Strateji sənəd bölgələrdə müzakirə edilir və yüksək qiymətləndirilir
Şirvan–Salyan iqtisadi rayonu
Dünən Biləsuvar şəhərində Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Şirvan–Salyan iqtisadi rayonu üzrə növbəti regional müşavirə keçirilib.
Müşavirə 25 may 2026-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında müəyyən edilmiş hədəflərin regionlar üzrə əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov son illərdə Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul edilmiş dövlət proqramları, kənd təsərrüfatına göstərilən dövlət dəstəyi və əldə edilmiş nəticələr barədə danışıb. O bildirib ki, keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi, aqrar sahədə məhsuldarlığın və rəqabət qabiliyyətinin daha da artırılması yeni yanaşmaların tətbiqini zəruri edir. Prezident köməkçisi qeyd edib ki, 2026–2030-cu illər üçün Dövlət Proqramı kənd təsərrüfatının yeni inkişaf mərhələsini müəyyən edən strateji sənəd kimi çıxış edir. Proqram aqrar sahədə intensiv istehsal modelinə keçidin sürətləndirilməsini, emal və ixrac imkanlarının genişləndirilməsini, eləcə də ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini nəzərdə tutur.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli bildirib ki, Dövlət Proqramı regionlarda istehsal infrastrukturunun gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. O qeyd edib ki, suvarma sistemlərinin təkmilləşdirilməsi, torpaq konsolidasiyası və rəqəmsal idarəetmə həllərinin tətbiqi məhsuldarlığın artırılmasına töhfə verəcək. Salyan rayonunun torpaq konsolidasiyası üzrə pilot ərazi kimi seçildiyini diqqətə çatdıran nazir müavini əlavə edib ki, saxlama, emal və logistika infrastrukturunun inkişafı aqrar sektorda dayanıqlı inkişafı və fermer gəlirlərinin artımını dəstəkləyəcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov bildirib ki, Şirvan-Salyan iqtisadi rayonunun aqrar və akvakultura potensialının reallaşdırılmasında su ehtiyatlarının səmərəli idarə olunması mühüm əhəmiyyət daşıyır. O, suvarma infrastrukturunun modernləşdirilməsi, su itkilərinin azaldılması, yeni suvarma kanallarının çəkilməsi və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi istiqamətində işlərin davam etdirildiyini qeyd edib. Bildirilib ki, proqram çərçivəsində rəqəmsal monitorinq, dəqiq su uçotu və fermerlərin maarifləndirilməsi prioritet istiqamətlərdən olacaq.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonun aqrar sahədə mövcud vəziyyəti barədə məlumat verib. O deyib ki, Biləsuvar pambıqçılıq, taxılçılıq və heyvandarlıq sahələrində ölkənin aparıcı rayonlarından biridir. Aqroparkların fəaliyyəti və müasir suvarma sistemlərinin tətbiqinin istehsalın səmərəliliyinin artırılmasına mühüm töhfə verdiyini qeyd edən rayon rəhbəri əlavə edib ki, Dövlət Proqramı mövcud potensialın daha səmərəli reallaşdırılmasına və istehsal imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Müşavirədə Biləsuvar, Hacıqabul və Neftçala rayonlarından olan fermerlər və sahibkarlar təsərrüfatlarının mövcud vəziyyəti və ümumi inkişaf istiqamətləri barədə məlumat veriblər. Onlar kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin istehsalın genişləndirilməsi və məhsuldarlığın artırılmasına müsbət təsir etdiyini qeyd ediblər.
Yekunda Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olunmasında mərkəzi və yerli icra orqanlarının əlaqələndirilmiş fəaliyyətinin, eləcə də özəl sektorun fəal iştirakının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, Dövlət Proqramı regionlarda kənd təsərrüfatının dayanıqlı inkişafına, məhsuldarlığın yüksəldilməsinə və emal imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək. Bildirilib ki, müşavirədə səsləndirilən rəy, təklif və qeydlər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.
***
Müvafiq Dövlət Proqramının icrasının təmin edilməsi çərçivəsində kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli XQ-nin suallarını cavablandırdı:
– Seymur müəllim, fermerlər üçün hansı yeni güzəşt və dəstək mexanizmləri nəzərdə tutulur?
– Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar kənd təsərrüfatının inkişafına mühüm töhfə verib. Bu istiqamətdə işlər davam etdirilir və fermerlərin fəaliyyətini daha da stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin, kredit və güzəşt alətlərinin tətbiqi nəzərdə tutulur. Bu güzəştlər texnika təminatı, emal müəssisələrinin yaradılması və yeni istehsal sahələrinin qurulmasını əhatə edəcək. Ümumilikdə, aqrar sektor üzrə genişmiqyaslı dəstək və güzəşt mexanizmlərinin tətbiqi planlaşdırılır.
– Aqrar məhsulların keyfiyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi istiqamətində hansı addımlar atılacaq?
– Keyfiyyətin artırılması əsas prioritetlərdən biridir. Bu məqsədlə intensiv bağların salınması, müasir təsərrüfatların yaradılması və fermerlərin bilik və bacarıqlarının artırılması vacib hesab olunur. Məqsəd məhsulun keyfiyyətinin yüksəldilməsi, sertifikatlaşdırılması və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsidir. Eyni zamanda, soyuducu anbarların tutumu artırılacaq və ixrac olunan kənd təsərrüfatı məhsullarının logistika xərclərinin təxminən 70 faizi dövlət tərəfindən qarşılanacaq.
– Gənc və qadın fermerlərin dəstəklənməsi istiqamətində hansı yeniliklər gözlənilir?
– Dövlət Proqramının əsas hədəflərindən biri aqrar sektoru bütün fermerlər üçün daha gəlirli sahəyə çevirməkdir. Gəlirlilik artdıqca, gənclərin bu sahəyə marağı da yüksələcək və aqrar sektorun inkişafı sürətlənəcək. Məhz gənc və qadın fermerlərin dəstəklənməsi istiqamətində də məqsədyönlü yeni mexanizmlərin hazırlanması önəmini qoruyacaq.
Naxçıvan iqtisadi rayonu
İyunun 22-də Naxçıvan iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.
Toplantı Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan fermer və sahibkarlar iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən ardıcıl islahatlar kənd təsərrüfatında istehsal və ixrac potensialının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verib. Aqrar sektorda yeni inkişaf mərhələsinə keçidi təmin etmək məqsədilə qəbul edilən Dövlət Proqramı məhsuldarlığın, daxili istehsalın, ixrac imkanlarının və əlavə dəyərin artırılmasını, müasir aqrar xidmətlərin əlçatanlığının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Qeyd olunub ki, dövlət tərəfindən təqdim edilən çoxşaxəli dəstək tədbirləri və yeni Dövlət Proqramının yaratdığı imkanlar Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının və sahibkarlığın davamlı inkişafını təmin edəcək.
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında aqrar sahənin mövcud vəziyyəti, son illərdə görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə və prioritetlərə toxunub. Dövlət Proqramının əsas məqsəd və hədəfləri barədə məlumat verən nazir qeyd edib ki, bu sənəd kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin genişləndirilməsi, emal sənayesinin inkişafı, ixrac potensialının gücləndirilməsi və özəl investisiyaların təşviqinə xidmət edir. Nazir əlavə edib ki, diferensial subsidiya siyasəti, müasir suvarma texnologiyalarının tətbiqi və yeni bağçılıq layihələri regionda kənd təsərrüfatının daha sürətli inkişafı üçün əlverişli imkanlar yaradır.
Məclisin davamında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov çıxış edərək, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın vizual təqdimatını keçirib. Diqqətə çatdırılıb ki, Dövlət Proqramında fundamental və dəstəkləyici tədbirlər əks olunur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov su təsərrüfatı infrastrukturunun rəqəmsallaşdırılması, müasir suvarma texnologiyalarının tətbiqi və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işləri vurğulayıb. Bildirilib ki, son illər ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında suvarma infrastrukturunun yenilənməsi, yeni su mənbələrinin yaradılması və müasir suvarma sistemlərinin tətbiqi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.
Naxçıvanın kənd təsərrüfatı naziri Rafail Quliyev çıxışında bildirib ki, muxtar respublika məhdud torpaq və su resurslarına malik olmaqla yanaşı, özünəməxsus iqlim şəraiti, əlverişli coğrafi mövqeyi, zəngin kənd təsərrüfatı ənənələri və yüksək əmək potensialı ilə fərqlənir. Naxçıvanın dağlıq və aran ərazilərinin mövcudluğu burada müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafına imkan yaradır. Taxılçılıq, tərəvəzçilik, meyvəçilik, üzümçülük, yemçilik, heyvandarlıq və digər istiqamətlər üzrə mövcud potensialın daha səmərəli istifadəsi Dövlət Proqramının əsas hədəfləri ilə üst-üstə düşür.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov qeyd edib ki, rayon kənd təsərrüfatı məhsullarının istehsalında Naxçıvan Muxtar Respublikasının aparıcı bölgələrindən biri olmaqla bitkiçilik, heyvandarlıq və emal sahələrində mühüm göstəricilərə malikdir.
Müzakirələrdə iştirak edən fermerlər və sahibkarlar kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyini yüksək qiymətləndirərək, bu sahəyə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər aqrar istehsalın genişləndirilməsi, emal sənayesinin inkişafı, investisiya imkanlarının artırılması və yeni biznes təşəbbüslərinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Müşavirənin yekununda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək diqqətə çatdırıb ki, Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olunması məqsədilə aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları və digər məsul qurumlar tərəfindən zəruri tədbirlər həyata keçirilməlidir. Bildirilib ki, rayonların aqrar potensialı, torpaq və su resursları nəzərə alınmaqla fəaliyyət planları hazırlanmalı, dövlət dəstəyi mexanizmlərinin və investisiya imkanlarının təbliği gücləndirilməlidir.
Aidiyyəti qurumlara Dövlət Proqramının icrası üzrə fəaliyyətin əlaqələndirilməsi, nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin mütəmadi monitorinqi və yaranan problemlərin operativ həlli istiqamətində tapşırıqlar verilib.
XQ








