Batı xanın qardaşı Şeybanın nəslindən olan Əbülxeyr xan XV əsrin ortalarında parçalanan çöl tayfalarını öz ətrafında toplayaraq vahid siyasi hakimiyyət altında birləşdirdi, Qərbi Sibir çöllərində və Dəşti-Qıpçaq ərazilərində güclü Özbək xanlığının əsasını qoydu, bu, regionda yaranan yeni bir siyasi güc idi.
Dövlətin fəaliyyəti bölgədə siyasi sabitliyin möhkəmlənməsinə və yeni dövlətçilik ənənələrinin formalaşmasına mühüm təsir göstərdi. Əbülxeyr xanın əsasını qoyduğu Özbək xanlığı yalnız bir dövlət deyil, həm də çöllərin siyasi xəritəsini dəyişdirən tarixi dönüş nöqtəsi oldu.
1451-ci ilə qədər Əbülxeyr xanın həyata keçirdiyi birləşdirici siyasət nəticəsində Özbək xanlığı regional gücə çevrildi və sonra Türküstan tarixinin istiqamətini müəyyənləşdirən mühüm siyasi mərkəzlərdən biri oldu.
Mənbələrdə Özbək xanlığı, Özbək ulusu, Özbək Ordası və Əbülxeyr Ulusu kimi də adlandırılır. Görkəmli Amerika tarixçisi Peter Golden “Əbülxeyr Özbək Ordası” terminindən istifadə edib. Peter Golden yazır: “Qızıl Orda süqut etdikdən sonra yeni xanlıqlar yarandı. Əbülxeyr xan 1451-ci ilə qədər Qərbi Sibir çöllərində dominant gücə çevrildi”.
Əbülxeyr xanın və ailəsinin üzvləri ədəbiyyata böyük həvəs göstəriblər. Əbülxeyr xan məşhur şair, mistik və sufi tərəfdarı Cəlaləddin Ruminin əsərlərinin cığatay türkcəsinə tərcüməsini sifariş edib. Əbülxeyr xanın ulusunun tarixi Məsud ibn Osmani Kuhistani tərəfindən təsvir edilib. Məşhur sufi lideri Nəcməddin Kubranın nəslindən olan Hüseyn Xarəzmi cağatay türkcəsində Əbülxeyr xana həsr olunan bir əsər də yazmışdı.
Xarəzmin Teymurilərdən olan hökmdarı Əmir İbrahim Urgənçdə ilahiyyatçıların, şeyxlərin və şairlərin toplantılarını təşkil edirdi. Bu məclislərin birində bir şair Əmir İbrahim xana həsr etdiyi şeirini oxuyur və xana hədiyyə edir və xan məclisdə iştirak edən Hüseyn Xarəzmiyə ona şərh yazmasını buyurur. Şərh çağatay türkcəsində yazılmış və Kamaləddin Hüseyn Xarəzmi onu “Kəşf əl-Xuda” (“Həqiqi yolun aşkarlanması”) adlandırıb. O, həmçinin, Əbülxeyr xana həsr olunmuş bir qəsidə də yazıb.
Qızıl Ordaya daxil olana qədər Özbək Ulusunu idarə edən xanlar:
Şiban nəslindən olan hökmdarlar və şahzadələr bunlardır:
Bu hökmdarlar və şahzadələr “Özbək ulusu”nun siyasi əsasını təşkil edən Şiban qolunun nümayəndələri hesab olunur və bəzi şəxslərin hakimiyyət illəri və rolları barədə fərqli məlumatlar mövcuddur.
Şiban (Şeyban, Şiban xan), təxminən XIII əsr, Cuçinin beşinci oğlu idi, Batı xan ona Uraldan Sırdəryaya qədər uzanan əraziləri vermişdi.
Bahadur Oğul – Şibanın oğlanlarından biri, Dəşti-Qıpcaqdakı Özbək və Sibir xanlarının əksəriyyəti onun soyundan gəlir.
Cuçi Buqa – bəzi mənbələrdə Cuci-Buqa və ya Cuqi Buqa kimi keçir, Şiban ulusunun ağsaqqallarından biri olub, Bahadur Oğulun varisi hesab edilir. XIV əsrdə şərqi Dəşti Qıpçaq bölgəsində nüfuz sahibi idi.
