Qazaxıstan və Azərbaycan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq etmək niyyətindədir

post-img

Qazaxıstanda bu ölkənin və Azərbaycanın hökumətləri arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Sazişi təsdiq edən qərar layihəsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, sənəd qanun layihələrinin dərc edilməsi və ictimai müzakirələrin aparılması üçün nəzərdə tutulmuş “Açıq hüquqi şəxslər” portalında yerləşdirilib.

Layihəyə əsasən, tərəflər aşağıdakı əməkdaşlıq formaları barədə razılığa gəliblər: 1) səlahiyyətli orqan rəhbərlərinin rəsmi səfərləri və ekspertlərin işçi görüşləri; 2) müdafiə sahəsində aşağıdakı tematik istiqamətlər üzrə hərbi kəşfiyyat məlumatlarının qarşılıqlı mübadiləsi - terrorçu və ekstremist təşkilatlar, qarşılıqlı maraq doğuran hərbi-siyasi hadisələr; 3) dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq, səlahiyyətli orqanların şəxsi heyəti üçün ölkələrin ərazilərində birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi; 4) əməkdaşlığın digər formaları.

Sənəddə bildirilir ki, məxfi məlumatların mübadiləsi, istifadəsi və mühafizəsi onların qarşılıqlı mühafizəsi haqqında ayrıca beynəlxalq müqavilə əsasında həyata keçirilir.

Tərəflər Saziş çərçivəsində əməkdaşlıq zamanı əldə etdikləri məlumatlardan bu məlumatı verən tərəfin zərərinə istifadə etmirlər.

Sənəddə deyilir: “İmzalanmış Saziş çərçivəsində ölkələrin mübadilə edəcəyi məlumat müvafiq məlumatı verən tərəfin yazılı razılığı olmadan açıqlana, verilə və ya üçüncü tərəfə ötürülə bilməz”.

Sazişin qüvvədə olma müddəti 5 ildir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Siyasət