Alimlər təkamülün ilk nəhəng yırtıcısı - 415 milyon yaşlı əqrəbin qalıqlarını aşkar ediblər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Böyük Britaniyadan olan alimlər bundan bir əsr əvvəl tapılmış qədim daşlaşmış qalıqların fraqmentlərini yenidən tədqiq edərək, onların Yer kürəsinin ilk nəhəng quru yırtıcılarından birinə – nəhəng bir əqrəbə məxsus olduğunu müəyyən ediblər. Nüfuzlu "Palaeontology" elmi jurnalında dərc olunan tədqiqat hesabatına istinadən bildirilir ki, bu tapıntı buğumayaqlıların təkamül prosesinə və iri heyvanların sudan quruya keçid dövrünə tamamilə yeni işıq salır.

Elmdə "Praearcturus gigas" adlandırılan bu qədim canlının bədən ölçüsü 1 metrdən böyük, təkcə qısqaclarının uzunluğu isə 16 santimetr təşkil edib. Alimlərin qənaətinə görə, o, həm suda, həm də quruda eyni uğurla ov edə bilirdi. Tədqiqatçılar ehtimal edirlər ki, bu əqrəbin bu dərəcədə nəhəng ölçülərə çatmasının əsas səbəbi həmin dövrdə sürünənlərin, quşların və məməlilərin əcdadlarının hələ suyu tərk etməməsi olub; beləliklə, buğumayaqlı yırtıcının quruda heç bir rəqibi yox idi.

İlkin mərhələdə alimlər bu qalıqları nəhəng bir xərçəngkimiyə aid ediblər. Çünki suyun qaldırma qüvvəsi bədəni saxladığı üçün məhz dəniz canlıları bu cür böyük ölçülərə çata bilirlər. Quyruğu olmayan bu qalıqların məhz əqrəbə məxsus olduğunu sübut etmək isə mütəxəssislərə yalnız indi müvəffəq olub. Bu kəşfdə 2015-ci ildə Kanadada tapılan digər bir qədim əqrəb – "Eramoscorpius" növü həlledici rol oynayıb. Onun döş sümüyünün ortasında şırım olan uzun, üçbucaqvari bir quruluş aşkar edilmişdi ki, eyni anatomiya "Praearcturus" modelində də təkrar olunurdu; üstəlik hər iki canlı təxminən eyni tarixi dövrdə yaşamışdı.

Bu tapıntı buğumayaqlıların təkamül xəritəsini izləməyə kömək edib. Onlar quruya düşünüləndən daha əvvəl çıxa bilsələr də, ömürlərinin böyük hissəsini dənizdə keçirir, iri balıqları və dəniz heyvanlarını ovlayırdılar; bunu onların bədənindəki xərçəng və omar formalı lövhəli strukturlar da sübut edir. Nəhəng əqrəbin yaşadığı dövrdə quru və su canlıları arasındakı sərhədlər olduqca dumanlı idi. Əqrəblərin hörümçəkkimilərlə sıx qohumluğunu nəzərə alan alimlər, bu növün əcdadları quruya çıxdıqdan sonra onun yenidən suya qayıtdığını ehtimal edirlər. Yeni paleoloji tapıntılar bu fərziyyələri dəqiqləşdirməyə və bu növün dünyanın ilk quru sakinləri arasında nə qədər dominantlıq etdiyini tam üzə çıxarmağa kömək edəcək.

Hazırladı:

Arzu ƏLİYEVA
XQ

Maraqlı