Bad Oğul (Badaqul, Bad Oğlan kimi də yazılır) – Şiban şəcərəsində yer alan hökmdarlardan biri, Qızıl Orda xanlarının bir hissəsi onun nəslindən gəlir.
Mengü Teymur Oğlan – Şiban ulusunun rəhbərlərindən biri, XIV əsrdə Qızıl Orda taxtına çıxan bəzi Şiban xanlarının əcdadı hesab olunur.
XIII–XIV əsrlərdə Qızıl Ordanın əsas hakim sülaləsi Batı xanın nəslindən idi. Şibanlar isə daha çox çöl bölgələrində öz uluslarını idarə edirdilər və mərkəzi hakimiyyətdə ikinci planda qalırdılar. Batı nəslinin zəifləməsindən sonra Şibanilər ön plana çıxmağa başladılar.
Onun adı bəzən Qızıl Orda hökmdarı Mengu Teymurla qarışdırılır, lakin onlar fərqli şəxslərdir.
Fulad Oğul – Şiban qolunun nüfuzunu qoruyan hökmdarlardan biri, Özbək ulusu hökmdarlarının birbaşa əcdadı hesab olunur.
İbrahim Sultan – Fuladın oğlu, XV əsrdə yüksələn Şibani gücünün əsas əcdadlarından biridir.
Ərəb Şah – XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb, onun nəslindən sonralar həm Sibir xanları, həm də bəzi Özbək xanları çıxıb. Mənbələrdə “Arabşahilər” qolunun banisi sayılır. Arabşahi qolu həm də Xivə xanlarının əcdadları sayılır. Yəni XVI əsrdə həm Buxara xanları, həm də Xivə xanları əslində eyni Şiban nəslindən gəlirdilər, sadəcə, fərqli budaqlara mənsub idilər.
Dövlət Şeyx Oğlan – Şiban nəslinin ən nüfuzlu şahzadələrindən biri olub.
Onun oğlu Əbülxeyr xan sonradan bütün özbəkləri birləşdirib.
Dövlət Şeyx Oğlan Şibanlar arasında nüfuzlu əmirlərdən idi.
Əbülxeyr hələ uşaq ikən vəfat edib.
Bu tarixi şəxslərin çoxu haqqında məlumatlar əsasən şəcərə xarakterlidir. Daha ətraflı məlumatlar XVI əsrdə yazılan “Şəcərəyi-Türk”, “Təvarixi-Güzidəyi-Nüsrətnamə” və “Məcmə ət-Təvarix” kimi əsərlərdə qorunub.
Dövlət Şeyx Oğlanın nəslindən olan xanlar:
Özbək xanlığının banisi Əbülxeyr xan Dövlət Şeyx Oğlanın oğlu idi. Tarixçilər çox vaxt onu “köçəri özbəklərin ilk böyük hökmdarı” adlandırırlar.
Əbülxeyr xanın oğlu Şeyx Heydər 1441-ci ildə İbakla döyüşdə öldürülüb.
Quş Heydər
Şah Budağ Sultan
Köçküncü xan (1452-1530), Şeybanilər dövlətinin xanı, Əbülxeyr xanın oğlu.
Süyunçxoca xan (1454-1524), Əbülxeyr xanın oğlu, sonralar Şeybanilər dövlətinin Şaş (Daşkənd) əyalətinin hakimi olub.
Məhəmməd Şeybani, Şah Budaq Sultanın oğlu, Əbülxeyr xanın nəvəsi idi.
