Yevlaxda taxıl biçini sürətlənir

post-img

Hazırda ölkənin əksər bölgələrində olduğu kimi,  Aran Iqtisadi rayonuna daxil olan Yevlaxda da taxıl biçini mütəşəkkil şəkildə davam edir. Məhsulun vaxtında və itkisiz yığılmasını təmin etmək üçün qabaqcıl texnikalar səfərbər olunub.  

Yevlax Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirdilər ki, 2026-cı ilin məhsulu üçün rayon üzrə 4 min 226,6 hektar sahədə buğda, 6 min 550,6 hektar sahədə isə arpa əkilib. Bu günə olan operativ məlumata əsasən, 3 min 130 hektar buğda sahəsində biçin başa çatdırılıb. Bunun da hesabına zəmilərdən 10 min 642 ton məhsul toplanıb. Buğda sahələri üzrə hektarın orta məhsuldarlığı 38 sentner təşkil edib. Xatırladaq ki, ötən il bu rəqəm 37,8 sentner olub. Hazırda buğda biçini sürətlə davam edir.

Bununla yanaşı, mövsümün əvvəlindən indiyədək 6 min 500 hektar arpa sahəsində biçin həyata keçirilib. Hər hektardan orta hesabla 31,5 sentner məhsul yığılıb. Bu isə ötənilki göstəricidən bir qədər yüksəkdir. Artıq rayonun arpa sahələrində biçin yekunlaşmaq üzrədir. 

Qeyd edək ki, rayonda taxıl biçinini optimal müddətdə başa çatdırmaq üçün sahələrə 20 kombayn cəlb edilib. Bunun da 12-si "Aqroservis" ASC Yevlax regional nümayəndəliyinin balansında olan texnikalardır. 

Mirbağır YAQUBZADƏ 
XQ
Yevlax

İqtisadiyyat