Regionlarda da seçkilərə maraq böyükdür

post-img

“Qəbələ sakinləri yüksək seçki əhval-ruhiyyəsindədirlər. Namizədlərin sayı durmadan artır. Hər gün 3-4 nəfər namizədliyinin irəli sürülməsi üçün dairə seçki komissiyasına müraciət edir. Siyasi əqidəsindən və mövqeyindən asılı olmayaraq, hər kəsə eyni şərait yaradılıb. Kimlərinsə namizədliyinin qeydə alınmaması üçün yersiz bəhanələr və ya süni əngəllər ola bilməz. Tələb olunan etibarl imzaları toplayan və digər zəruri sənədləri vaxtında təqdim edən hər bir kəsin namizədliyi qeydə alınır və alınacaq”.

Parlament seçkilərinə hazırlıqla əlaqədar müraciətimizi cavablandıran 116 saylı Qəbələ seçki dairəsinin səd­ri Zülfüqar Cəfərov daha sonra dedi ki, hazırlıq işləri zamanı bir daha şa­hid oluruq ki, budəfəki seçkilərə maraq daha böyükdür: “Ümumiyyətlə, Qəbələ rayonunda seçkilər həmişə mütəşəkkil keçib. Ağsaqqallar səsvermədə nümunə göstərirlər. Əvvəlki seçkilərdə onların yaşadıqları ünvanlara daşınan qutu aparmağı təklif etsək də, razı olmayıb­lar. Seçki günü məntəqəyə gəlib istədik­ləri namizədə səs veriblər. Hadisələrin gedişi göstərir ki, bu dəfə də elə olacaq”.

Seçki dairəsinin sədri dedi ki, Qəbələ relyefi mürəkkəb olan rayonlardandır. Məsələn, Laza, Əmirvan uzaq dağ kənd­ləridir. Həmin kəndlərə gediş-gəliş çə­tindir. Quşlar kəndi rayon mərkəzindən xeyli uzaqdadır. Həmin kəndlərdə yara­dılmış seçki məntəqələri daimi elektrik enerjisi və internətlə təmin olunmalıdır. Seçki prosesində bunların hər ikisi va­cibdir. Çünki seçkilər günü baş verənlər barəsində məlumatlar vaxtında çatdırıl­malıdır. Artıq bu məsələlər həll olunub. Bundan əlavə, həmin ərazilərdə yaşa­yan seçicilərin səsvermə məntəqələrinə gəlmələri üçün nəqliyyat vasitələrindən istifadə edilməlidir. Bu ilin fevralında qı­şın soyuğunda keçirilən növbədənkənar prezident seçkilərində biz bu işlərin öh­dəsindən layiqincə gəldik. Qəbələnin iq­limi də mürəkkəbdir. Hava şəraiti tez-tez dəyişir. Bütün bunların hamısını nəzərə almışıq. İndiyədək qazandığmız təcrübə bu dəfə də köməyimizə çatar”.

Z.Cəfərov sədri olduğu dairənin əhatəsində 59 seçki məntəqəsinin ol­duğunu bildirdi. Qeyd etdi ki, seçki məntəqələrində hazırlıq işlərinin çoxu başa çatıb. Yalnız seçicilərə bildirişlərin paylanılması qalıb. Bu da qanunvericili­yin tələbinə uyğun olaraq vaxtında başa çatdırılacaq. Doqquz seçki məntəqəsin­də veb-kameralar quraşdırılıb. Onlar­dan ikisi kənd seçki məntəqəsindədir. Adətən, əksər veb-kameralar şəhər seç­ki məntəqələrində quraşdırılır. Ancaq bi­zim rayonda kənd seçki məntəqələrində də veb-kameralar var. 

Qəbələ rayonu turistlərin daha çox gəldiyi məkan olduğundan seçici siya­hısını hələ tam dəqiqləşdirə bilməmişik. Qəbələyə istirahətə gələnlər yaşadıqları ərazidən səsvermə üçün qeydiyyatdan­çıxma haqqında sənədi təqdim edib hə­min gün rayonumuzda səs verə bilərlər. 

Onlara həm də hədiyyə veriləcək 

Sədr dedi ki, səsvermə günü 18 yaşı tamam olan gəncləri seçki məntəqələ­rində sürpriz gözləyir. Onlara ilk dəfə səs verdiklərinə və doğum günləri səsvermə günü ilə üst-üstə düşdüyünə görə, hə­diyyə də veriləcək. Artıq həmin şəxslər müəyyənləşib. Onlar 9 nəfərdir. İlk dəfə səs verəcək 535 nəfərlə müxtəlif vaxt­larda görüşlər keçiriləcək, seçkilərdə iştirakın zəruri olması barədə söhbətlər aparılacaq.

