Hər hansı orqanın nəqli sadəcə tibbi prosedur deyil, - bu, ümid, qurtuluş və şəfqət hekayəsidir. Azərbaycan Cənubi Qafqazda həkimlərin meyit donordan transplantasiyanı uğurla həyata keçirdiyi ilk ölkə oldu.
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Transplantasiya şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi donorluğun insanları necə birləşdirdiyi barədə suallarımızı cavablandırıb.
-Ölkəmiz ölümdən sonrakı donorluğun tətbiqinə necə hazırlaşıb? Hansı qanunvericilik və təşkilati addımlar atılıb?
-Əvvəlcə onu demək istəyirəm ki, 2008-ci ildə Cənubi Qafqazda ilk dəfə canlı (qohum) donordan qaraciyər transplantasiyası Azərbaycanda həyata keçirilib. O vaxtdan bəri təxminən 1500 qaraciyər və böyrək transplantasiyası həyata keçirilib. Təəssüf ki, donorların sayı orqan çatışmazlığından əziyyət çəkən insanların sayı ilə tərs mütənasibdir. Transplantasiya proqramlarının inkişaf etdiyi ölkələrdə alternativ mənbə mövcuddur: meyit donorlardan orqanlar.
Azərbaycanda orqan transplantasiyasına icazə verən qanun 1999-cu ildə qəbul edilmişdi, lakin bəzi bəndlərdə çatışmazlıqlar var idi. 2008-ci ildən bəri ölkəmizdə müntəzəm olaraq transplantasiya əməliyyatları və konfranslar keçirilir, mediada və sosial şəbəkələrdə hesabatlar yayımlanır. Ən əsası isə, klinikaların maddi-texniki bazasını inkişaf etdirən, tibb işçilərini xarici ölkələrə təlimə göndərən və icbari tibbi sığorta sistemi tərəfindən maliyyələşdirilən qaraciyər və böyrək transplantasiyalarını həyata keçirən dövlət dəstəyi mövcuddur. Bütün bu addımlar tibb sahəsinin inkişafına təkan vermişdir.
2020-ci ildə Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının bağışlanması və transplantasiyası haqqında" yeni qanun imzaladı. Səhiyyə Nazirliyinin nəzdində Orqan donorluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradıldı. Yeni qanun bizə həm canlı, həm də meyit donorlardan orqan transplantasiyası əməliyyatları aparmaq hüququ verir.
-Hansı hallarda vəfat etmiş insanın orqanlarından nəql üçün istifadə etmək olar, hansı hallarda olmaz?
- Bir şəxs sağlığında, vəfat etdikdən sonra orqanlarının götürülməsinə rəsmi razılıq veribsə və ya yaxın qohumları razılıq veribsə, bu proses həyata keçirilə bilər. Lakin xəstəyə əvvəlcə beyin ölümü diaqnozu qoyulmalıdır ki, bu da bioloji ölümə bərabərdir. Yəni, koma deyil, faktiki ölümdür. Donorda orqan götürülməsi üçün əks göstəriş olan xəstəliklərin siyahısı da mövcuddur.
-Azərbaycanda meyit donordan hansı orqanlar nəql edilib və pasiyentlərin reabilitasiyasının nəticələri necədir?
-Bu ilin fevral ayında ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında bizim komanda xəstəyə meyit donordan qaraciyər transplantasiyası əməliyyatını icra etdi. Bu günə qədər artıq qaraciyər üzrə bu cür altı və böyrək üzrə yeddi transplantasiya əməliyyatı həyata keçirilib. Bir xəstəni itirmişik. Ümumilikdə, pasiyentlərimizin əməliyyatqabağı ağır vəziyyətini nəzərə alaraq, mübaliğəsiz deyə bilərəm ki, əldə etdiyimiz nəticələr dünyanın aparıcı klinikalarının uğurları ilə eynidir.
- Canlı və meyit donorlardan orqan köçürülməsi əməliyyatlarının fərqi nədən ibarətdir?
- Texniki cəhətdən meyit donordan orqan götürülməsi canlıdan orqan götürməkdən daha asandır. Emosional cəhətdən də eyni ilə, çünki ikinci halda biz sağlam insanı əməliyyat edirik.
-Meyit donordan ilk orqan nəqli əməliyyatı uğurla başa çatdıqda özünüzü necə hiss etdiniz?
-Bunu sözlə ifadə etmək mümkün deyil... Peşəkar arzum gerçəkləşdi: cəmiyyət, həmvətənlərim və dövlətim üçün yaxşı iş görmək, ehtiyacı olanlara xidmət etmək - mənim və bütün komandamız üçün böyük şərəfdir.
-Sizin təcrübənizdə elə bir hadisə olmuşdur ki, sizə xüsusi təsir bağışlasın?
-Bütün xəstələrimiz fərqlidir, amma hamısının ortaq bir cəhəti var – onlar bizim üçün sanki doğmadır. Böyrək çatışmazlığı ilə bizə müraciət edən bir xəstəni xatırlayıram, o vaxt onun cəmi 32 yaşı var idi. Yaxın qohumları - valideynləri, qardaşı və həyat yoldaşı testdən keçsə də, uyğun donor tapılmadı. Bir neçə gün sonra bir gənc bizə yaxınlaşdı və özünü “əmim oğlu” kimi təqdim edərək donorluq etmək istədiyini bildirdi. Müayinə olundu və xahiş etdi ki, əmisi oğlu bu barədə bilməsin. Amma bir gün onlar mənim otağımda bir-biri ilə toqquşdular: bir-birlərinə tərəf qaçdılar, qucaqlaşıb uşaq kimi ağladılar...
Aydın oldu ki, xəstənin əmisi oğlu Rusiyada yaşayır və onlar illərdir ki, küsülüdürlər. Heç düşünmədən, əmi oğlu donorluq etmək üçün Bakıya uçub gəlir. Təbii ki, əmioğlular barışırlar. Ona görə də, mən həmişə deyirəm ki, orqan transplantasiyası ailə üzvlərini bir-birinə daha da yaxınlaşdırır.
-Bir çoxlarında bu mövzu qorxu hissi doğurur. İnsanlara vəfat etdikdən sonra donorluq etməyə, hər hansı orqanını bağışlamağa mane olan nədir?
-İnsanlar həkimlərə etibar etməlidirlər və biz tibb işçiləri olaraq onlara bu etimadı verməliyik. İnsanlar aldanmayacaqlarına və bağışladıqları orqanların danışıqlara məruz qalmayacağına əmin olmalıdırlar. Bütün dinlər orqan bağışlamasını dəstəkləyir, çünki bu, bütün bəşəriyyətə fayda verir.
– Azərbaycanda neçə nəfər sağ ikən artıq vəfat edəndən sonra orqanını bağışlamağa razılıq verib?
-Məndə olan məlumata görə, artıq 600 nəfər rəsmi razılıq verib.
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi çox işlər görür: müxtəlif təhsil müəssisələrində və idarələrdə maarifləndirici tədbirlər təşkil edir və transplantasiya mərkəzlərinin işini əlaqələndirir. İcbari tibbi sığorta böyrək və qaraciyər transplantasiyası üçün bütün xərcləri ödəyir, bu o deməkdir ki, sosial statusundan asılı olmayaraq bütün vətəndaşlar pulsuz əməliyyat oluna bilərlər.
Dilarə Zamanova
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi


.jpeg)

