsi biçilib. Hər hektardan orta hesabla 42 sentner məhsul əldə olunub, ümumilikdə, 400 tona yaxın arpa istehsal edilib. 

“Fructus-Agro Park” MMC taxıl istehsalında məhsuldarlığın artırılması, yüksək reproduksiyalı və yerli şəraitə uyğun toxum sortlarından istifadə edilməsi, aqrotexniki tədbirlərin optimal müddətlərdə yerinə yetirilməsi, müasir suvarma texnologiyalarının tətbiq olunması və torpaqların münbitliyinin qorunması məsələlərinə xüsusi önəm verir.  Eyni zamanda, məhsuldarlığın yüksəldilməsi üçün sertifikatlı toxum materiallarından istifadənin genişləndirilməsini diqqətdə saxlayır. 

Belə bir yanaşmaya xüsusi önəm verilməsi təsadüfi deyil. Çünki məhsuldar, xəstəliklərə davamlı və yerli iqlim şəraitinə uyğunlaşdırılmış toxum sortlarının tətbiqi məhsul istehsalında mühüm nəticələr verir. Eyni zamanda, torpaqların aqrokimyəvi analizinin aparılması, gübrələmə sisteminin təkmilləşdirilməsi, müasir texnikadan istifadə və rəqəmsal monitorinq texnologiyalarının tətbiqi məhsuldarlığın yüksəldilməsinə xidmət edən vacib amillərdir.

Bir sözlə, “Fructus-Agro Park”ın fəaliyyətində  torpaq və iqlim şəraitinə uyğun sort seçiminə üstünlük verilməlsi, gübrələmə, suvarma və bitki mühafizəsi tədbirlərinin elmi əsaslarla həyata keçirilməsi kimi amillər aqrar sahənin inkişafını şərtləndirir. Adı çəkilən MMC, eyni zamanda,  biçin zamanı məhsul itkilərinin minimuma endirilməsi, kombaynların fasiləsiz fəaliyyətinin təmin olunması və yetişmiş sahələrdə məhsul yığımının qısa müddətdə başa çatdırılması məsələlərinə də prioritet istiqamətlər kimi yanaşır.  

                                 Pambıqçılıq: məhsuldarlıqdan emal sənayesinə doğru

Son illər ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətində aqrar sektorun inkişafı  xüsusi diqqət mərkəzində saxlanılıb. Kənd təsərrüfatında həyata keçirilən islahatlar, dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və istehsalçı fəaliyyətinin stimullaşdırılması nəticəsində respublikanın ərzaq təhlükəsizliyi möhkəmləndirilib, ixracyönümlü sahələrin inkişafı üçün yeni imkanlar yaradılıb. Bu baxımdan kənd təsərrüfatı məsələlərinə həsr olunmuş  sözügedən müşavirədə pambıqçılığın inkişafı ilə bağlı səsləndirilən fikirlər aqrar siyasətinin gələcək istiqamətlərini müəyyənləşdirən mühüm strateji mesajlar kimi qiymətləndirilib.  

Dövlət başçısının müşavirədə vurğuladığı kimi, respublikanın pambıq sahələrində məhsuldarlıq uzun illər ərzində orta hesabla hektardan cəmi 1 ton olub. Aparılan məqsədyönlü siyasət nəticəsində bu göstərici artıq 3,6 tona yüksəlib. Bu isə ölkənin pambıqçılıq tarixində, o cümlədən sovet dövrü ilə müqayisədə ən yüksək nəticə kimi dəyərləndirilib. Bununla belə, hazırda bu sahədə hər hektardan ən azı 5 ton məhsul əldə etmək qarşıya əsas məqsəd olaraq qoyulub. 

Sabirabad Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubovun sözlərinə görə,  belə bir yanaşmanın önəmi ondadır ki, pambıqçılığın inkişafında əsas göstəricilərdən biri məhsuldarlıq hesab edilir. Çünki torpaq ehtiyatlarının məhdud olduğu bir şəraitdə istehsalın artırılmasının ən səmərəli yolu məhz hər hektardan daha çox məhsul alınması ilə müəyyənləşdirilir. Bu baxımdan dövlət başçısının diqqətə çatdırdığı 5 tonluq məhsuldarlıq hədəfi bu gün iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi nəzərdən keçirilir.   

