Ədəbiyyatşünasın “Qarabağnamə”si

post-img

Əsəd Cahangirin “Səs” essesi və “Xarıgülnar” poeması barədə qeydlər

Həyatı anlayanlar, dərk edənlər, öyrənənlər çox şeyə vaqif olurlar. Tanrının bəxş etdiyi ömür payını elm, irfan, ədəb, mərifət içərisində keçirirlər. O da öyrənirdi. Gecəsini-gündüzünə qatıb nəhayətsiz bilik ümmanına baş vururdu. Elə ilk yazılarında istedad nişanəsi duyulurdu.

Elmə yiyələnməkdə qüvvəli, təpərliydi. Azərbaycan ədəbiyyatının, dünya söz sənəti korifeylərinin əsərlərini oxumaqdan, görkəmli tənqidçilərin qiymətli irsini əxz etməkdən yorulmurdu. Ədəbiyyat bir ahənrübatək onu həmişə özünə çəkir, möcüzəli cazibəsində saxlayırdı.

Əsəd Cahangir çağdaş söz sənətimizdə və ədəbi tənqidimizdə sayılıb-seçilən, çevik ədəbi prosesi izləmək, istiqamətləndirmək missiyasını çiynində daşıyan ünlü isimlərdəndir. Azərbaycan ədəbiyyatşünaslığına töhfələr bəxş edən tanınmış ədəbi tənqidçi, esseist, incə ruhlu şeirlər müəllifinin qələmə aldığı mövzulara özünəməxsus fəlsəfi baxışı, fərqli yanaşması var. Ədəbiyyat və incəsənətin elə bir sahəsi yoxdur ki, onda maraq doğurmasın. Əsəd Cahangirin teatr və kino resenziyaları, tarixi, dini, fəlsəfi məqalələri, icmalları, sənət adamları haqqında portret və təhlili yazıları maraqla oxunur.

Görkəmli ədəbi tənqidçilər, ədəbiyyatşünas alimlər, qələm dostları Əsəd Cahangirin intellektual mövzulu əsərlərini yüksək qiymətləndiriblər. Akademik Nizami Cəfərov, Xalq yazıçıları Anar, Elçin, Sabir Əhmədli, Afaq Məsud, Xalq şairləri Fikrət Qoca, Ramiz Rövşən, tanınmış söz adamı, şair-publisist Elxan Zal Qaraxanlı və başqaları müəllifin esselərini və poemalarını yeni üslubda yazılmış əsərlər kimi qiymətləndiriblər.

Əsəd Cahangirin yaradıcılığında Qarabağ mövzusu əhatəli yer tutur. Bu əsərlərin məna yükü, ifadə forması fərqlidir, qutsal ideyası ümumbəşəri prinsiplərə əsaslanır. Qarabağ şəhidlərimizin ruhuna ithaf olunmuş “Səs” essesi və “Xarıgülnar” poemasında şəhidliyin estetik anlamı incələnib.

“Oyanmış ruhun özünüdərki” məqaləsinin müəllifi, akademik Nizami Cəfərovun fikrincə, dialektik düşüncə, ehkamçılıqdan uzaqlıq, dünyaya və onun bədii inikası olan sözə daimi dəyişmə, inkişaf və ya tənəzzüldə olan canlı proses kimi baxmaq – Əsəd Cahangirin düşüncəsinə məxsus daha bir cəhət budur. Bu, onun yazılarına qabarıq nəzərə çarpan tarixilik keyfiyyəti verir... Bunu “Səs”, “Dəmirbaşlar”, “Aprel tezisləri” kimi təsirli esselərində də aydın görürük. Əsəd bütün yazılarında ilk essesinin sərlövhəsinə sadiqdir... Onun yazılarının alt yapısında bir fəlsəfi suala cavab cəhdi durur: Hardan gəlib, hara gedirik?

Akademik qeyd edir ki, “Səs” essesində məmləkətimizi 3 geokulturoloji–söz, səs və rəng məkanlarına bölür. Naxçıvan, Göyçə, Qazax və Borçalı sözün, Qarabağ səsin, Bakı və Şirvan isə rəngin məkanıdır: “Başqa sözlə, “Səs”, bütünlüklə, “Qarabağnamə”dir. Bu əsərdə Qarabağ ədəbi mühitinin həm də tarixilik baxımından yeri və rolu geniş əks etdirilmişdir. “Səs”də tarixə metatarixi baxış var və bunun hesabına Qarabağa da, səsə də yanaşmanın hüdudları müqayisəsiz dərəcədə genişlənir. Min dəfələrlə eşitdiklərimizi, gördüklərimizi, sanki, ilk dəfə görür. Müəlliflə birlikdə biz də öz ölkəmizi geokulturoloji rakursdan yenidən kəşf edirik”.

Qarabağ bizim səs incəsənətimizin bətnidir, Qarabağ uğrunda şəhadət özünü milli varlığımız uğrunda qurban vermək deməkdir” söyləyən müəllifin milli qüruru, güvənci, modernist təfəkkürü heyranlıq doğurur. Əsədin “Səs”i, ünü ucalırdı, fitrən istedadlı, ədəbi zirvələri sözlə fəth edən qələm adamının Qarabağ həqiqətlərindən bəhs edən bu essesini bütün məmləkət oxuyurdu. Çünki “Səs” haqqın, ədalətin səsi idi. Təsadüfi deyil ki, Əsəd Cahangir bu müqəddəs mövzuya həsr olunmuş “Səs” (1999) essesinə görə Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi “İlin tənqidçisi” adına layiq görülüb.

Az sonra müəllif oxucularını Qarabağ mövzusunda qələmə aldığı daha bir əsəri ilə duyğulandırdı. “Xarıgülnar” poeması ilə. Əl-əl gəzib axtarılan yeni epik əsərə verilmiş bənzərsiz addan tutmuş, poemanın məna yükü, bədii siqləti, qayəsinədək hər şey düşündürücüdür.

Əsəd Cahangirin yaradıcılıq fəaliyyətinin daha bir yönü, qolu var: tərcüməçilik. Onun hələ 2012-ci ildə ruscadan dilimizə çevirdiyi “Erməni genosidi: mif və həqiqət” kitabında erməni soyqırımı məsələsinin əsl mahiyyəti üzə çıxarılıb.

“Ən böyük qazancım Tanrıya inamımdır. Həyat bir məktəbdir və burda əsas məsələ ruhun mümkün qədər çoxlu bilgi toplamasıdır”, – deyən Əsəd Cahangir ömrünün kamillik mərhələsinə qədəm qoyub. Düşüncə, fikir adamı, bədahətən şeirlər söyləyən qələm dostumuz Əsəd Cahangirə ömrünün yetkinlik çağına qapı açan yeddinci onilliyin başlanğıcında yaradıcılıq üfüqləri fəth etməyi, ədəbi cameəmizi və oxucularını yeni əsərlərlə sevindirməyi arzulayırıq.

Zemfira MƏHƏRRƏMLİ,
yazıçı-publisist

Mədəniyyət