6 ayda Asiya nəhəngi bu yolla 105 qatar yük yola salıb
Çindən (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə (Orta Dəhliz) cari ilin əvvəlindən iyun ayının sonuna kimi, ümumilikdə, 105 blok qatarı yola salınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına əsasən, son 15 il ərzində ölkəmizdə dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Bu artımı davamlı etmək üçün mövcud dəmir yolu xətləri yenilənib, eyni zamanda, yeni yollar salınıb.
Xatırladaq ki, 2024-cü ilin mayında Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi başa çatdırılaraq bu marşrutla yükdaşımalara start verilib. Ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artırılıb.
Şimal–Cənub Nəqliyyat Dəhlizinin inkişafı üzrə may ayında Azərbaycanın Astara rayonunda yük terminalı yenilənərək istifadəyə verilib, yükaşırma potensialının ilin sonuna qədər 1 milyon tona qədər artırılması planlaşdırılıb.
Ümumilikdə, cari ilin yanvar–iyun aylarında 9,3 milyon tondan çox yük daşınıb ki, bunun da 3,9 milyon tona yaxını konteyner yükləri də daxil olmaqla tranzit yükü olub. Tranzit yükdaşımalar ötən illə müqayisədə 8 faizdən çox artıb.
Orta Dəhlizin səmərəliliyinin bundan sonra da artmasını şərtləndirən amillər var. Bununla bağlı Dünya Bankının (DB) yaydığı məlumata əsasən, bu maliyyə qurumu Orta Dəhlizin səmərəliliyini yüksəltmək üçün Azərbaycan, Qazaxıstan və Gürcüstana bütün nəqliyyat şəbəkəsi üzrə yüklərin izlənilməsi imkanının təminini tövsiyə edib. Bunun üçün həm dəmir yolu, həm də Xəzər dənizi ilə daşımaları əhatə edən vahid elektron sənəd dövriyyəsinə keçidin gerçəkləşdirilməsi zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda, logistik qovşaqların yaradılması hesabına yüklərin konsolidasiyası, dəmir yolu nəqliyyatına keçidə yardım göstərilməsi və Şərqlə Qərb arasında yük axınlarının balansının yaxşılaşdırması əhəmiyyəti vurğulanıb. Bundan başqa, yekun nəqliyyat tariflərinin şəffaflığı və bu məsələdə proqnozlaşdırmaya üstünlük verilməsi də önə çəkilib.
DB Azərbaycan və Qazaxıstana dəniz limanında yüklərin daşınma müddətini azaltmağı, Bakı–Aktau və əks istiqamətdə marşrutlar üzrə konteynerlərin həcmlərini artırmağı, konteynerlər üçün yük və liman tariflərini aşağı salmağı da zəruri sayır. Bildirilir ki, Azərbaycan yüklərin gəmilərdən sahilə daşınmasının səmərəliliyini artırmalı, Qazaxıstan isə limanların bağlanması parametrlərini nəzərdən keçirməli və bütün bazar iştirakçıları üçün ayrı-seçkilik olmadan liman xidmətlərinə çıxışı təmin etməlidir. Beynəlxalq maliyyə qurumu, həmçinin Gürcüstanın liman-dəmir yolu və avtomobil daşımalarının səmərəliliyinin artırılacağı, naviqasiya kanalının vəziyyətinin yaxşılaşdırılacağı və konteynerlər üçün liman tariflərinin azaldılacağı təqdirdə Orta Dəhlizin səmərəliliyinin yüksələcəyi əminliyini vurğulayır.
Dəmir yolları və sərhəd-keçid məntəqələrinə gəlincə, DB Qazaxıstan tərəfindən vaqonların sayının və manevr əməliyyatlarının səmərəliliyinin artırılmasını, Azərbaycan və Gürcüstanın isə bu prosesi əsasən, sərhəd-keçid məntəqələrində həyata keçirmələrini təklif edir. Beynəlxalq maliyyə qurumunun ekspertləri bildirirlər ki, belə addımlar məhdud investisiya nəticəsində də əhəmiyyətli nəticələr verə bilər. Bunlar prioritet, dərhal diqqət tələb olunduğu məsələ kimi nəzərdən keçirilməlidir.
Bank 2030-cu ilə qədər Orta Dəhliz boyunca daşımaların həcminin 2021-ci illə müqayisədə 3 dəfə artacağını və yüklərin daşıma müddətini 2 dəfə azalacağını proqnozlaşdırır. Eyni zamanda, bildirir ki, investisiya və əməliyyat təkmilləşdirmələrinin düzgün kombinasiyası vasitəsilə bu dəhliz transkontinental ticarətin iqtisadi və siyasi davamlılığına əhəmiyyətli töhfə verə bilər. Bundan başqa, sözügedən layihə dəniz limanlarına çıxış vasitəsilə Çinə, Avropaya və dünyanın digər regionlarına etibarlı marşrutu gerçəkləşdirməklə Mərkəzi Asiya və Cənubi Qafqazın potensialının inkişafını şərtləndirir.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub.
Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Orta Dəhlizlə bağlı bir məqamı da vurğulamaq istərdik. Belə ki, Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən bu dəhliz ölkəmizin iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Bu layihə ilə əlaqədar fəaliyyətin gücləndirilməsi Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan üçün mühüm önəm daşıyır.
İqtisadi baxımdan səmərəli, siyasi cəhətdən də xüsusi əhəmiyyətə malik Orta Dəhliz Avrasiya regionunda son illər ən çox müzakirə olunan məsələlərdən biridir. Çinin “Bir kəmər, bir yol” layihəsinin bir hissəsi kimi bu dəhliz, həmçinin tarixi İpək yolunun ən mühüm komponentlərindən biri kimi dəyərləndirilir. Buna görə də Orta Dəhliz üzrə tranzit müddətinin 2024-cü ildə 18-23 gündən 14-18 günə, o cümlədən Qazaxıstan ərazisində 6 gündən 5 günə endirilməsi planlaşdırılır.
Onu da xatırladaq ki, 2023-cü ildə Orta Dəhliz çərçivəsində yükdaşımaların həcmi, təqribən, 90 faiz artaraq 2 milyon tonu keçib. Yeri gəlmişkən, 2022-ci ildə marşrut üzrə yükdaşımaların həcmi 2,5 dəfə artaraq 1,5 milyon tona çatıb. Mövcud marşrutlara ciddi alternativ kimi dəyərləndirilən dəhlizin ümumi ötürücülük qabiliyyəti isə il ərzində 5,8 milyon ton yükə hesablanıb.
Qazaxıstanın strateji hədəfi isə 2030-cu ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətini 10 milyon tona çatdırmaqdır. Bunu reallaşdırmaq üçün adıçəkilən ölkə 2027-ci ilə qədər “dar keçidləri” aradan qaldırmaq və Orta Dəhlizi inkişaf etdirmək üçün Azərbaycan, Gürcüstan və Türkiyə ilə “yol xəritələri” imzalayıb.
Sonda onu da deyək ki, 2022-ci ilin martında Azərbaycan və İran arasında imzalanan memoranduma əsasən, ölkəmizin Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir və avtomobil yollarının açılması, eləcə də rabitə və enerji xətlərinin yaradılması planlaşdırılır. Bu məqsədin reallaşdırılması üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə, 4 körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Artıq Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək bu yolun yaradılması ilə bağlı böyük işlər həyata keçirilir. Həmçinin Qars–Naxçıvan dəmir yolunun inşası da diqqətdə saxlanılır. Bu isə Orta Dəhlizin yeni bir qolunun yaranması kimi də dəyərləndirilir.