Hazırda ölkədə, təxminən, 100 min hektar sahədə becərilən pambıqda məhsuldarlığın hər hektardan 5 tona çatdırılması ümumi istehsalının 500 min tona yüksəlməsi deməkdir. Bu isə Azərbaycanın pambıq istehsalında regionun aparıcı ölkələrindən birinə çevrilməsi üçün ciddi imkanlar yaradır. Kənd təsərrüfatının inkişafı məqsədi daşıyan yeni Dövlət Proqramında da pambıqçılıqda məhsuldarlığın artırılması və bunun sayəsində ümumi istehsalın əhəmiyyətli dərəcədə çoxaldılması əsas prioritetlərdən biri kimi diqqət çəkir.  

Sabirabadda da bu məsələyə həssaslıqla yanaşılır. Bu barədə söhbət  açmazdan əvvəl qeyd edək ki, cari il 11 min 24 hektarda çiyid səpini aparılıb. Pambıq emalı və satışı istiqamətində fəaliyyət göstərən 8 müəssisə 1550 fermerlə müqavilə bağlayıb. “Prime Cotton” MMC  2 min 824, “Apeks” Aqro MMC isə 2 min 256 hektarda çiyid səpini  həyata keçirib. Eyni zamanda, istehsal edilən pambığın həmin şirkətlər tərəfindən satışının reallaşdırılacağı nəzərdə tutulub. Hazırda normal çıxışı alınan 10 min 910 hektar pambıq sahəsinin birinci kompleks becərilməsinə başlanılıb, 8 min 600 hektarda zərərvericilərə qarşı mübarizə tədbirləri aparılıb.    

                                   Təkliflər məhsuldarlığı artırmaq məqsədi daşıyır

1-ci dərəcəli “Əmək” ordenili fermer Əfraz Əsgərovun fikrincə, uzun illər pambıqçılıqda  məhsuldarlıq 15 sentnerdən yuxarı olmayıb. Lakin bu sahənin inkişafına dair 2016-cı ildə keçirilən müşavirədən sonra strateji məhsula yanaşma tamamilə dəyişilib, mövcud istiqamətdə dövlət dəstəyi gücləndirilib və ölkəmizdə ilk dəfə MDB məkanı üzrə subsidiyalaşmanın tətbiqinə başlanılıb. Eyni zamanda, pambıqçılıq təsərrüfatlarında texnika parkının yaradılması, toxum və gübrə təminatının gücləndirilməsi, məhsuldarlığın artırılması kimi məsələlərə xüsusi önəm verilib. 

Həyata keçirilən bütün bu layihələrin gerçəkləşdirilməsi nəticəsində məhsuldarlığın 30 sentnerə yüksəlməsinə nail olunub. Həmin göstərici ötən il, hətta 36 sentnerə çatdırılıb. İndi isə qarşıya hər hektarın məsuldarlığının 50 sentnerə yüksəldilməsi kimi önəmli vəzifə qoyulub.   

Əfraz Əsgərov qeyd edir ki, müəyyənləşdirilən məqsədə çatmaq üçün, ilk növbədə, pambıqçılıqda lazer ütü modelinə keçilməli, əkin sahələrinin subsidiyalaşdırılması diqqətdə saxlanılmalıdır. Yalnız bu yolla su təminatında 40-45 faiz qənaətə, məhsuldarlıqda isə 4-5  sentner artıma nail olmaq mümkündür. Təbii ki, sektorda gübrə təminatı daha da yaxşılaşdırılmalıdır. Düzdür, yerli karbamid gübrəsinə elə bir ciddi ehtiyac duyulmur. Amma azot, amasof  və digər bu kimi mineral məhsulların kənardan gətirilməsi probleminin həlli istiqamətində müəyyən addımlar atılmalıdır. 

Fermer söhbətində onu da qeyd etdi ki, pambıqçılıqda istifadə olunan dərmanlar Çindən və Türkiyədən alınır. Tərkibi isə bir sıra hallarda məhsulun üzərində yazılanlarla uyğun gəlmir. Məsələn, bəzən hektara 1 litr suya 600 qram dərman qarışdırılmaqla istifadə edilməsi lazımi nəticə vermir. Ona görə də dərmanın həcminin iki dəfə artırılmasına ehtiyac yaranır. Təbii ki, belə bir hal  fermerin xərcinin artması, yəni 1 litri 30 manata olan dərmanın 60 mana başa gəlməsi deməkdir. Halbuki həmin dərmanlar respublikada istehsal olunarsa keyfiyyətlə bağlı nə vaxtsa üzləşilən problemin həlli  də asanlıqla həllini tapar.       

Əfraz Əsgərovun digər təklifi toxumçuluqla bağlıdır. Onun sözlərinə görə, Türkiyədən gətirilən toxumlar respublikada  35 faizdən yuxarı məhsuldarlıq gücündə olmur. Amma Çindən həm xəstəliyə qarşı, həm də reproduksiya xarakterli toxumların alınıb əkilməsinə zəruri ehtiyac duyulur. O toxumlar  əkildikdən sonra normal becərmə aparılarsa, arzulanan məhsuldarlığı əldə etmək olar.   

Pambıqçılıqda innovativ üsullların tətbiqi də diqqətdə saxlanılmalır. Bu baxımdan salafan (polietilen örtük) altında qoşa cərgə pambıq əkininə üstünlük verilməlidir. Bu, xüsusilə ölkəmizin iqlim şəraitində məhsuldarlığı 30-40 faiz artıran və vegetasiya müddətini erkən başlamağa imkan verən innovativ aqrotexniki üsuldur. Belə bir modelin tətbiqi torpaqda nəmin və istiliyin qorunmasına, eləcə də xəstəlik və alaq otlarına qarşı mübarizəni  asanlaşdırmağa kömək edir.   

Qoşa cərgə üsulunda cərgə arası 60 və ya 90 santimetr standart qaydalardan fərqli olaraq, toxumlar lent üsulu ilə iki paralel xətt şəklində əkilir. Cüt cərgələr arasındakı məsafə dar (məsələn, 30 santimetr), lentlər (qoşa cərgələr) arası məsafə isə texnikanın işləməsi üçün geniş (70 - 90 santimetr) saxlanılır. Toxum səpildikdən və ya şitillər kök saldıqdan sonra sahəyə şəffaf və ya qara polietilen örtük çəkilir. Örtük torpaq istiliyini artırır və bununla da toxumların erkən cücərməsi gerçəkləşir. 

Salafan altında mütləq damcı suvarma sistemindən istifadə edilməlidir. Belə halda su və maye gübrələr birbaşa bitkinin kök sisteminə verilir. Cücərtilər salafana dəyib yanmağa başlamazdan əvvəl, polietilen üzərində kəsiklər açılaraq bitkilərin xaricə çıxması təmin edilir.

Örtük torpağın temperaturunu artıraraq, pambığın inkişafı üçün əlverişli mikroiqlimi şərtləndirir, vegetasiya dövrünü isə 2-3 həftə qabağa çəkməyə imkan verir. Bu da xüsusilə sərin keçən yaz aylarında zəruridir. Bu üsulun tətbiqi ilə qeyd etdiyim kimi, nəmin qorunmasına da nail olunur. Belə ki, su buxarlanması azalır, torpağın strukturu bərkimir və alaq otlarının cücərməsi əhəmiyyətli dərəcədə məhdudlaşdırılır.

Sabirabadlı fermer qoşa cərgə modeli əsasında pambıq becərilməsi ilə bağlı fikirlərini yekunlaşdıraraq deyir ki, bu üsulla əkilən sahədə məhsuldarlıq ənənəvi əkin üsulundan nəzərəçarpacaq dərəcədə fərqlənir, məhsuldarlıq 40-50 sentnerə bərabər olur, pambıq kolları və qoza sayı çox olduğu üçün kombaynların yığım aparması da asanlaşır.   

                  Sabirabad Pilot Aqroparkı – məhsuldarlığın artırılmasında səmərəli mexanizm

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, ölkəmizdə sahibkarlığın, o cümlədən aqrar biznesin inkişaf etdirilməsi, aqrar-sənaye kompleksinin modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə son illər sistemli tədbirlər həyata keçirilib, müasir texnologiyalara əsaslanan aqroparklar yaradılıb. “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” layihəsi çərçivəsində 7 min 544 hektar sahədə qurulan Sabirabad Pilot Aqroparkı 2020-ci ildən fəaliyyətə başlayıb. Müəssisə yaradılarkən aqrar sahədə inkişafın sürətləndirilməsi, kənd təsərrüfatı məhsullarına olan təlabatın ödənilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, ixracyönümlü məhsulların istehsalının artırılması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi qarşıya əsas məqsəd kimi qoyulub. 

Hazırda 8 sahibkarlıq subyektinə aqroparkın rezidentliyi statusu verilib. Rezidentlər tərəfindən 3 min131 hektar sahədə əkin işləri görülüb. İndiyədək reallaşdırılan layihələrə 7,4 milyon manat investisiya yatırılıb, 86 daimi, 113 mövsümi iş yeri yaradılıb. Müəssisədə müasir suvarma sistemlərinin tətbiqi ilə meyvəçilik (zeytun, nar), toxumçuluq (buğda, arpa), heyvandarlıq, taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində mühüm uğurlar əldə edilib.  

Layihələrinin ümumi dəyəri 41 milyon manat olan pilot aqroparkda müasir suvarma sistemlərinin tətbiqi ilə 500 hektar sahədə intensiv nar bağının salınması, taxıl, qarğıdalı və yonca toxumçuluğunun təşkil edilməsi və taxılın, eləcə də süd və pambığın ilkin emalı, qüvvəli yem istehsalı və heyvandarlıq sahələrnin yaradılması nəzərdə tutulub. Artıq 1000 hektar meyvə bağı salınıb, 4 min hektara yaxın taxıl əkilib. 

Müəyyən layihələrin gerçəkləşdirilməsi nəticəsində 730 yeni iş yerinin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulub. Hazırda 98 daimi, 397 mövsümi  iş yerinin açıldığı aqroparkda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən stimullaşdırıcı tədbirlər görülüb və bu işlər mütəmadi olaraq davam etdirilib. Belə ki, dövlət vəsaiti hesabına aqroparkın suvarma suyuna olan tələbatının təmin edilməsi məqsədilə beton su kanalı inşa olunub və ərazilərin şoranlaşmasının qarşısını almaq üçün kollektor-drenaj şəbəkəsinin tikintisi üzrə işlər aparılıb. Artıq 3 sahibkar (fermer) tərəfindən aqroparkın deqradasiyaya uğramış torpaq sahələrinin bir hissəsi əkin üçün tam yararlı vəziyyətə gətirilərək,   2075 hektar sahədə taxıl və pambıq əkini aparılıb.   

988 hektar sahədə yaradılan, investisiya dəyəri 3,2 milyon manat olan “Fructus Aqropark” MMC tərəfindən aqroparkda yararsız torpaq sahələri əkin üçün yararlı vəziyyətə gətirilib. Aqroparkın ilk rezidentlərindən olan adı çəkilən  MMC-nin təsərrüfat sahəsində bu il 740 hektar taxıl səpini aparılıb. Biçin prosesində hektarın orta məhsuldarlığı 42 sentnerə yüksəlib.  

Göründüyü kimi, torpaq sahələrindən səmərəli istifadə edilməsi, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiq olunması üçün innovativ və əlverişli mexanizm olan Sabirabad Pilot Aqroparkın ərzaq təhlükəsizliyinin möhkəmlənməsində rolu getdikcə gücləndirilir, eyni zamanda, sahibkarlığın inkişafına, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platformaya çevrilməsinə xüsusi önəm verilir. 

Ümumiyyətlə, son illərdə ölkəmizdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən layihələr çərçivəsində elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan aqroparklar ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Sabirabad Pilot Aqropark kimi  müəssiələrin yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində də əhəmiyyətli rol oynayır. 

Vaqif BAYRAMOV

XQ

Sabirabad









İqtisadiyyat