Çingizilərin sadələşdirilmiş şəcərəsi belədir:
Çingiz xan
Cuçi
Şiban
Bahadur Oğul
Cuçi Buqa
i Buqa
Bad Oğul
Mengu Timur Oğlan
Fulad Oğul
İbrahim Sultan
Ərəb Şah
Dövlət Şeyx Oğlan
Əbülxeyr xan
Məhəmməd Şeybani xan
1227-ci ildə Qızıl Ordanın bir hissəsi kimi yaranan Ağ Orda 1361-ci ildə Qızıl Ordadan ayrıldıqdan sonra bir müddət müstəqil dövlətə çevrilib və Qızıl Ordanın parçalanmasının qarşısını almaq üçün Göy Orda ilə birləşib. Lakin 1428-ci ildə Qızıl Orda xanı Barak xanın ölümündən sonra Qızıl Orda parçalanır və Ağ Orda Özbək Xanlığına və Noqay Ordasına, qalan torpaqlar cənubda Mustafa Xan və şimalda Məhəmməd Xan arasında bölünür. Müasir Qazaxıstanın böyük bir hissəsinə hakim olan Özbək Xanlığı Barak Xana sui-qəsd planında iştirak edən Əbülxeyr Xan tərəfindən dəstəklənib.
Özbək xanlığı və ya Özbək Ulusunun yaranması, (Xanlıq Özbək Ordası və Əbülxeyr xanlığı kimi də tanınır).
Özbək xanlığı 1428-ci ildə Batı xanın qardaşı Şeybanın nəslindən olan Əbülxeyr xanın Cənub-Qərbi Sibirdə, Dəşti-Qıpçağın şərqində yaratdığı böyük bir dövlət idi.
Xanlığın paytaxtı 1428-1446-cı ilədək Çingi-Tura, 1446–1469-cl ilədək indiki Qazaxıstanın Sığnaq, 1469–1471-ci illərdə isə Türküstan şəhəri, dini İslam, ərazisi 3,000 000 kvadratkilometr olub.
Əbülxeyr xanın dövləti Ural və Sırdərya çaylarından Balxaş gölünə və İrtış çayına qədər uzanırdı. Əbülxeyr xan hakimiyyətə gəldikdən sonra üç il ərzində hazırlıqlara başlayaraq 1431-ci ildə Xarəzmi və Gürgənci, 1447-ci ildə Seyhun çayı ətrafındakı Sığnaq şəhərindən Özkəndə qədər olan geniş əraziləri öz torpaqlarına qataraq Özbək xanlığını möhkəmləndirib. Sonra Əbülxeyr xan Türküstanı – indiki Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan torpaqlarını tam olaraq fəth edib. 1451-ci ildə Əbülxeyr xan Teymuri Əbu Səidlə birlikdə Səmərqənd üzərinə yürüş edir, Səmərqəndi Teymurilərdən alır. Özbək xanlığı və Əbu Səid arasındakı ittifaq uğurlu olur və bunun müqabilində Əbu Səid Özbək xanlığına xərac verir.
Özbək xanlığı ilk əvvəl Cığatayların, sonra Teymurilərin, ardınca Səfəvilərin ağır zərbələri nəticəsində parçalanıb, Xorasan Səfəvilərin, Daşkənd və ətrafı Qırğız-Qazax türklərinin əlinə keçib.
Əbülxeyr xan bir neçə oğlu ilə birlikdə 1468-ci ildə qazaxlarla döyüşdə öldürülüb. Zadəganlar onun yerinə Şeybanilər sülaləsinin başqa bir qolundan olan yaşlı Yadigar xanı hakimiyyətə gətirirlər. Lakin Yadigar xan 1469-cu ildə vəfat edib, Əbülxeyr xanın böyük oğlu Şeyx Heydər taxta çıxıb, lakin onun hakimiyyəti qısa olub.
Əbülxeyr xanın ölümündən sonra onun imperiyası sultanlar və qəbilə başçıları tərəfindən idarə olunan daha kiçik torpaqlara parçalanır. Bu torpaqlardan birinə Əbülxeyrin nəvəsi Məhəmməd Şeybani rəhbərlik edirdi. O, yaxşı təhsil almış, böyük hərbi zəkaya malik bir sərkərdə idi və Məvarəünnəhrin torpaqlarını işğal etməyi qarşısına məqsəd qoymuşdu. Bununla belə, Teymurilərin də qarşıya qoyduğu məqsədlər vardı.
1468-ci ildə Özbək xanlığının Teymurilər tərəfindən məğlub edilməsi və siyasi təsir dairəsindən sıxışdırılması Teymurilərin Türküstanda öz hakimiyyətini möhkəmləndirmək, mühüm ticarət yollarına nəzarəti ələ keçirmək və rəqib siyasi qüvvələri zəiflətmək istəyindən irəli gəlirdi. Bu hadisə, eyni zamanda, Özbək xanlığındakı daxili çəkişmələrin və siyasi zəifliyin nəticəsi idi.
