Milli Kitabxanada yubiley mərasimi
Dünən Milli Kitabxanada Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcidin anadan olmasının 60 illiyi ilə əlaqədar nəşr olunan “Qala adam” kitabının və “Rəşad Məcid-60” elektron məlumat bazasının təqdimatı keçirilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək “Qala adam”ın orijinal, fərqli və nostalji hisslərlə dolu bir kitab olduğunu söyləyib. O, 1992-ci ildə “525-ci qəzet”i yaradan Rəşad Məcidin bu addımını çox böyük uğur kimi qiymətləndirib.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rəşad Məcidin çox pozitiv, etibarlı və anlayışlı həmkar olduğunu bildirib. O əlavə edib ki, yubilyar həm də çox istedadlı şair və publisistdir. Onun publisistik yazıları Mirzə Cəlilin, Üzeyir bəyin publisistikasının davamı kimi xarakterizə oluna bilər.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, bütün yönləri ilə yaradıcı olan Rəşad Məcid Azərbaycan müstəqillik dövrünün publisistidir və poeziyanın bütün janrlarında professional şairdir.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov deyib ki, Rəşad Məcid daim irəli gedən, yenilikçi və istedadlı şairdir. Onun baş redaktor olduğu “525-ci qəzet” Azərbaycanda ən çox oxunulan qəzetlərdəndir.
Məclisdə Milli Məclisin üzvü, yazıçı-publisist Aqil Abbas, akademik Nizami Cəfərov, professorlar Cahangir Məmmədli, Qulu Məhərrəmli, Əli Əmirli, MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli və digər iştirakçılar Rəşad Məcidin yaradıcı fəaliyyətini yüksək qiymətləndirib və ona uğurlar arzulayıblar.
Sonda Rəşad Məcid iştirakçılara, mərasimin yüksək səviyyədə təşkilinə görə Milli Kitabxananın əməkdaşlarına minnətdarlığını bildirib.
XQ


