Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində elmi məqalələr dərc edən jurnalların mövcud vəziyyətini əks etdirən üçüncü Monitorinq Hesabatını hüquq ictimaiyyətinə təqdim edib.
Hesabat ümumilikdə 764 hüquqşünas, eləcə də 19 hüquq jurnal arasında keçirilmiş onlayn sorğunun nəticələri əsasında hazırlanıb.
Mərasimində İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirib ki, monitorinq hesabatının hazırlanması üçün sorğu artıq üç ildir keçirilir. Sorğunun nəticələrinə görə, ən çox oxunan “Polis Akademiyasının Elmi xəbərləri” jurnalı (40.4%), “Azərbaycan Vəkili” hüquq jurnalı (39.9%), “Qanun” jurnalı (22.4%), “Azərbaycan Hüquq jurnalı” (23.6%) və “Azərbaycan prokurorluğu” jurnalının (20.7%) ilk beşlikdə qərarlaşdıqları diqqətə çatdırılıb.
Qeyd edək ki, ötən illərdə jurnalların keyfiyyət göstəricilərinin artırılması məqsədilə İnstitut tərəfindən “Hüquq sahəsində elmi məqalələrin tərtib olunmasına dair Qaydalar” hazırlanmış və son 5 ildə hüquq jurnallarında dərc edilən məqalələrin vahid axtarış bazası yaradılmışdır.
Bu baxımdan, təqdim olunan hesabatın hüquq jurnallarının keyfiyyət göstəricilərinin artırılmasına, elmi məqalələrin hazırlanması və dərc olunması prosesinin təkmilləşdirilməsinə töhfə verəcəyi, o cümlədən elmi fəaliyyətin daha da stimullaşdırılmasına müsbət təsir göstərəcəyi gözlənilir.
Monitorinq hesabatı ilə ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://lhri.az/az/articles/huquq-sah-sind-m-qal-d-rc-ed-n-jurnallara-dair-ucuncu-monitorinq-hesabati
Qabil YUSİFOĞLU
XQ