Elə buna görə də 1468-ci ildə, 40 ildən sonra Özbək xanlığı süqut etdi.
Deyildiyi kimi, dövlətin cəmi üç xanı olub:
Əbülxeyr xan 1428–1468-ci illərdə hakimiyyətdə olub, dövləti qurub və ən qüdrətli dövrünü yaşadıb.
Yadigar xan Şeybanilər sülaləsindən olub, taxta çıxdığı il vəfat edib.
Şeyx Heydər xan — Əbülxeyr xanın oğlu, atasının ölümündən sonra taxtda oturub, hakimiyyət uğrunda mübarizə aparıb. Dövləti zəiflədib və qazax sultanları güclənib, lakin dövləti qoruyub saxlaya bilməyib və 1471-ci ildə məğlub edilərək öldürülüb.
Əbülxeyr xanın ailəsi və övladları
Əbülxeyr xanın on bir oğlu var idi: Şah Budaq Sultan, Xoca Məhəmməd Sultan, Əhməd Sultan, Məhəmməd Sultan, Şeyx-Heydər Sultan, Səncər Sultan, İbrahim Sultan, Kuçkunci Xan, Suyunçxoca Xan, Ak Burun Sultan, Seyid Baba Sultan. Əbülxeyr xanın həmçinin Güyüf Camal adlı bir qızı da var idi.
Əbülxeyr xan Teymurilərlə qohum idi, o, Mirzə Uluqbəyin qızı Rəbiyə Sultan Bəyimlə evlənmişdi və qızı Xanxada Bəyimi Moğol sülaləsinin banisi Zahirəddin Baburun babası Teymuri Əbu Seydə ərə vermişdi.
1430–1431-ci illərdə Əbülxeyr xan və Çingiz xanın nəslindən olan, Deşti-Qıpçaq bölgəsində hakimiyyət uğrunda mübarizə aparan Mahmud Xoca xan arasında qarşıdurma zamanı Mahmud Xoca xan məğlub olur və edam edilir. Əbülxeyr xan ənənəyə uyğun olaraq Mahmud Xoca xanın arvadı Ağanak bikə ilə evlənir.
Xanlığın süqutu
Bu dövlətin süqutundan sonra Əbülxeyr xanın nəvəsi Məhəmməd Şeybani xan sonradan Mavəraünnəhrdə Buxara (Şeybani) dövlətini qurub və özbəklərin siyasi mərkəzini Dəşti-Qıpçaqdan cənuba köçürüb (Bu haqda ayrıca söhbət açılacaq).
Dəşti-Qıpçaqda Özbək xanlığının süqutu təkcə bir dövlətin dağılması deyil, bütöv bir siyasi dövrün sonu idi.
Özbək xanlığının parçalanması ilə Dəşti-Qıpçağın geniş çöllərində hökm sürən siyasi nizam sarsıldı və bölgə yeni güc mərkəzlərinin mübarizə meydanına çevrildi.
Bir zamanlar Dəşti-Qıpçağın taleyinə yön verən Özbək xanlığı daxili çəkişmələr və hakimiyyət uğrunda mübarizələr nəticəsində tarix səhnəsindən çəkildi.
Özbək xanlığının süqutu çöllər imperiyasının son akkordu, yeni xanlıqlar və yeni siyasi kimliklər dövrünün başlanğıcı oldu.
Dəşti-Qıpçaqda Özbək hakimiyyətinin dağılması köhnə siyasi sistemin iflası, bölgənin etnik və siyasi xəritəsinin yenidən cızılması demək idi.
XV əsrin ikinci yarısında Dəşti-Qıpçaqda Özbək xanlığının süqutu tarixdə dönüş nöqtəsinə çevrildi. Bu hadisə yalnız bir sülalənin hakimiyyətdən getməsi deyil, həm də regionda yeni siyasi birliklərin, xüsusilə Qazax xanlığının formalaşmasına yol açan köklü geosiyasi dəyişikliklərin başlanğıcı idi.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd




