Azad torpaqlarda məşğulluq layihələri

post-img

İşğaldan azad edilmiş ərazilərin bərpası infrastruktur layihələrlə məhdudlaşmır. Prosesin əsas istiqamətlərindən biri də əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması və həmin ərazilərin iqtisadi potensialının yüksəldilməsidir. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm hissəsidir.

Genişmiqyaslı quruculuq işləri nəticəsində müxtəlif sahələr üzrə yeni məşğulluq imkanları yaradılıb. Ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası, fermer təsərrüfatlarının inkişafı həm yerli sakinlərin məşğulluğuna, həm də regionun iqtisadi fəallığının artmasına imkan verir. Bu ərazilərdə məşğulluğun təmin edilməsi insanların sosial rifahının yüksəldilməsi, regionların davamlı inkişaf məqsədlərinə nail olunması baxımından strateji əhəmiyyət daşıyır.

Müsahibimiz Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Hasil Abbasov söylədi ki, işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışı hər birimizdə sonsuz qürur hissi yaradır.

– İşğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərin dayanıqlı məskunlaşması və sosial rifahının təmin edilməsi sahəsində aparılan işlərin bir istiqaməti də onların məşğulluğunun təminatına yönəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi bu istiqamətdə işləri davam etdirir. Sakinlərin vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq, əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramlarına cəlb edilmələri, əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmələri üçün hazırlıq kurslarının təşkili, mütəmadi olaraq əmək yarmarkalarının keçirilməsi və s. istiqamətlərdə işəgötürənlərlə sıx əməkdaşlıq qurulub.

Birgə fəaliyyətdə əsas prinsiplərdən biri də azad edilmiş ərazilərdə yaranan vakansiyaların, ilk növbədə, bu ərazilərə köçürülən sakinlərə təqdim edilməsidir. İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərlə görüşlər keçirilir, onların məşğulluq imkanları qiymətləndirilib, peşə bacarıq və təcrübələri, hansı fəaliyyət sahələrində işləməyə olan maraqları müəyyən edilir. Qiymətləndirmələrin nəticələrinə uyğun olaraq, sakinlərin qeyd edilən proqramlara cəlb edilmələri üçün ilkin qeydiyyatı aparılır.

Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə mütəmadi görüşlər də keçirilir. İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı istiqamətində görülən işlər və birgə tədbirlər müzakirə olunur.

Bu günə qədər doğma yurdlarına qayıdan sakinlərdən artıq 10,8 minədək şəxsin istehsal, xidmət, kənd təsərrüfatı və s. fəaliyyət sahələrində öz təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində əhəmiyyətli işlər görülür. Köçürülən sakinlərdən artıq 900-ə yaxın sakin proqram çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin edilib.

Verilmiş aktivlər hesabına onlar kiçik ailə bizneslərini qurublar. Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində həmin ərazilərdə insan kapitalının inkişafı, bu istiqamətdə peşə hazırlıqlarının təşkili və ixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi əsas prioritetlərdən biridir. Agentlik Qarabağ və Şərqi Zəngəzur üzrə artıq 500-dən çox şəxsi peşə kurslarına cəlb edib.

Hasil Abbasov 2023-cü ilin avqust ayında Bərdədə istifadəyə verilən Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin peşələr üzrə bilik və bacarıqlara yiyələnməsinin təminində də müasir tələblərə cavab verən bir müəssisə kimi mühüm rol oynadığını bildirdi. Mərkəz 48 peşə istiqaməti üzrə tədrisin həyata keçirilməsi imkanlarına malikdir. Peşə kurslarının təşkilində özəl tədris müəssisələri ilə də əməkdaşlıq həyata keçirilir. Bu ərazilərdə ötən dövrdə işəgötürənlərlə əməkdaşlıq sayəsində 40 əmək yarmarkası təşkil olunub.

Azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin nazirliyin önəmli məşğulluq proqramlarından olan “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində iş yerləri ilə təminatı da həyata keçirilir. Proqram üzrə işlə təmin edilənlərin bir il ərzində əməkhaqlarının bir hissəsini Dövlət Məşğulluq Agentliyi maliyyələşdirir.

Xatırladaq ki, son illərdə Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunub. Bu anlayışa peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər aiddir. Onlara 600 manat məbləğində proaktiv qaydada birdəfəlik müavinət verilir, maaşlarına əlavə hesablanır, əlavə 5 gün ödənişli əmək məzuniyyəti ilə təmin edilirlər. Bütün bunlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri də keçirir.

Bildirildi ki, Məşğulluq, Minatəmizləmə, Kiçik və Orta Biznesin İnkişafı agentliklərinin, Həmkarlar İttifaqları Konfederasiyasının iştirakı ilə keçirilən tədbirlərdə işəgötürənlərə və işçilərə əməyin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, layiqli əmək prinsipləri və əmək qanunvericiliyinin əsas tələbləri barədə məlumatlar verilir.

Mustafa KAMAL
XQ





Sosial həyat