Ağsaqqal və ağbirçək seçicilər seçki məntəqələrində səs vermək istəyirlər

İndiyədək Qəbələdə keçirilən bütün seçkilərdə ağsaqqal və ağbirçəklər seç­ki məntəqələrinə gələrək səs veriblər. Rayon mərkəzindən 40 kilometr aralı­da yerləşən Yuxarı Dızaxlı kənd seçki məntəqəsinin sədri Muxtar Aşuralyev dedi ki, əvvəlki seçkilərdə bizim seçki məntqəsində səs verənlərin uzun növ­bəsi yaranardı. Bunu müşahidəçilər də təsdiqləyə bilərlər. Hətta, bir dəfə seçki məntəqəmizə gəlmiş xarici müşahidəçi yaşlı seçicilərin (onların arasında 90–92 yaşı olanlar da var idi), səs vermək üçün növbəyə dayandıqlarının şahidi oldu və birinci dəfə belə hadisə ilə qarşılaşdığını bildirdi. 

Seçki məntəqəsində hazırlıq işlərinin yekunlaşmaqda olduğunu deyən sədr təxminən, 1400-ə yaxın seçicinin yolunu gözlədiklərini bildirdi. Onlar arasında 13 nəfər ilk dəfə səs verəcək. 98 yaşlı iki qadın seçicimiz var. Hələlik, onlar evlə­rinə gutu gətirilməsinə razılıq vermirlər. Növbədənkənar prezident seçkilərində qışın soyuğunda seçki məntəqəsində səs verən həmin qadınlar bu dəfə də məntəqəyə gəlmək istəyirlər.

Qəbələ şəhər 5 sayalı seçki məntəqəsinin sədri Elbrus Məmmə­dov da yaşı 90-dan çox olan seçicilərin seçki məntəqəsində səs verəcəklərini dedi. Onun sözlərinə görə, hər seçkidə ağsaqqal və ağbirçəklərlə söhbət edir, onların yaşadıqları ünvanlarda rahat səs vermələri üçün qutu göndərmək istədik­lərini bildirirlər. Lakin yaşlı seçicilər razı olmurlar. Onlar seçki məntəqəsinə gəlib şəxsən səs verirlər. Bu dəfə də seçki məntqələrinə gələcəklərini bildiriblər. Təki sağlam olsunlar və özləri gəlib səs versinlər. 

Nəcəf Mustafayev: Yaşım 96-dır. Özümü gümrah hiss edirəm. Rayonda keçirilən tədbirlərə ağsaqqal kimi dəvət olunur və iştirak edirəm. İndiyədək keçi­rilən bütün seçkilərdə iştirak etmişəm və heç kimin göstərişi ilə səs verməmişəm. Kimi istəmişəm, ona da səs vermişəm. Budəfəki seçkilərdə də şəxsən iştirak edəcək və ürəyimcə olan namizədə səs verəcəyəm.

Səlmi Əmiraslanova: Bu il 90-ı yola saldım. Yaşadığım Yeni Dızaxlı axar­lı-baxarlı kənddir. Kəndimizdə uzun-ömürlülər çoxdur. Hamımız özümü­zü yaxşı hiss edirik. Toy-bayramlarda, başqa tədbirlərdə birlikdə iştirak edirik. Seçkiləri də toy-bayram kimi qarşılayır və yola salırıq. 

Kamal Qarayev və Miyasə Os­manova da yaşı doxsanı haqlayanlar­dandırlar. Hər ikisi zəhmət adamıdır. Müstəqilliyimizin ilk illərində keçirilən seçkiləri xatırlayan Kamal dayı deyir ki, o vaxt bir qrup adam qapı-qapı gəzərək sabahkı seçkilərdə mütləq filankəsə səs verməyi tapşırardı. Hətta hədə-qorxu da gələrdilər. Ancaq son 30 ildə belə hadisə ilə rastlaşmamışıq. Bizə deyirlər ki, seç­kilərdə iştirak etmək vacibdir. Kimə səs veririk, o, bizim öz işimizdir. Parlament seçkilərində də elə edəcəyəm. Bizə bu şəraiti yaradan Prezidentimizə minnət­darlığımı bildirirəm.

Əliqismət BƏDƏLOV
XQ







Son xəbərlər