2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq, iyulun 22-dən etibarən növbəti ümumrespublika miqyaslı tədbirlərə – Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihə çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələrə start verilib.
Dünən baş tutan layihənin açılış mərasimi və ilk seminar-müşavirə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun giriş nitqləri ilə başladı. Onlar çıxışlarında vətəndaşların seçki hüquqlarının realizə olunmasında qanunvericiliyin tələblərinə dəqiqliklə riayət edilməsinin vacibliyini diqqətə çatdıraraq, zəruri tövsiyələr verdilər.
Açılış nitqlərinin ardınca Mərkəzi Seçki Komissiyası və Ali Məhkəmə təmsilçilərinin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında araşdırılması prinsipləri və xüsusiyyətləri”, “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri” mövzularında təqdimatları dinlənildi. İştirakçılara Seçki Məcəlləsinin müraciət və şikayətlərə dair tələbləri, habelə seçki hüququnun müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi barədə ətraflı məlumat verildi və meydana çıxan suallara aydınlıq gətirildi.
Ali Məhkəmənin hakimləri, Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin sədrləri və hakimləri, Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, eləcə də, region üzrə dairə seçki komissiyaları sədrlərinin də qatıldıqları birinci seminar-müşavirəyə seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı fikir mübadiləsi və müzakirələrdən sonra yekun vuruldu.
Layihə çərçivəsində seminar-müşavirələrin növbəti mərhələsinin iyulun 23-də Gəncə, Naxçıvan, Şəki və Şirvanda regionlar üzrə müvafiq məhkəmə orqanları və seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməklə reallaşdırılması nəzərdə tutulur.
Qarşıdan gələn Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçicilərin məlumatlandırılması ilə yanaşı, müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi, aşağı seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkarlıqlarının daha da yüksəldilməsi məqsədilə fərqli istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən genişmiqyaslı proqram ardıcıl və sistemli şəkildə reallaşdırılmaqdadır. Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsində mühüm yer tutan maarifləndirmə layihələrinin qanunvericiliklə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərə malik qurumlarla sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilməsi görülən işlərin effektivliyinin artırılmasına əhəmiyyətli töhfə verməklə bərabər, vətəndaşların konstitusion hüquqlarının daha səmərəli təmin olunmasında da önəmli rol oynayır.