“Türk dünyasının birliyi istiqamətində mühüm nəticələr əldə olunub”
"Xalq qəzeti" xəbər verir ki, bu fikirləri Müasir İnkişaf Birliyinin sədri, Crossmedia.az-ın baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan türk dünyasının ən aparıcı və təşəbbüskar dövlətlərindən biri kimi türk xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayır: “Son illərdə Azərbaycan Respublikası və onun rəhbərliyi Türk Dövlətləri Təşkilatının formalaşması, inkişafı, türk dövlətləri arasında əlaqələrin genişləndirilməsi və inteqrasiya proseslərinin dərinləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu gün türk dünyasında əldə olunan uğurlarda Azərbaycanın xüsusi payı var”.
Mübariz Göyüşlü qeyd edib ki, vaxtilə Azərbaycan ziyalıları tərəfindən irəli sürülən türk birliyi və Turan ideyaları artıq real nəticələr verməkdədir: “Təxminən bir əsr əvvəl Azərbaycan ziyalılarının irəli sürdüyü ideyalar - “Turan” ideyası, türk birliyi, türklük ideyasının daha geniş təbliği kimi ideyalar bu gün praktik müstəvidə öz əksini tapır. Türk Dövlətləri Təşkilatının yaradılması və fəaliyyətinin genişlənməsi bunun ən mühüm göstəricilərindən biridir. Hazırda təşkilat çərçivəsində türk dövlətləri siyasi, iqtisadi, mədəni, təhsil, hüquq və digər sahələrdə əməkdaşlığı gücləndirir, ortaq layihələr həyata keçirirlər”.
Siyasi şərhçi vurğulayıb ki, bu prosesdə Azərbaycan xüsusi fəallıq nümayiş etdirir: “Azərbaycanın Türkiyə və digər Mərkəzi Asiya türk dövlətləri ilə birlikdə həyata keçirdiyi təşəbbüslər türk dünyasında yeni əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verir. Hesab edirəm ki, qarşıdakı illərdə bu inteqrasiya prosesi daha da sürətlənəcək və əməkdaşlığın əhatə dairəsi genişlənəcək”.
Mübariz Göyüşlü bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və digər türk dövlətləri rəhbərlərinin ortaya qoyduğu siyasi iradə Türk Dövlətləri Təşkilatının gələcək inkişafında mühüm rol oynayır: “Məhz bu qətiyyətli yanaşma nəticəsində Türk Dövlətləri Təşkilatı regional təsir imkanlarını artıraraq qlobal miqyasda daha nüfuzlu beynəlxalq platformaya çevrilmək potensialını gücləndirir”.
Murad Lazımov

