Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bu il Azərbaycanda təşkil olunacaq VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bakı prosesi: Azərbaycan–Özbəkistan dostluq əlaqələrində mədəni dialoqun rolu” mövzusunda təqdimat keçirilib.
Proqramda Özbəkistanın müxtəlif ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti, ictimaiyyət və media nümayəndələri, tələbələr, eləcə də Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
AMM-nin rəhbəri Akif Marifli “Bakı prosesi”nin beynəlxalq əhəmiyyətindən bəhs edərək bildirib ki, bu təşəbbüs mədəniyyətlərarası dialoqun inkişafına, xalqlar və dövlətlər arasında qarşılıqlı etimadın və humanitar əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm qlobal platformadır. O qeyd edib ki, Azərbaycan və Özbəkistan kimi tarixi, mədəni və mənəvi yaxınlığa malik iki dost ölkə arasında münasibətlər Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində bu modelin uğurlu nümunələrindən birinə çevrilib.
Təqdimatda “Bakı prosesi”nin yaranma tarixi, konseptual əsasları və mədəniyyətlərarası dialoq mexanizmi kimi əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı prosesi” müxtəlif ölkələri və mədəniyyətləri bir araya gətirən, səmərəli dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığa geniş imkanlar yaradan mühüm beynəlxalq təşəbbüsdür.
Çıxış edənlər “Bakı prosesi”nin Azərbaycan–Özbəkistan münasibətlərində mühüm humanitar platforma kimi əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, siyasi və iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, xalqlar arasında mənəvi yaxınlıq və mədəni əməkdaşlıq münasibətlərin dayanıqlılığını təmin edən əsas şərtlərdən biridir.
Q.KAZIMOV
Daşkənd

